Tərtərdə bacısını öldürüb, bacısı ilə evlənmək istəyən şəxsi isə öldürməyə cəhd edən şəxsin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
30 yaşlı Elmidar Ələsgərovun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.
Elmidar Ələsgərov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qətl hadisəsi fevral ayında Tərtər rayonun Buruc kəndində baş verib.
Məhkəmə araşdırması zamanı qətlin təfərrüatları məlum olub.
Elmidar Ələsgərov qətli namus üstündə törtədiyini iddia edir. O da məlum olub ki, bacısı Elmidardan bağışlanmasını istəsə də buna məhəl qoymayıb.
Törətdiyi əmələ görə peşman olmadığını deyən Elmidar Ələsgərov söyləyib ki, bacısı Aynur əvvəlcə Vüsal adlı şəxslə ailə həyatı qurub.
Onun sözlərinə görə bacısı rəsmi nikahda olduğu müddətdə Rəsul adlı şəxslə tanış olub və onunla arasında münasibət yaranıb.
“Vüsal bundan xəbər tutan kimi bacımdan ayrıldı. Rəsulla münasibəti olan zaman bacım onu bizim evə dəvət edib. O vaxt mən Qubada idim. Bizim evdə bunlar arasında münasibət olanda atam görüb. Rəsul evdən paltarsız qaçıb. Polisə məlumat vermişdik. Bacım izahatında Rəsulu özünün dəvət etdiyini demişdi”- deyə Elmidar ifadəsində göstərib.
Elmidar deyib ki, daha sonra bacısı Rəsulun valideyinlərinin yaşadığı Bərdə rayonu, Lənbəran kəndinə gedib: “Mən Rəsula zəng elədim. Dedim ki, qarşıma çıxsanız, ikinizi də öldürəcəm. O zaman Rəsul Rusiyaya getdi. Bacım onun ailə üzvləri ilə birlikdə yaşayırdı. Rəsul qayıdandan sonra bibisi mənə zəng elədi. Dedi ki, bacım yol kənarında ağlayır. Ona elə bir bacım olmadığını dedim. Sonra o qadına zəng edib öyrəndim ki, Rəsul bacımı döyübmüş, Aynur da getməyə yeri olmadığı üçün yolda dayanıb”.
Hadisə baş verən gündən danışan Elmidar bildirib ki, bacısı evlərinə barışığa gələn zaman onu öldürüb.
Məlum olub ki, Rəsul valideynlərini, qardaşını, bibisini və 7 yaşlı oğlunu götürərək Elmidargilin evinə gəlib. Məqsədləri barışıq edib Aynurla evlənmək olub. Amma Elmidar heç cür bununla barışmayıb. Hətta Elmidarın atası da barışığa razı olduğunu bildirib.
Elmidar məhkəmədə bunları deyib: “Aynurun sənədlərini istədilər ki, nikah etsinlər. Amma mən sənədləri gizlətdim. Onlar evdə çay içəndə mətbəxdə idim. Aynur yanıma gəlib üzr istədi, qarşımda diz çökdü ki, onu bağışlayım. Cibimdən bıçağı çıxarıb Aynurun kürəyindən vurdum. Ölməyəcəyini düşündüm. Buna görə də ürəyindən də vurdum. Axırda da boğazını kəsdim”.
Bununla da ürəyi soyumayan Elmidar səsə gələn Rəsula da bıçaq zərbələri endirib, amma onu öldürməyə macal tapmayıb.
Məhkəmə zərərçəkmiş kimi tanınan Rəsul Paşayev də ifadə verib. O, əvvəlcə Aynurla necə tanış olmasından danışıb:
“Aynurla təxminən 2 il əvvəl Bərdə rayonunda təsadüfən tanış olmuşduq. Aynur əvvəllər Vüsal adlı şəxslə evli olduğunu, boşandığını dedi. Mən də əvvəl evli olmuşdum. Düşündüm ki, Aynur da mənə uyğun biridir. Nömrəsini götürdüm, danışdıq”.
Rəsul Paşayev Aynurgilin evlərinə getdiyini etiraf edib. Sonra isə bildirib ki, bütün bu olanlardan sonra dəfələrlə barışıq üçün cəhdlər edib. Lakin hər dəfəsində Elmidar onları öldürəcəyini deyib.
Hadisə günü yaşananları danışan Elnur qeyd edib: “Aynurun atasına zəng edib barışmaq istədiyimi, Aynurla evlənəcəyimi dedim. O da razılaşdı. Onlara getdikdən bir qədər sonra mətbəxtdən Aynurun səsini eşitdim. Gedəndə gördüm ki, qan içində yerdə uzanıb”.
Qeyd edək ki, Elmidar xüsusi amansızlıqla qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhddə ittiham olunub.Musavat.com