“Founder Club” və “Founder Woman Club”un birgə təşkilatçılığı ilə daun sindromlu uşaqlar üçün xeyriyyə tədbiri təşkil olunub. Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin və ulu öndər Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunan tədbirdə Milli Məclisin deputatları, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Tədbirin moderatoru, tanınmış teleaparıcı Zümrüd Bədəlova bildirib ki, “Founder Club” və “Founder Woman Club” hər zaman ehtiyacı olan insanların qayğısına qalıb və bu günə qədər çoxsaylı xeyriyyə aksiyaları həyata keçirib. Daun sindormlu uşaqlara dəstək məqsədilə baş tutan tədbirin ərsəyə gəlməsində xidmətlərinə görə, “Founder Woman Club”un direktoru, iş adamı İradə Şükürovaya, “Founder Club”un direktoru Ruslan Dəmirova və “Founder Club”un təsisçisi Fidan Qasımbəyliyə təşəkkür edən aparıcı balacaların əl işlərinin satışa və auksiona çıxarılacağını söyləyib.
“Founder Woman Club”un direktoru İradə Şükürova qeyd edib ki, rəhbəri olduğu klub xanım sahibkarlar arasında faydalı və qarşılıqlı əlaqələrin qurulması, kordinasiyalı fəaliyyətin təşkili, korporativ sosial məsuliyyət, həmrəyliyin artırılması istiqamətində fəaliyyət göstərir və qısa müddətdir təsis olunmasına baxmayaraq, bu günə qədər çoxsaylı xeyriyyə aksiyaları təşkil edib. Daun sindromlu uşaqların cəmiyyətə inteqrasiyası, yaradıcı qabiliyyətlərinin nümayişi və onlara dəstək göstərilməsi baxımından tədbirin əhəmiyyətindən danışan İ.Şükürova vurğulayıb ki, rəhbəri olduğu təşkilat bundan sonra da ənənəvi fəaliyyətini davam etdirəcək.
Milli Məclisin deputatları Məşhur Məmmədov, Ceyhun Məmmədov, Razi Nurullayev, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc, xalq artisti Gülüstan Əliyeva, tanınmış bəstəkar Gövhər Həsənzadə, əməkdar artistlər – “SOY production”ın rəhbəri Dilarə Əliyeva, Almaz Ələsgərova, Nuriyyə Hüseynova, əməkdar mədəniyyət işçisi Almaz Sultanzadə, “Milana Hospital”ın təsisçisi, şairə Xuraman Muradova, tanınmış jurnalist Azər Niftiyev, tanınmış oftomoloq Yazgül Abdıyeva, müğənnilər Çilənay Hüseynova, Sevda Kazımova, Elgün Hüseynov mütərəqqi xeyriyyə aksiyasına görə, tədbirin təşkilatçılarına minətdarlıq ediblər.
Tədbirin qeyri-rəsmi hissəsində tanınmış incəsənət ustalarının, populyar müğənnilərin, həmçinin istedadlı balaca ifaçıların çıxışları iştirakçılar tərəfindən coşqu ilə qarşılanıb. Şən klounların çıxışları, hind rəqsi, rəssam uşaqların fleşmobu tədbirə xoş ovqat bəxş edib. Daun sindromlu uşaqlara dəstək məqsədilə onların əli işləri auksiona çıxarılıb və böyük maraqla qarşılanıb. Auksiondan əldə edilən gəlirlər daun sindormlu uşaqların hesabına köçürülüb. Eyni zamanda daun sindromlu uşaqların “Founder Woman Club”un tərəfdaşlığı ilə “Milana Hospital” da ümumi müayinələrdən keçəcəyi və müalicə prosesinə cəlb olunacağı bildirilib.
Sonda uşaqlara hədiyyələr təqdim olunub.