Noyabrın əvvəllərindən etibarən Qazaxıstanda un və un məmulatlarının kəskin bahalaşması müşahidə olunur.
Hakimiyyət bahalaşmanı mövsümü taxıl qıtlığı ilə əlaqələndirib, həmcinin qiymət artımı keyfiyyətli taxılın ixraca yönəldilməsi ilə izah edilib.
Məlumdur ki, Azərbaycanda taxıl istehsal olunsa da, tələbatın böyük bir hissəsi idxal hesabına ödənilir. Qazaxıstan isə Azərbaycana taxıl idxal edən əsas iki ölkədən biridir.
Bu baxımdan, bahalaşmanın ölkəmizə təsirləri gözlənilə – taxıl və çörəyin qiyməti bahalaşa bilərmi?
“Altay” Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı Cebhe.info-ya açıqlamasında bildirib ki, Qazaxıstanda baş verən bahalaşma məhsuldarlığın zəif olması ilə bağlıdır:
“Azərbaycan əsasən buğdanı Qazaxıstan və Rusiyadan idxal edir. Ölkəmizdə istehsal olunan buğda çörək bişirilməsi üçün yararlı hesab olunmur. Qazaxıstan daha yaxın olduğu üçün oradan buğda idxal etmək Azərbaycan üçün daha sərfəlidir. Təbii ki, Qazaxıstanda bahalaşma əhəmiyyətli həddə olarsa, mütləq ölkəmizə təsirini göstərəcək. Doğrudur, hökumət tərəfindən çörəyin qiyməti müəyyən qədər tənzimlənir, bahalaşmanın qarşısı alınır, amma dövlət də bunu müyyən həddə qədər tənzimləyə bilər. Sahibkarlar, çörək zavodları isə alternativ üsullar seçməklə bahalaşmanı təmin edirlər. Yəni, çəkini, keyfiyyəti aşağı salmaqla bunu edirlər. Bu da son nəticədə bahalaşma deməkdir”.
Elçin Bayramlı hesab edir ki, Qazaxıstanda bahalaşma 10 faizədək olarsa, bu Azərbaycana təsir etməyə bilər:
“Oradakı iqlim şəraiti, məhsuldarlığın aşağı olması, qıtlıqla bağlı daha çox bahalaşma yaranarsa, təbii ki, Azərbaycana da təsir edəcək. Nominal qiymətə təsir etməsə belə, çəki azalması ilə təsir edəcək. Çünki çörək istehsalçıları özəl şirkətlərdir. Dövlət onlara nə qədər güzəşt etsə də, baha buğda aldıqları zaman çörəyi əvvəlki qiymətə sata bilməyəcəklər”.
Hokm.az
















