2024-cü il ərzində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) Rəyasət Heyətinə birbaşa vətəndaş və digər qurumlardan (nazirliklər, hüquqi şəxslər və s) ümumilikdə 5083 müraciət daxil olub, vətəndaş və dövlət qurumlarına isə 2132 məktub göndərilib.
Bu barədə Hokm.az-a Kollegiyadan məlumat verilib.
Eyni zamanda Rəyasət Heyətinin qərarları ilə hesabat dövrü ərzində xəstəlikləri ilə əlaqədar olaraq 5 vəkilə Vəkilliyin İnkişafı Fondundan maddi yardım göstərilib, 61 vəkil analıq məzuniyyəti, təhsil və s. digər əsaslarla üzvlük haqqı ödəməkdən azad edilib.
Hesabat ili ərzində Rəyasət Heyətinə 1116 şikayət daxil olub. Bunlardan 185 (17 %) iş üzrə intizam icraatı başlanılıb, 931 (83 %) iş üzrə isə intizam icraatı başlanılmayıb. İntizam icraatı başlanılan işlər üzrə 47 (25%) şikayət və müraciət dövlət orqanlarından, 11 (6 %) qeyri-dövlət təşkilatlarından və 127 (69 %) isə fiziki və hüquqi şəxslərdən daxil olub.
İntizam icraatları üzrə Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən 202 qərar qəbul edilib. Belə ki, 41 (20 %) intizam tənbehi tətbiq edilmədən xəbərdarlıq, 11 (6 %) irad, 34 (17 %) töhmət, 55 (27 %) pozuntu müəyyən olunmadığına, şikayət geri götürüldüyünə görə və s. əsaslarla intizam icraatına xitam vermə, 32 (16 %) qiymət verilməsinin mümkün olmaması, 12 (6 %) vəkillik fəaliyyətinin müəyyən müddətə dayandırılması, 17 (8 %) iş üzrə üzvlükdən xaric olunma ilə əlaqədar məhkəməyə müraciət edilmə ilə bağlı qərar çıxarılıb. Hesabat ili ərzində isə Vəkillərin İntizam Komissiyasının 16 iclası keçirilib, Komissiya tərəfindən 189 intizam icraatına baxılaraq rəy qəbul edilib.
12 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb. 17 vəkilin Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması ilə əlaqədar məhkəməyə müraciət edilib. 41 vəkilə intizam tənbehi tətbiq edilmədən xəbərdarlıq olunub. 11 vəkilə irad tutulub. 34 vəkilə töhmət verilib.