“Bu, vətəndaşı ölümün qucağına atmaqdır…” – COVİD-19 dərmanları tapılmır, apteklərə nəzarət yoxdurbackend

“Bu, vətəndaşı ölümün qucağına atmaqdır…” – COVİD-19 dərmanları tapılmır, apteklərə nəzarət yoxdur

Pandemiyanın tüğyan etdiyi günlərdə virusa yoluxma təhlükəsi ilə yanaşı vətəndaşları başqa bir qayğı da narahat edir. İnsanlar həm də yoluxacaqları təqdirdə müalicə üçün tələb olunan dərmanları tapa biləcəklərinə əmin deyil.

COVID-19-un müalicəsində istifadə olunan bir neçə dərman pereparatı var ki, onları apteklərdə tapmaq şans məsələsidir, digər tərəfdən isə qiymətlər fantastik həddə yaxınlaşıb.

Məsələn, belə dərmanlardan biri olan Arbidol pandemiyadan əvvəl 7-15 manat arası dəyişirdisə, indi bu dərman 100 manat və daha artıq qiymətə satılır. O da ki, kimin bəxtinə düşsə, ya belə deyək, tanışı olsa ala bilir.

Arbidol kimi “Tamiflyu-75”, “Enfluvir-75”, “Moksilok-400”, “Erqoferon” da real dəyərindən dəfələrlə baha qiymətlərlə satılır. Bu isə maddi çətinliyi olan, lakin virusa yoluxub xəstəliyi ağır keçirən şəxsləri göz görə-görə ölümə yollamaq deməkdir.

Bəs, problemi necə həll edək? Apteklərə nəzarət edən bir mexanizm yoxdurmu?

Mövcud problem ətrafında Sfera.az-a danışan Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı dərmanların az tapılmasına səbəb kimi həm də insanların panikaya düşməsini göstərib:

“Apteklərə nəzarət edən qurumlar İqtisadiyyat və Səhiyyə Nazirliyinin tərkibində fəaliyyət göstərir. Onlar vaxtaşırı apteklərə nəzarət edir. Amma indi bütün dünyada vəziyyət belədir. Yəni, Avropanın inkişaf etmiş dövlətlərinin apteklərinə baxsanız, orada da apteklərdə piştaxtaların boşaldığını görərsiniz. Amma Avropadakı insanlardan fərqli olaraq bizdə insanlar daha çox panikaya düşürlər.

Yəni, xəstə olmayan şəxslər də lazım olmadığı halda bir qucaq dərman alır. Koronavirusun müalicəsində istifadə olunan dərmanların çoxunu xaricdən alırıq. Bu dərmanları biz istehsal etməzdiyimiz üçün qıtlığın olması da başadüşüləndir. Amma maksimum dərəcədə apteklərə nəzarət olunmalıdır ki, ajiotaj yaşanmasın”.

Deputat bəzi dərmanların yalnız reseptlə satılmalı olduğunu vurğulayıb:

“Bundan başqa koronavirusun müalicəsində birbaşa istifadə olunan antibiotik və virus əleyhinə dərmanların satışı mütləq şəkildə həkim respetinə əsasən həyata keçirilməlidir. Digər gücləndirici dərmanlar reseptsiz də satıla bilər, lakin bir neçə dərman var ki, onların tükənməməsi və baha satılmaması üçün respetlə satılmalıdır. Çünki indi kim bu dərmanları tapa bilirsə, artıqlaması ilə alır. Elə ailələr var ki, evdə qidadan çox dərman var. Amma həqiqətən bu dərmanlara ehtiyacı olanlar isə əziyyət çəkir. Bu problemin qarşısı alınmalıdır”.

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev pandemiyadan əvvəl 5-6 manata satılan dərmanların indi 50-100 manat arasında dəyişdiyini deyir:

“Təəssüflər olsun ki, insanlar koronavirusun müalicəsində istifadə olunan dərmanları tapa bilmirlər. Tapanda da çətinliklə, baha qiymətə əldə etmək olur. Buna ciddi nəzarət mexanizmi olmalıdır. Söz xatirinə deyilir ki, nəzarət sistemi var və nəzarət edirik. Amma pandemiyadan əvvəl 5-6 manata olan dərmanlar indi 50-100 manat arasında dəyişir.

Adi “Vitamin C” belə apteklərdə tapılmır. Bu dərmanlar həkim resepti ilə satılmalıdır. Amma əlində resepti olanlar da eyni çətinlik qarşısında qalır. Lap doğurdan da çatışmazlıq varsa, qiyməti artırmaq lazımdır? Millətin belə ağır günündə dərmanları gizlədib, qiymətini artırmaq insanlığa sığmayan davranışdır”.

Görünən odur ki, doğurdan da apteklər özbaşına qalıb. “Adı var, özü yox” olan nəzarətedici qurumlar isə “pandemiya dövründə bu kimi problemlər olur” kimi şablon açıqlamalarla baş qatmaqda davam edir…

  •  (1)
  •  (0)