Bu, oruc hesab olunmur – Hacı Şahin ELAN ETDİbackend

Bu, oruc hesab olunmur – Hacı Şahin ELAN ETDİ

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) şöbə müdiri, ilahiyyatçı Hacı Şahin kütləvi iftar süfrələrinə xərclənən pulları pandemiya dövründə yardım aksiyalarına verməyi tövsiyə edib.

Publika.az-a müsahibəsində Ramazanın missiya və fəlsəfəsindən söz açan ilahiyyatçı insanın günahdan heç zaman tam azad olmadığını deyib. O bildirib ki, Ramazan ayı bağışlanmaq və Allah qarşısında səhvlərin etirafı üçün fürsətdir.

– Bir neçə gün sonra müqəddəs Ramazan ayı gəlir. Bilirik ki, Ramazan sosiallaşmağı tələb edən bir aydır. Belə görünür ki, pandemiya bu imkanlarımızı hələ geri qaytarmaq niyyətində deyil. Ümumiyyətlə, koronavirus pandemiyası Ramazan ayının missiya və fəlsəfəsinə mane olurmu?

– Pandemiya dövründə ikinci Ramazan ayını qeyd etməyə hazırlaşırıq. Hazırda karantin rejimi davam edir, odur ki, kütləvi tədbirlərin qeyd olunması və iftar süfrələrinin təşkili imkansızdır. Məhdud sayda olmaqla yaxınlarınızla bir masa ətrafına toplaşıb iftar edə bilərsiniz. Geniş şəkildə iftar mərasimlərinin təşkil olunması isə yoluxmanın artmasına gətirib çıxara bilər.

Eyni zamanda, məscidlərdə kütləvi ayinlər icra olunmayacaq, xütbələr onlayn şəkildə oxunacaq. İnsanlar bu çıxışlara evlərindən internet vasitəsilə qoşula biləcəklər. Ramazan ayı karantin rejiminin şərtlərinə uyğun olaraq keçiriləcək. Kütləvi iftar mərasimlərinə xərclənən vəsaiti xeyriyyə məqsədlərinə verməklə yardım aksiyalarına qoşulmaq olar.

– Məscidlərin açılmasını Ramazan ayında da gözləməyək?

– Məscidlərin açılması məsələsi həmişə gündəmdədir, müzakirə olunur. Qafqaz Müsəlmanları İdarəsi Operativ Qərargaha məktubla müraciət edib. Amma yoluxmanın indiki vəziyyətində məscidlərin kütləvi ibadətlər üçün açılması mümkünsüz görünür. Ola bilər ki, fərdi ibadətlər üçün açılsın.

– Ekspertlərin sözlərinə görə, vaksin vurduran insanlar bir çox imtiyazlar əldə edə bilər. Buraya ölkədən çıxışa icazə məsələsi də daxildir. Bəs bu il zəvvarlar Həcc ziyarətinə gedə biləcəkmi?

– Ola bilsin ki, Səudiyyə Ərəbistanı vaksin olunmuş insanları Həcc ziyarətlərinə buraxsın, müzakirələr davam edir. Qəti qərar yəqin ki, yaxınlarda elan ediləcək. Azərbaycanın Həcc idarəsinin də bununla bağlı hələlik qəti qərarı yoxdur, olarsa, mətbuata açıqlama veriləcək.

– Oruc tutan insanlar peyvənd vurdura bilərmi?

– Bəli, oruc tutan insanlar peyvənd oluna bilər. Bu, orucu pozmur.

– Oruc bizə hansı həqiqətləri dərk etməyə kömək edir?

– Oruc insanlığımızı xatırladır, öz potensialını dəyərləndirmək imkanı verir. Oruc halında insan məqsədlərin maddiyyatdan ibarət olmadığını anlayır. Eyni zamanda özünə yox deməklə iradəsini möhkəmləndirir. Bu vasitə ilə Allaha yaxınlaşır, həm mənəvi, həm də şəxsiyyət olaraq güclənir. Odur ki, oruc sadəcə bədənin ac qalması deyil, insanın özünə, fikirlərinə və hisslərinə hakim olması deməkdir. Bir sözlə, oruc insanı güclü şəxsiyyət kimi formalaşdırır.

– Sadəcə arıqlamaq məqsədi ilə oruc tutan insanlara nə demək istərdiniz?

– Bu, oruc hesab olunmur. Orucun əsas niyyəti Allah rizası üçün özünü tərbiyə etməkdir. Orucun missiyası pəhrizkarlıq deyil, ibadətdir.

– Özünü hansısa əməllərinə görə bağışlaya bilməyən insan Allah qarşısında günahkar sayılırmı? Ramazan ayında bu insanlara nə tövsiyə edərdiniz?

– Ramazan bağışlanma ayıdır, Quran da bizə buyurur ki, heç zaman Allahın mərhəmətindən naümid olmayın. Günah etmək insana xas xüsusiyyətdir, insan günahdan heç zaman tam azad olmur. Əsas olan günahı etiraf etmək, xətanı görməkdir. Ramazan ayı bağışlanmaq və Allah qarşısında günahkarın səhvlərinin etiraf olunması üçün fürsətdir. İnsanın özünü təftiş etməsi yaxşıdır, lakin səhvlərini qabardıb özünə qapanması yanlışdır. Ümidimizi heç zaman itirməməliyik, Allah bağışlayan və mehribandır.

– Pandemiyanın dünyanın əsrlərdir qurulmuş düzənini pozması ilə artıq hamımız barışmışıq. Bəs sizin həyatınızda nələri dəyişdi?

– Pandemiya insanlarda özünütəftiş imkanları yaratdı. Ümumiyyətlə, istənilən sıxıntı insanı özünə qaytarır. Həyatımızda maddiyyat çox qabarmışdı, prioritet istiqamətə çevrilmişdi. Hazırda həyat gerçəklərini yenidən nəzərdən keçirmək fürsəti var. Bu sıxıntılı dövrün ömrü çox olmayacaq. Ümid edirik ki, bir müddətdən sonra pandemiyanı geridə qoyarıq. Önəmli olan istənilən hadisədən dərs almaqdır. Düşünürəm ki, əlimizdə olan nemətləri düzgün qiymətləndirmək və həyat prioritetlərimizi yenidən müəyyən etmək üçün pandemiya bir fürsətdir. İnsanın ictimai münasibətləri məhdudlaşanda istər-istəməz daxili aləminə baş vurur, nəyi səhv və nəyi düz etdiyi haqqında düşüncələrə dalır.

– Bir neçə gün əvvəl Ağdam məscidini ziyarət etmisiniz. Hansı hissləri keçirdiniz?

– Ağdam məscidinin ziyarəti bizim üçün xəyal olan hal idi. Kütləvi və fərdi ibadətlərimizdə torpaqlarımızın azad olunmasını, məscidlərimizin əsirlikdən qurtarılmasını dua edirdik. Bu gün dualarımızın qəbul olunduğunu görmək çox böyük bir şadlıq hissi yaşadır. Qəlbim bu sevinci bizə yaşadan ordumuza və dövlətimizə minnətdarlıq hissi ilə dolub-daşırdı. Əsgər və zabitlərimizi orada görmək qürur yaşadır. Uzun illərdir ki, işğal altında olmuş torpaqlar artıq bizim ixtiyarımızdadır. Məscidi azad görmək sevincli anlar yaşatsa da, Ağdamın vəziyyəti bizi narahat edir. Şəhərin tamamilə məhv edildiyini görmək şübhəsiz ki, insanı ağrıdır. Ağdamda bir türbəni ziyarət edərkən onu ermənilərin tövlə kimi istifadə etdiyini gördük ki, bu da bizdə məyusluq hissi doğurdu. Kədər və sevinc hisslərinin ziddiyyətli birləşməsinin şahidi oldum.

– İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupu ölkələrinin nümayəndələrinin Qarabağa səfəri baş tutdu. Bu səfər nə ilə yadda qaldı?

– Azərbaycanın xarici siyasət prioritet istiqamətlərindən biri də İslam həmrəyliyidir. Çünki bir çox müsəlman ölkələri tarixən eyni taleyi yaşayıblar. İslam dünyasının Azərbaycanın vəziyyətindən yaxından xəbərdar olması çox önəmlidir. Biz dəfələrlə dünya və müsəlman ölkələrinə müraciət edib məscidlərimizin dağıdılması haqqında məlumatlar vermişik, buna reaksiya vermələrini istəmişik. Beynəlxalq təşkilatların nümayəndələrinin real vəziyyəti öz gözləri ilə görməsi, yaxından müşahidə etməsi, təbii ki, bu həqiqətlərin dünyaya çatdırılmasında mühüm rol oynayır.

– İslam dövlətləri arasında həmrəyliyin yaradılmasında Prezident İlham Əliyevin rolunu necə qiymətləndirirsiniz?

– Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, müsəlman ölkələri arasında həmrəylik Azərbaycan üçün çox önəmlidir. Bir neçə il əvvəl “İslam həmrəyliyi ili” elan edilmişdi, bu istiqamətdə beynəlxalq tədbirlər keçirilmişdi. Azərbaycan məzhəblərarası qarşıdurmanın əleyhinə çıxış edir. Azərbaycan məzhəblərarası vəziyyətin möhkəm olduğunu göstərir. Bizdə məzhəb və din zəmnində heç zaman ixtilaf baş verməyib. Bu baxımdan Prezident İlham Əliyevin həm çıxışları, həm də apardığı siyasət bütün dünya müsəlman ölkələri üçün faydalı ola bilər. Azərbaycan hər zaman öz mövqeyində israrlı olub, müsəlman ölkələri vahid mövqedən çıxış etməlidir, bir-birinin dərdinə yanmalı, problemləri ilə maraqlanmalıdır. Ölkə başçısı bu siyasəti ardıcıl olaraq davam etdirir və öz bəhrəsini də verir. Azərbaycanın ərazi bütövlüyü İslam Əməkdaşlıq Təşkilatı tərəfindən dəstəklənir və müxtəlif bəyanatlar verilir. BMT-də də İslam ölkələri bizim mövqeyimizi həmişə dəstəkləyirlər. Azərbaycanın bu istiqamətdə apardığı siyasət çox uğurlu olub.

  •  (0)
  •  (0)