Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın doğum günüdür.
Hokm.az xəbər verir ki, Leyla Əliyeva 3 iyul 1985-ci ildə Moskva şəhərində anadan olub. Bakıda 160 saylı məktəbdə orta təhsil alıb. İsveçrədə və Böyük Britaniyada ali təhsilə yiyələnib. 2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda politologiya fakültəsinin dünya siyasəti ixtisası üzrə magistratura pilləsini bitirib.
Leyla Əliyeva 2007-ci il mayın 10-dan Rusiyada Heydər Əliyev Fondunun Rusiya filialının rəhbəri kimi ictimai fəaliyyət göstərir. O, 2007-ci il dekabrın 19-dan Moskvada nəşr olunan “Bakı” jurnalının təsiscisi və baş redaktorudur. 2010-cu ilədək Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda Azərbaycan Gənclər Klubunun sədri olub.
2008-ci ilin may ayında Mədəniyyətlərarası Dialoqda İslam Konfransı Təşkilatının Gənclər Forumunun Baş Əlaqələndiricisi olub. O, 2009-cu il aprelin 8-də Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri seçilib. Leyla Əliyeva 2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir.
O, 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə “Tərəqqi” medalı ilə təltif olunub. 2015-ci ilin may ayında Leyla Əliyeva aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliyinin artırılması, sağlam ərzaq sistemlərinin yaradılması kimi məqsədlərə nail olunmasında verdiyi töhfəyə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Xoşməramlı səfiri adına layiq görülüb. 20 oktyabr 2015-ci ildə “Puşkin” medalı ilə təltif olunub.
IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində onlarla həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib. Təsis edildiyi gündən Birliyin dəstəyi ilə ölkədə milyonlarla ağac əkilib. Leyla Əliyeva, həmçinin, sosial və ekoloji layihələri özündə birləşdirən “Məktəb bağları” layihəsinin təşəbbüskarıdır. Layihənin birinci aksiyası zamanı Bakı məktəblərindən birinin həyətində Leyla Əliyevanın iştirakı ilə 100 ədəd badam, gavalı və nar ağacı əkilib.
2008-ci il mayın 8-dən start götürmüş “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarıdır. Artıq 13 ildən çoxdur ki, bu təşəbbüs çərçivəsində bütün dünyada – Avropadan Amerikayadək – yeni tarixin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında həqiqətlərin insanlara çatdırılmasına xidmət edən tədbirlər və aksiyalar keçirilir. Kampaniya çərçivəsində Leyla Əliyevanın aktiv fəaliyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin ifşa edilməsinə böyük töhfə verib və işğalçıların əsl simasının üzə çıxmasına imkan yaradıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurası üzvü olan Leyla Əliyeva rəssamlıq, rejissorluq kimi sahələrlə yanaşı, şeirlər də yazır. Leyla Əliyevanın öz babası Heydər Əliyevə həsr etdiyi “Elegiya” şeiri orta məktəblərin 5-ci sinif ədəbiyyat dərsliklərinə salınıb. Bundan başqa, “Əli və Nino” filminin icraçı prodüseri olub, eləcə də, “Bakı, mən səni sevirəm” kinolayihəsinə rəhbərlik edib.
Leyla Əliyeva 3 uşaq anasıdır. Onlar Mikayıl, Əli və Əminədir.