Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında terror-təxribat törətməkdə ittiham olunan Ermənistan vətəndaşları – Astanyan Yeqiş Oqanesoviç, Aramyan Karen Armenoviç, Avakyan Tiqran Manikoviç, Qevorkyan Qriqor Qevorqiyeviç, Manukyan Ovsep Robertoviç, Martirosyan Gevorg Samveloviç, Qevorkyan Robert Ovikoviç, Avetisyan Vaqarşaq Aşotoviç, Akopyan Volodya Qaqikoviç, Sukiasyan Andranik Srapoviç, Manukyan Andranik Tiqranoviç, Saqatelyan Qriqor Seyranoviç, Giraqusyan Eduard Armenoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hokm.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan iclasda məhkəmə istintaqının başlanması barədə qərar qəbul edilib.
Daha sonra dövlət ittihamçısı Vüqar Quliyev ittiham aktını elan edib. İttihama görə, cinayətkar silahlı birləşmələrin üzvləri 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçiblər. Onlar Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutublar. 13 dekabr 2020-ci ildək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar edib, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər. İttihama münasibət bildirən təqsirləndirilən şəxslər bildiriblər ki, onlara ittihamın mahiyyəti aydındır, onlar ittiham üzrə özlərini təqsirli bilməyiblər.
Hakim bildirib ki, əvvəlcə təqsirləndirilən şəxslərin dindirilməsi ilə proses davam edəcək, daha sonra şahidlər dindiriləcək, sonda isə sənədlərin tədqiq mərhələsi keçiriləcək.
Daha sonra Qevorkyan Robert Ovikoviç sərbəst ifadə verib. Bildirib ki, onlara qarşı verilmiş ittihamlarla razı deyil.
O, Qarabağa gəlməsindən danışıb: “Bizi noyabrın 26-da hərbi hissəyə çağırdılar, bizə silahlar verdilər. Noyabrın 27-də biz artıq postlarda idik. Orada biz başa düşdük ki, artıq Laçındayıq. Laçında Rüs sülhməramlılarının gördük. Komandirlərimiz sülhməramlılarla danışdılar. Onların razılığı ilə yolumuzu davam etdirdik. Bir qədər getdikdən sonra maşından düşdük, yolumuzu piyada davam etdik. Yolda erməni əsgərlərini aşağı düşdüyünü gördük. Yuxarıda isə azərbaycanlı və erməni hərbçilərinin arasında sülhməramlılar var idi. Biz orada 14 gün qalmalı idik. Komandirlərimiz bizə Azərbaycan hərbiçilərinə atəş açmamaq barədə göstəriş vermişdi. Hətta Azərbaycan əsgəri belə yaxınlaşsa, onlara atəş açmamağı tapşırmışdılar.
Əmr gəldi ki, dağdan aşağı düşək. Oradan da bizi Ermənistana aparacaqdılar. Aşağı düşəndə komandirlərimiz yox idi. Qarşımıza yaşmanın əsgərləri çıxdı. Həmin əsgərlərin komandiri özünü təqdim etdi, bizə silahları yerə qoyun təslim olun. Onlar bizə dedilər ki, təslim olandan sonra sizi rus sülhməramlılarına təhvil verəcəklər. Bizdə təslim olduq”.
Prokurorluq suallarına cavab verən təqsirləndirilən şəxs bildirib ki, onlar hərbi hissəyə çağırılanda müharibənin bitdiyini biliblər: “Bizi ehtiyat qüvvə kimi cəbhəyə apardılar. Orada olan əsgərləri əvəz etməliydik, əsgərlər dincəlməli idilər. Ümumilikdə 100 nəfər idik, bizi bir avtobusla dağa apardılar”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, müharibənin bitməsi ilə bağlı imzalanan sənədin məzmunundan xəbəri olmayıb: “Biz hesab edirdik ki, sülh müqaviləsi ilə bağlı atəşkəs elan olunub. Biz olduğumuz yer Laçın ərazisi idi. Əvvəllər Laçın ərazisində olmamışam. Dağda olanda komandir Arsen Kazaryan olub. Rütbəsi də mayor idi. Biz onu komandir kimi qəbul etmişik, ona tabe olmuşuq”.
Təqsirləndirilən şəxs deyib ki, sülhməramlıların postundan keçən zaman qeydiyyatlarının aparılması ilə bağlı heç nə bilməyib, sülhməramlılarla komandirləri danışıb.
Qevorkyan Robert Ovikoviç bildirib ki, dəstənin rəhbəri Geverkiyan olub: “Bizə orada dedilər ki, bu ərazilər Ermənistan tərəfdə qalıb, erməni əsgərləri öz mövqeyində qalıblar. Laçın ərazisinin Azərbaycanın olduğunu bilməmişəm”.
Daha sonra təqsirləndirilən şəxs müdafiəçilərin suallarını cavablandırıb. Təqsirləndirilən şəxs bildirib ki, ailə üzvləri ilə danışıb, onlar Laçında olduğu biliblər.
Prokurorun vəsarəti əsasında Qevorkyan Robert Ovikoviçin ibtidai istintaqda verdiyi ifadəsi elan olunub. İstintaqa verdiyi ifadəsində deyib ki, Arsen Kazariyandan əlavə onların Artur adlı rəhbərləri də olub: “Biz iki saata yaxın yol gəldik. Dağa çatanda içində hərbiçilər olan maşınla rastlaşdıq. Bizi Arsen Kazariyan dağa apardı. Kazariyanla birlikdə erməni əsgərlərdən aşağı endilər. Biz dekabrın 13-dək orada qaldıq. Məqsədimiz orada mövqelərimizi qorumaq idi, bizə yaxınlaşan əsgərlərə silahlı müqavimət göstərmək tapşırılıb. Arsen həmin ərazilərin Ermənistana aid olduğunu deyib, bizdə ona inanmışıq. Orada bölgü ilə xidmət aparmışıq. Dekabrın 13-də rəhbərimiz olan Qrac Arsen Kazariyanla danışdı. Bizim dağdan aşağı düşməyimizu Arsen əmr verdi”.
Prosesdə bir saat fasilə elan olunub.
xxx
Azərbaycanda terror-təxribat törətməkdə ittiham olunan Ermənistan vətəndaşları – Astanyan Yeqiş Oqanesoviç, Aramyan Karen Armenoviç, Avakyan Tiqran Manikoviç, Qevorkyan Qriqor Qevorqiyeviç, Manukyan Ovsep Robertoviç, Martirosyan Gevorg Samveloviç, Qevorkyan Robert Ovikoviç, Avetisyan Vaqarşaq Aşotoviç, Akopyan Volodya Qaqikoviç, Sukiasyan Andranik Srapoviç, Manukyan Andranik Tiqranoviç, Saqatelyan Qriqor Seyranoviç, Giraqusyan Eduard Armenoviçin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Hokm.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan iclasda prokuror ittiham aktını elan edir.
Proses Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında keçirilir.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 13 dekabr 2020-ci il tarixində keçirilmiş anti-terror əməliyyatı nəticəsində tərk-silah edilmiş Ermənistan Respublikasının vətəndaşları olan silahlı dəstələrin üzvləri barəsində DTX-nin İstintaq Baş İdarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. İstintaq nəticəsində müəyyən edilib ki, cinayətkar silahlı birləşmələrin üzvləri 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmiş, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.
Dəstə üzvləri Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunublar.
















