Azərbaycanda polisə silahlı müqavimət göstərən narkokuryer saxlanıb.
Hokm.az xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilmiş külli miqdarda narkotik vasitəni 2 nəfərin satmaq məqsədi ilə əldə etdiyi barədə əməliyyat məlumatı daxil olub.
Həmin şəxslərin saxlanılması istiqamətində xüsusi əməliyyat həyata keçirilib. Onlardan biri – əvvəllər narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum edilmiş Vüqar Cəfərov polisin keçirdiyi əməliyyat nəticəsində tutulub. Onun əlindəki bağlamaya baxış zamanı 22 kiloqram marixuana, 4 kiloqram heroin, 6 kiloqram psixotrop maddə və 1600 ədəd həb aşkar edilib.
Narkotik vasitələrin qanunsuz dövriyyəsində Vüqar Cəfərovla əlbir olan Rövşən Qasımov saxlanan zaman polis əməkdaşlarına müqavimət göstərərək idarə etdiyi avtomobillə qaçmağa cəhd göstərsə də, polislər buna imkan verməyib. Həmin şəxs üzərində olan odlu silahla polis əməkdaşlarına atəş açaraq onların həyat və sağlamlığına böyük təhlükə yaradıb. Polislər xidməti silahdan havaya xəbərdarlıq atəşi açaraq Rövşən Qasımovdan könüllü təslim olmasını tələb ediblər. Buna baxmayaraq həmin şəxs müqaviməti davam etdirdiyindən və yenidən qaçmağa cəhd göstərdiyindən o, xidməti silahdan açılan atəş nəticəsində saxlanıb. Rövşən Qasımova ilkin tibbi yardım edilib və o, xəstəxanaya yerləşdirilib.
Ondan 1 ədəd ”Makarov” marakalı tapança, patronlar, patron darağı, 500 qram metamfetamin, narkotik vasitələrin satışı zamanı pul dövriyyəsində istifadə olunan plastik kartlar və elektron tərəzi aşkar edilərək götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxslər qaçaqmalçılıq yolu ilə Asiya ölkələrindən gətirilən narkotik vasitələri Azərbaycan ərazisindən tranzit zona kimi istifadə edərək Avropaya daşımağa çalışıblar.
Faktla bağlı cinayət işi başlanıb. Saxlanan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.