Bakıda narkokuryerlik edən beş nəfər saxlanılıb – FOTO/VİDEObackend

Bakıda narkokuryerlik edən beş nəfər saxlanılıb – FOTO/VİDEO

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun müxtəlif ərazilərində narkotik vasitələrin və psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan beş nəfər tutulub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.

Əməliyyat zamanı əvvəlcə paytaxt sakinləri Sadiq Seyfullayev, Namiq Kazımov və Elmiq Kazımov saxlanılıblar. Onların üzərindən satış üçün hazır şəkildə qablaşdırdıqları narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilib.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat zamanı isə narkotik vasitələrin satışı ilə məşğul olan Bakı şəhər sakini Vüqar Qafarov da saxlanılıb. Onun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı ümumi çəkisi 105 qram olan heroin və bir ədəd elektron tərəzi aşkar edilib. Vüqar Qafarov ifadəsində narkotik vasitəni “Instagram” sosial şəbəkəsində tanış olduğu xarici ölkə vətəndaşından onlayn yolla satmaq məqsədi ilə aldığını bildirib.

İdarə əməkdaşlarının həyata keçirdikləri sonuncu əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Nəcəf İsazadə də saxlanılıb. Onun üzərindən 22 qram heroin və metamfetamin aşkar edilib.

Araşdırma zamanı bu şəxslərin sosial şəbəkələrdə tanış olduqları xarici ölkələrdən birinin vətəndaşının təsiri altına düşərək ölkə ərazisində narkokuryerlik etdikləri və həmin şəxsin qaçaqmalçılıq yolu ilə göndərdiyi narkotik vasitələrin paytaxt ərazisində satışını təşkil etdikləri məlum olub.

Qeyd edilən faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar.

  •  (1)
  •  (0)