Bakının Nərimanov rayonunda baş verən səs-küylü qətl hadisəsi ilə bağlı məhkəmə prosesi başa çatıb.
Hokm.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla və quldurluq niyyətilə qəsdən adam öldürməkdə ittiham edilən 1984-cü il təvəllüdlü Elmar Hüseynovun məhkəməsinin yekununda hökm oxunub. Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesin yekununda təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 181.3.2 və 181.3.3-cü ( quldurluq- külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə təqsirli bilinib və 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Qətl hadisəsi 2020-ci ilin sentyabrın 24-də Nərimanov rayonu İbrahimpaşa Dadaşov küçəsindəki çoxmərtəbəli binada baş verib.
1948-ci il təvəllüdlü Tahir Tağıyev yaşadığı evdə qətlə yetirilib. Hadisəni törətməkdə təqsirli bilinən restoran əməkdaşı, kuryer kimi fəaliyyət göstərən Elmar Hüseynov müəyyən olunaraq saxlanılıb.
Qətlə yetirilən Tahir Tağıyev uzun müddət daxili işlər orqanlarında çalışıb. O, paytaxtın Nərimanov və Binəqədi rayon polis idarələrində müxtəlif vəzifələrdə, o cümlədən iki polis bölməsində rəis olub.
Tahir Tağıyev polis polkovniki olub və bir neçə il öncə yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
İstintaq araşdırması zamanı məlum olub ki, Tahir Tağıyev hadisə zamanı evində tək olub. Qətli törədən şəxs evə daxil olaraq, ona kəsici alət olan rezakla boyun nahiyəsindən ağır xəsarət yetirib. Şah damarı kəsilən və çoxlu qan itirən T.Tağıyev hadisə yerində ölüb.
Qətli törədən şəxs bildirib ki, cinayət əməlinə onu Nərgiz adlı biznesmen qadın sövq edib. Belə ki, Nərgiz ona T.Tağıyevin evində 50 min manat və üzəri brilyantlarla bəzədilmiş 30 min dəyəri olan qol saatının olduğunu deyib. Bundan sonra Elmar qətli planlaşdırıb.
O da məlum olub ki, hadisəni törədən şəxs mərhum T.Tağıyevin oğlu Fuadla dost olub. Fuad Tağıyev 2020-ci ildə vəfat edib. Həmçinin Elmar Fuadın qeyri-rəsmi nikah münasibətində olduğu qadınla uzun müddət restoranlarda birgə işləyib. Nərgiz isə həmin qadının rəfiqəsi olub və onun evində kirayədə yaşayıb.
Elmar Hüseynov ifadəsində bildirib ki, mənzilində tək yaşadığını bildiyi T.Tağıyevi izləyərək onun evə daxil olarkən basqın edərək zorla içəri daxil olub və cinayət əməlini törədib. Hadisə gecə saat 22 radələrində baş verib. Bundan sonra o, mənzili axtarsa da qiymətli əşya və ya pul tapa bilməyib. Yalnız mərhumun üzərindəki 5 manatı götürərək pilləkənə çıxıb və binanı tərk edərək uzaqlaşmaq istəyib. Lakin aşağı düşəndə blokun qapısının kilidləndiyini görüb və pəncərədən tullanıb qaçmaqdansa səhərə kimi mərhumun evində qalmağı üstün tutub. O, səhərə kimi qətlə yetirdiyi şəxsin evində gözləyib və hava aydınlaşandan sonra oranı tərk edib.
Hadisədən sonra bir neçə gün gizlənən və hosteldə qalan Elmar daha sonra tanışı olan qadınla 20 Yanvar metrosu yaxınlığında görüşərkən ələ keçib.
Qeyd edək ki, hadisə ilə bağlı Nərgiz adlı qadın da saxlanılsa da, sonradan sərbəxt buraxılıb.
Xatırladaq ki, qətlə yetirilən Tahir Tağıyev Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qardaşı Yunis İldırımzadənin qaynıdır.
Yunis İldırımzadə fəaliyyəti dayandırılan “Amrahbank” ASC-nin İdarə Heyətinin sədri olub.Publika.az