Bakıda evlərdən 113 min manatlıq oğurluq edilib.
Bu barədə Hokm.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Nərimanov rayonunda yerləşən mənzillərdən birindən oğurluq edilib. Zərərçəkən Nərimanov Rayon Polis İdarəsinə müraciət edərək evdən 60 000 manat dəyərində qızıl-zinət əşyalarının və qiyməti 3 000 manat olan xəz dərinin oğurlandığını deyib.
Eyni məzmunlu şikayətlərlə Nərimanov rayonunda yaşayan daha 3 sakinin ərizəsi polis idarəsində qeydiyyata alınıb. Onlar da evlərindən ümumilikdə 50 000 manata yaxın qızıl-zinət əşyalarının və pul vəsaitlərinin oğurlandığını bildiriblər.
Aparılan araşdırmalar, eləcə də hadisə yerlərinə baxış keçirilən zaman oğurluqların eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən əvvəllər də oğurluq cinayətləri etdiyi üçün dəfələrlə məhkum olunmuş Niyaməddin Əliyev saxlanılıb.
Onun Yasamal rayonunda yerləşən evinə baxış zamanı oğurladığı qızılların və digər əşyaların bir qismi gizlin saxlanc yerindən aşkar olunaraq maddi sübut kimi götürülüb. Niyaməddin Əliyev izahatında etdiyi oğurluqları etiraf edib.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan paytaxt sakini Turxan Həsənli saxlanılıb. Onun üzərinə və əlindəki bağlamaya baxış zamanı 2 kiloqrama yaxın yüksək təsiredici xassəyə malik narkotik vasitə olan heroin, metamfetamin, 320 ədəd satışı qadağan edilən psixotrop tərkibli metadon həbi və narkotiklərin satışında istifadə etdiyi elektron tərəzi aşkar olunub.
Araşdırma zamanı Turxan Həsənlinin sosial şəbəkədə tanış olduğu xarici ölkələrdən birində yaşayan narkotacirin şirnikləndirici vədlərinə aldanaraq onun narkokuryerlik təklifi ilə razılaşdığı məlum olub. Turxan Həsənli ifadəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib.
Faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət İşləri başlanılıb. Niyaməddin Əliyev və Turxan Həsənli barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
“Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Nərimanov Rayon Polis İdarəsinə, ərazi polis orqanlarına, habelə DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər”, – məlumatda qeyd edilib.