Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən N.Çələbiyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hokm.az-ın xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, üç il müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin (CM) 70-ci (Şərti məhkum etmə) maddəsinin müddəalarına əsasən, təqsirləndirilən şəxsə təyin edilən azadlıqdan məhrumetmə cəzası şərti məhkum etmə tətbiq edilməklə ona iki il sınaq müddəti müəyyən olunub.
İttiham aktına əsasən, hadisə bu il iyunun 13-ü saat 22:00 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində qeydə alınıb. N.Çələbiyev evdə bacısını əvvəl yumruq və təpiklə döyüb, daha sonra qayçı ilə onun bədən nahiyələrinə bir neçə dəfə qəsdən zərbələr endirib.
Buna səbəb isə bacısının siqaretdən istifadə etməsi, habelə əl çantasından bir neçə ədəd siqaret tapması olub.
Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Daha sonra N.Çələbiyev polis əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində CM-nin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
İstintaq dövründə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.Report