Prezident İlham Əliyev Azərbaycanın İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi Bünyad Səməd oğlu Hüseynovun vəzifələrindən geri çağırılması haqqında sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə, Azərbaycanın İranda fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsinə Əli Fikrət oğlu Əlizadə təyin edilib.
Hokm.az Əli Əlizadənin tərcümeyi-halını təqdim edir.
Əli Əlizadə 1978-ci il iyunun 21-də anadan olub.
1994-1998-ci illərdə Azərbaycan Dillər İnstitutunda tərcüməçi-referent ixtisası üzrə bakalavr pilləsində, 2005-2008-ci illərdə Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistr pilləsində təhsil alıb.
2002-2003-cü illərdə Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı konsulluq şöbəsində protokol məsələləri üzrə referent, eyni zamanda aparıcı məsləhətçi-mühasib əvəzi işləyib.
2003-2005-ci illərdə Naxçıvan Muxtar Respublikası Konsulluq İdarəsində protokol məsələləri üzrə aparıcı məsləhətçi, aparıcı məsləhətçi-mühasib, viza-pasport məsələləri üzrə baş məsləhətçi əvəzi, konsul-hüquq məsələləri üzrə baş məsləhətçi əvəzi kimi çalışıb.
2005-ci ilin mart ayında Naxçıvan Muxtar Respublikası Konsulluq İdarəsində rəis əvəzi olub, aprel ayından isə idarə rəisi vəzifəsində işləyib. 2005-ci ilin dekabrından Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı idarəsinin rəisi olub.
2010-cu il iyulun 6-da İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib, eyni zamanda birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinə yiyələnib.
Buna qədər Əli Əlizadənin diplomatik rütbəsi müşavir olub. 5 aprel 2016-cı ildə həmin vəzifədən geri çağırılaraq 2 may 2016-cı ildə Azərbaycan Respublikasının Pakistandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
16 iyul 2021 tarixində vəzifəsindən geri çağırılıb.
Ə.Əlizadə 2009-cu ildə “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919–2009)” yubiley medalı ilə təltif olunub. 2014-cü ildə isə “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Fəxri əməkdaşı” adına layiq görülüb.
2019-cu ildə Azərbaycan Respublikasının 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Eyni ildə “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)” yubiley medalı ilə təltif edilin.
İngilis, rus, türk dillərini bilir.
Ailəlidir, üç övladı var.