Mingəçevirdə saxta pul dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Hokm.az-a verilən məlumata görə, dekabrın 23-də iki nəfər taksi sürücüsünə və çörək sexinə 20 manatlıq saxta əsginaslar verilib.
Saxta pulları dövriyyəyə buraxmaqda şübhəli bilinən Bərdə rayon sakini Şamil Musayev və onunla qeyri-rəsmi münasibətdə yaşayan Ağdam şəhər sakini İlahə Məmmədova saxlanılıb.
İ.Məmmədovanın Mingəçevir şəhərində kirayədə yaşadığı mənzilə baxış keçirilən zaman oradan printer avadanlığı və ümumilikdə 49 ədəd 50, 20, 5, 1 manatlıq saxta əsginaslar aşkarlanaraq maddi sübut kimi götürülüb.
Araşdırma zamanı məlum olub ki, Ş.Musayev printer vasitəsilə saxta pulları çap etdikdən sonra onları İlahə ilə öz arasında bölüşdürüb. Daha sonra ayrı-ayrılıqda taksi sürücülərinə və mağazalara həmin əsginasları təqdim ediblər.
Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri həyata keçirilir.