Daxili İşlər Nazirliyi (DİN) Şirvan şəhərində Mənzil Kommunal İstismar Sahəsi İdarəsində polisin bıçaqlanması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov “Unikal”a açıqlamasında bildirib ki, qeyd edilən hadisə noyabrın 26-da baş verib:
“Xuliqanlıq hərəkətləri edən Xəqani Əliyev hadisə zamanı polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 221.3 (Xuliqanlıq – Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi açılıb”.
“Şirvan Şəhər Məhkəməsinin qərarı ilə X.Əliyev barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib, cinayət işi üzrə araşdırmalar davam etdirilir”, – deyə o qeyd edib.
______________________
Şirvan şəhərində izahat alan polis əməkdaşı bıçaqlanıb.
Hokm.az “Kriminalqafqaz”a istinadən xəbər verir ki, hadisə şəhərin F.X.Xoyski küçəsində yerləşən məcburi köçkünlər üçün inşa edilmiş qəsəbədəki Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi Etibar Nəcəfovun iş otağında baş verib.
Qəsəbədə istilik sisteminin verilməməsi barədə sakinlər arasında narazı fikirlər yaratması haqda məlumat əsasında 1988-ci il təvəllüdlü Xəqani Əliyev izahatın alınması üçün ora dəvət olunub.
Həmin zaman X.Əliyev Şirvan Şəhər Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis baş leytenantı 1985-ci il təvəllüdlü Emin Budaqovun əlindən bıçaqla vuraraq xəsarət yetirib.
Xəqani Əliyev saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (silahdan istifadə edilməklə xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.