Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhimdar Cəmiyyətinin Əhmədli Tibbi Sanitar hissəsinin həkim terapevtı Ruxsarə Niyazovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hokm.az demokrat.az-a istinadən xəbər verir ki, Ruxsarə Niyazova 2-ci qrup əlillik dərəcəsi vermək adı ilə zərərçəkmişlər Ravilya İsmayılovna, Güzəl Babakişiyeva, Rahilə Tağıyeva, Piran Hüseynov və Polad Fərhadovun pullarını ələ keçirib.
İstintaq orqanı tərəfindən Ruxsarə Niyazovanın barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək), 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək) və 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ruxsarə Niyazova elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
O, qeyd edib ki, 1982-ci ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhimdar Cəmiyyətinin Əhmədli Tibbi Sanitar hissəsinin həkim terapevt kimi işə qəbul olunub:
“1990-cı ildən 1993-cü ilədək həmin tibb sanitar hissəsində terapiya şöbəsinin müdiri vəzifəsində işləmişəm. 1993-cü ildən 2009-cu ilədək baş həkimin müavini vəzifəsində çalışmışam. 2009-cu ildə baş həkimin müavini vəzifəsindən azad olunmuşam və həkim terapevt kimi 2018-ci ilin oktyabr ayınadək həmin tibb sanitar hissəsində işləmişəm”.
Təqsirləndirilən şəxs qeyd edib ki, zərərçəkmiş Güzəl Babakişiyeva onunla qonşuluqda yaşayıb:
“2014-ci ilin may ayında Güzəl işlədiyim poliklinikaya müayinə olunmaqdan ötrü gəlmişdi. Söhbət zamanı Güzələ bildirdim ki, əgər istəsə tanışım var, 2-ci qrup əlillik dərəcəsi düzəldə bilərəm. Aradan bir neçə gün keçmiş Güzəl poliklinikaya gələrək bir sıra sənədləri mənə təqdim etdi. Güzəlin təqdim etdiyi sənədlərə xidməti otağımda baxdım, həmin sənədlərə əsasən onun üçün 2-ci qrup əlillik dərəcəsini 1400 manata düzəldə biləcəyimi dedim. Güzəl mənimlə razılaşdı və 2014-cu ilin may ayının 30-dan başlayaraq 2017-ci ilin mart ayının sonuna qədər 1.400 manatı 3-dəfəyə xidməti otağımda mənə verdi. Sonradan Güzəl pulunu geri tələb etdiyi üçün məcbur olub 800 manatını ona qaytardım, 600 manatını isə qaytara bilməmişəm”.
Ruxsarə Nizayova qeyd edib ki, zərərçəkmiş Ravilya İsmayılovna onunla əvvəllər qonşuluqda yaşayıb:
“2017- ci ilin aprel ayında Ravilya işlədiyim poliklinikaya qızı Elvira üçün büllüten almaqdan ötrü gəlmişdi. Söhbət zamanı Ravilyaya dedim ki, əgər istəsə, tanışım vasitəsi ilə qızı Elvira üçün 2-ci qrup əlillik dərəcəsi düzəldə bilərəm. Bir neçə gün sonra Ravilya işlədiyim poliklinikaya gəldi və xidməti otağımda təqdim etdiyi qızı Elviranın sənədlərini nəzərdən keçirdim. Həmin sənədlərə əsasən Elviraya 2-ci qrup əlillik dərəcəsini 1200 manata düzəldə biləcəyimi dedim. Ravilya mənimlə razılaşdı və 2017-ci ilin may ayının 20-dən etibarən həmin ilin noyabr ayının 15-dək xidməti otağımda mənə 1200 manat verdi”.
Zərərçəkmiş Polad Fərhadovla bağlı ittihamdan danışan təqsirləndirilən şəxs deyib ki, onu uzun müddətdir tanıyır:
“2017-ci ilin may ayında Polad işlədiyim poliklinikaya gəldikdə söhbət əsnasında ona bildirdim ki, əgər istəsə tanışım vasitəsi ilə arvadı üçün 2-ci qrup əlillik dərəcəsi düzəldə bilərəm. Bir neçə gün keçdikdən sonra Polad işlədiyim poliklinikaya gələrək müəyyən sənədləri mənə təqdim etdi. Xidməti otağımda Poladın təqdim etdiyi sənədləri nəzərdən keçirdim və arvadı üçün 2-ci qrup əlillik dərəcəsini 1.800 manata düzəldə biləcəyimi dedim. Polad mənimlə razılaşdı. O, 2017-ci ilin may və dekabr aylarında hissə-hissə mənə xidməti otağımda kənar şəxsin iştirakı olmadan 1800 manat verdi”.
Ruxsarə Niyzaovanın sözlərinə görə, zərərçəkmiş Rahilə Tağıyeva 2018-ci ilin yanvar ayının əvvələrində müayinə olunmasından ötrü onun işlədiyi poliklinikaya gəldikdə təsadüfən onunla tanış olub, münasibəti yaranıb: “Söhbət əsnasında Rahiləyə dedim ki, əgər istəsə, onun təqaüdünün artırılmasında yardımçı ola bilərəm və o, hər ay 170 manat deyil, 300 manatdan artıq təqaüd alar. Bunu etmək üçün Rahilədən 3000 manat pul istədim. Rahilə mənə bu barədə düşündükdən sonra qəti fikrini deyəcəyini bildirdi, sonra getdi. 2018-ci ilin mart ayının 15-də səhər saat 10.00-da Rahilə işlədiyim poliklinikaya gələrək, xidməti otağımda mənə şəxsiyyət vəsiqəsini, təqaüd kartını, həmçinin 3000 manat verdi. Rahiləyə həmçinin əgər tanışları arasında xəstə olan insan olarsa onun üçün əlillik dərəcəsi düzəldə biləcəyimi dedim. Rahilə qardaşı oğlu Piran Hüseynovun xəstə olduğunu dedi, onun üçün əlillik dərəcəsi düzəldilməsində yardımçı olmağımı xahiş etdi. Rahilənin qardaşı oğlu Piran mənimlə iş yerimdə görüşdü. Söhbət edərkən Pirandan əlillik dərəcəsi düzəltmək üçün 2500 manat pul istədim.
Bildirdim ki, əlillik dərəcəsi düzəldikdən sonra o, hər ay 200 manat təqaüd alacaq. Piran razılaşdı. 2018-ci ilin mart ayının 17-si atası Vilayətlə birlikdə yaşadığım Bakı şəhəri, Xudu Məmmədov küçəsi, ev 2944, 8 saylı mənzilə gələrək 2.000 manat, 2018-ci ilin mart ayının 18-də Piran tək yaşadığı evdə mənə 500 manat verdi. Bundan başqa Rahilə qardaşı üçün əllilik dərəcəsi düzəltməkdən ötrü 2018-ci ilin mart ayının 25-də saat təxminən 16.00 radələrində işlədiyim poliklinikada mənə 2.000 manat pul verib”.Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, zərərçəkmiş şəxslərə dəymiş ziyandan hər birinə ayrı-ayrılıqda 200 manat ödəniş edib. Bildirib ki, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməkdən yayınmır. O, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş ziyanın bir qismini ödədiyini, zərərçəkmiş şəxslərlə barışmağa cəhd etdiyini, qadın olduğunu, yaşlı və xəstə olduğunu nəzərə alaraq ona yün gül cəza verilməsini məhkəmədən xahiş edib.
Xətai rayon Məhkəməsinin hökmü ilə Ruxsarə Niyazova 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.
















