22 yaşlı Azərbaycan vətəndaşı bu il 2-11 yanvar tarixlərində xarici ölkəyə turistik səfər edib və oradan döndükdən bir neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib.
“Hokm.az” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və TƏBİB-in birgə yaydığı məlumatda deyilir.
Bildirilir ki, həkim-infeksionist xəstənin simptomlarına görə meymunçiçəyi virusuna yoluxmasından şübhələnib və xəstədən anamnez toplanması nəticəsində onun digər ölkəyə səfəri və səfər zamanı səpkili şəxslə əlaqəsinin olduğunu müəyyən edib. Simptomlarla yanaşı epidemioloji əlaqənin olması laborator müayinə üçün test götürməyə əsas verib və xəstənin səpkilərindən götürülmüş yaxmanın laboratoriyada PZR üsulu ilə müayinəsinin nəticəsi meymunçiçəyi virusuna görə müsbət olub.
Hazırda xəstə hospitalizasiya edilib və xəstəxana şəraitində müalicə alır.
Xəstə ilə təmasda olan ailə üzvlərində heç bir xəstəlik əlaməti olmadığına görə onlar ərazi üzrə xidmət göstərən ambulator tibb müəssisəsi və sanitariya-epidemioloji xidmət əməkdaşları tərəfindən evdə müşahidəyə götürülüb, profilaktik müalicə təyin edilib və dərman preparatları ilə təchiz olunublar.
Xəstə və təmasları üzərində müalicə və müşahidə tədbirləri xəstəliyin inkubasiya dövrü bitənə qədər davam etdiriləcək.