Bu ilin may ayında Şəmkir rayonunda bir qrup şəxsin Şəmkir şəhəri 20 Yanvar küçəsində yerləşən “Rafiq Optik” mağazasına basqın edərək orada satıcı işləyən gənc qızı zorla qaçırması faktı üzrə açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hokm.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində İlham Səmədov, Orxan Yusifov və Zahid Qulamov (şərti ad-soyadlı) barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (adam oğurluğu – qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə açılmış işin araşdırılması zamanı maraqlı faktlar üzə çıxıb.
Məlum olub ki, Aysu Məmmədova (şərti) aptekdə satıcı vəzifəsinə yeni işə başlayıbmış. Həmin aptekin yaxınlığındakı bərbərxanada bərbər işləyən 1993-cü il təvəllüdlü İlham qızı görəndən sonra onu bəyənib və evlənmək qərarına gəlib. Müxtəlif bəhanələrlə bir neçə dəfə aptekə daxil olub xoşladığı qızla söhbət edən İlham onun fikrini öyrənib. Aysunun evlənmək fikrinin olmadığını yəqin edəndən sonra o, sevdiyi qızı zorla qaçırmaq qərarına gəlib. Bu məqsədlə o, yeznəsi Orxan və bərbərxananın yaxınlığındakı telefon mağazasında işləyən Zahidi hazırladığı plana daxil edib. Belə ki, Orxanın öz avtomobili ilə, Zahidin isə qızın qaçırılması zamanı aptekə daxil olaraq İlhama dəstək verməsi barədə razılıq əldə edilib. Plan da əvvəlcədən razılaşdırıldığı kimi həyata keçirilib.
Məhkəmədə zərrəçəkmiş şəxs qismində dindirilən Aysu Məmmədova olayı belə nəql edib: “Anam, qardaşım və bacımla birlikdə Şəmkir şəhərində yaşayıram, atam isə Rusiyada işlədiyi üçün orada yaşayır. Məlum hadisədən təxminən 10 gün əvvəl Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən “Rafik Optika” adlanan tibbi və günəş eynəkləri satılan mağazada stajor satıcı kimi işləməyə başlamışdım. Orada Nigarla (şərti adlı) ikimiz işləyirdik. Hadisəni törədən İlhamı isə daha əvvəl tanımamışam. Təxminən 10-11 may tarixində günorta saatlarında İlham işlədiyim mağazaya gələrək özünə məxsus günəş eynəyini təmir etdirmək istədiyini bildirdi. Bu barədə mağazanın müdirinə məlumat verdim. O isə mağazada olan təmir alətlərini müştəriyə verməyimi və müştərinin özünün təmir etməyini dedi. Çünki tibbi optik mağazada həmin eynəkləri təmir edə bilmirdik. İlham da mağazanın alətləri ilə eynəyini təmir edib və 1 manat pul verərək çıxıb getdi. 17 may 2021-ci il tarixdə saat 09 radələrində Nigar ilə birlikdə iş yerində olan vaxt Nigar yaxınlıqda yerləşən marketə mobil telefonuna kontur yükləmək üçün getmişdi, həmin vaxt İlham mağazaya gələrək mənimlə söhbət etməyə başladı, söhbət zamanı İlham məndən xoşu gəldiyini, anasının bibisinin bizim ailəni tanıdığını və məni izlədiyini, buna görə də mənimlə ailə qurmaq istədiyini dedi. Mən isə İlhama ailə qurmaq fikrimin olmadığını dedim. İlham da məndən hər hansı şəxslə istəkli olub-olmadığını soruşdu, mən də cavabımda istədiyim oğlanın olmadığını dedim. Bundan sonra İlham mağazadan çıxıb getdi və təxminən 5 dəqiqədən sonra Nigar mağazaya gəldi, mən də baş verənlər barədə iş yoldaşıma danışdım. Həmçinin telefonla bacıma və anama zəng edib videokonfrans yaratdıq və İlhamın təklifi barədə danışdıq. Onlar da həmin şəxsi ciddi şəxs kimi qəbul etmədilər”.
İstintaq metariallarından məlum olur ki, elə həmin gün axşam saatlarında İlham sevdiyi qızı qaçırmaq qərarına gəlib. Zərərçəkən şəxs ifadəsində bildirib: “Həmin günü saat 18 radələrində mağazanın bağlayıb evə getmək idtəyirdik. Bu zaman İlham qapıdan içəri daxil olaraq “işdən çıxırsınızmı” sualını verdi, Mən də onun mağazadan nəsə almaq istəyini düşünüb ona mağazadan çıxıb getmək istədiyimizi dedim. İlham isə heç bir söz demədən qolumdan dartaraq çölə tərəf aparmağa çalışdı, tez Nigarın qolundan tutdum ki, İlham məni apara bilməsin. İlhama məni aparmaması üçün yalvarmağa başladım. Həmin vaxt giriş qapısından sonradan adının Zahid olduğunu bildiyim şəxs içəri daxil olaraq Nigarın qolundan tutdu və əllərini məndən buraxmasına məcbur etdi. Nigar məni buraxdıqdan sonra İlham qucağına alaraq məni mağazadan çölə çıxardı və “Vaz 2107” markalı avtomobilin yanına gətirdi və zorla maşına mindirdi. Sonradan adının Orxan olduğunu bildiyim şəxs avtomobili hərəkət etdirdi, avtomobildə olarkən İlham mənə istifadəmdə olan “Samsung Galaxy A70” markalı mobil telefonumu kiməsə zəng edib məlumat verməməyim üçün Orxana verməyimi bildirdi, mən də telefonu verdim. Yol boyu İlham maşından düşə bilməyim deyə əlləri ilə məni qucaqlamışdı. Çox qorxduğumdan donub qalmışdım. Təxminən 10 dəqiqə ərzində Şəmkir şəhərinin içərisində yol qət etdikdən sonra “Morul” adlanan əraziyə gəldik. Yolda İlham kiməsə zəng edərək, ailə qurmaq məqsədilə qız qaçırmasını, qızın buna razı olduğunu, lakin valideynlərinin razı olmadığını dedi. Həmçinin İlham mənə kiməsə zorla qaçırılmağını deməyimimi, əks halda məni heç vaxt buraxmayacağını, əgər kimsə məndən İlhamla ailə qurmağına razı olub-olmamağımı soruşsa, onunla ailə qurmağa razı olmağımı, lakin anamın razı olmadığını deməyimi bildirdi. Mən də İlhamın məni daha da uzaqlara aparacağından qorxaraq onunla razılaşdım”.
Bəlli olub ki, İlham Aysunu Şəmkir şəhəri, Dəllər Cəyir və Dəllər-Daşbulaq kəndlərində müxtəlif ünvanlara apararaq bir müddət gizlənib. O, daha sonra “Mercedes Sprinter” markalı mikroavtobus tutaraq qaçırdığı qızı Bakı şəhər Binə qəsəbəsinə bibisi oğlunun evinə gətirib.
Zərərçəkən qız bildirib ki, onu qaçıran şəxs bibisioğlunun evində qalarkən onunla cinsi əlaqədə olmağı təklif etsə də, bununla razılaşmayıb.
Ekspertiza zərərçəkən qızın cinsi zorakılığa məruz qalmadığını, bakirəliyinin pozulmadığını müəyyən edib.
Bundan az sonra Binədəki evə polislər gəlib və bu barədə Şəmkir polisinə məlumat verilib. Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları Bakıya gələrək onu rayona qaytarıblar.
Gəncə Ağır Cinayətlər Məhkəməsi may ayında həbs edilmiş qrup üzvlərinin şərti cəzaya məhkum edilməsinə qərar verib və onların 3-ü də oktyabrın 1-də azadlığa buraxılıblar.publika.az