Bir neçə gün bundan əvvəl ABŞ -in “Washington post” qəzetində növbəti dəfə ölkəmizə qarşı qərəzli, yalan, iftiralarla dolu məqalə dərc olundu. Noyabrda Bakıda keçiriləcək COP-29 tədbiri ərəfəsində bu cür təxribat xarakterli məqalə Azərbaycanın dünyadakı nüfuzuna zərbə vurmaq niyyəti güdür. Bu qarayaxma kampaniyasının haralardan qaynaqlanması məlumdur. Bunlar xaricdəki Azərbaycana düşmən mövqe tutan qüvvələr, erməni lobbisi və əlbəttə ki, ölkəmizdəki siyasətçi olmayıb siyasətlə məşğul olan siyasi dəllallar, dövlətə və xalqa dönük bir ovuc radikallardır. “Washington post” iddia edir ki, güya Azərbaycanda insan haqları pozulur, insanlar siyasi baxışlarına görə həbs edilir, siyasi partiyaların fəaliyyətinə maneələr törədilir, hakimiyyət müxalifətlə azad rəqabətdən qaçır.
Özünü dünyada qərəzsiz bitərəf adlandıran “Washington post” qəzeti ABŞ-daki Demokrat Partiyasının mənafeyini müdafiə edən bir mətbuat orqanıdır. Qazet dünyada insan hüquq və azadlıqlarını müdafiə edirsə, onda niyə görə Ermənistandan qovulan 100-minlərlə azərbaycanlıların hüquqlarından bəhs etmirdi, Qarabağ və Şərqi Zəngəzurun Ermənistan tərəfindən 30 il işğalına göz yumurdu, 1 milyon azərbaycanlı bu ərazilərdən, öz doğma torpaqlarından qovulanda insan hüquqları yadlarına düşmürdü. “Washington post” ABŞ-in ikiüzlü, riyakar siyasətinin əsl sifətinin aynasıdır. ABŞ dünyada özünü demokratiyanın beşiyi, insan hüquqlarının müdafiəçisi kimi qələmə verir. Əslində isə dünyanın əksər ölkələrində insanlığa qarşı ən qəddar üsullardan istifadə edib. Vyetnamda, İraqda, Əfqanıstanda, ümumiyyətlə Yaxın Şərqdə milyonlarla günahsız insanları gətlə yetirib. İraq və Kubadaki həbsxanalarda məhbuslara amansız işgəncələr veriblər. Nə ABŞ, nə də onun “qərəzsiz qəzeti”nin insan hüquqlarından dəm vurmağa ixtiyarı yoxdur.
Azərbaycan dövləti isə hər zaman, istər ölkə daxilində, istərsə də digər ölkələrdə insan hüquq və azadlqlarına böyük hörmətlə yanaşır. Azərbaycanda insan hüquqları ən yüksək səviyyədə qorunur. Hakimiyyət siyasi partiyaların fəaliyyət göstərmələri üçün onlara hər cür şərait yaradır. Prezident cənab İlham Əliyev hər zaman siyasi dialoqa açıq olduğunu bəyan edib. Ölkə rəhbərliyi mütəmadi olaraq siyasi partiya rəhbərləri ilə görüşlər keçirir. Bu gün Azərbaycanda milli, siyasi həmrəylik, ölkəmizdəki bütün əksər siyasi partiyalar tərəfindən yüksək qiymətləndirilib. Əlbəttə ki, təkcə radikal, dağıdıcı rol oynayanlar istisna olmaqla. Bunların başında AXCP sədri Əli Kərimli dayanır. Azərbaycan hakimiyyəti ölkədəki bütün siyasi partiya liderlərinin işğaldan azad edilən torpaqlarımıza səfərlərini təşkil edən zaman Əli Kərimli bundan imtina etməklə bir daha əsl simasını göstərdi. “Washington post” qazetindəki məqaləni şərh edən Kərimli riyakar olduğunu bir daha sübut etdi. Məqalədəki hər bir qarayaxmaya, iftiraya haqq qazandıran Əli Kərimli Azərbaycandakı qanunsuz hərəkətlərini ört-basdır etmək niyyəti güdür.
Bu adam özünü dünyada ən ağıllı, demokratik “siyasətçi” sayır. COP-29-un Azərbaycanda keçirilməsinə səs verən 200-ə qədər dünya liderlərini demokratik olmamaqda, haqsızlıqda ittiham edir. Əli Kərimli daha uzağa gedərək əvvəlki COP tədbirlərinə ev sahibliyi etmiş ölkələrə qarşı da çıxır. Bu, insanın siyasi savadsızlığından, normal düşüncə sahibi olmamasından xəbər verir. Daha sonra Əli Kərimli çıxışının əvvəlində söylədiyi fikirləri unudub dünya liderləri haqqında müsbət ifadələr işlədir. Güya bir sıra böyük dövlətlər COP 29-un Azərbaycanda keçirilməsinə müsbət baxmırlar.
Azərbaycan xalqı Əli Kərimlinin kim olduğunu yaxşı bilir və onu ciddi siyasətçi kimi qəbul etmir və etməyəcək.
Azərbaycan COP 29-a ev sahibliyi ilə bütün dünyanı heyrətə salacaq. Noyabrda keçiriləcək tədbirdə 60-a qədər təkliflə çıxış edəcək Azərbaycan bəşəriyyətin sağlam gələcəyinə böyük töhfə verən ölkə kimi dünya tarixinə düşəcək.
Kamilə Əliyeva
BDU-nun kafedra müdiri, professor