Azərbaycan təhsilini tənqid edənlərin təklifi varmı? – Müxalifətdən AÇIQLAMALARbackend

Azərbaycan təhsilini tənqid edənlərin təklifi varmı? – Müxalifətdən AÇIQLAMALAR

Azərbaycanın  təhsil siyasəti istər ekspertlər, istər cəmiyyət , istərsə də siyasi dairələrdə ən çox tənqidə məruz qalan sahələrdəndir. Bəs görəsən tənqidçilərin təhsil konsepsiyası varmı, onlar tərəfindən masaya hər hansı təkliflər qoyulubmu?

Bununla bağlı ilk olaraq Azərbaycanın aparıcı hesab edilən müxalifət partiyalarına üz tutduq.

AXCP-nin sədr müavini Seymur Həzi deyir ki, təmsil etdiyi partiyanın təhsil konsepsiyası var və bu konsepsiyada daha çox texniki elmlərin inkişafına yer ayrılıb.

“AXCP-nin proqramında təhsilə dair xüsusi bölmə var. AXCP  humanitar siyasət və sosial yönümlü olduğu üçün pulsuz təhsili əsas meyar kimi hesab edir.

Orta təhsilin standartlarının Avropa standartlarına yaxınlaşması istiqamətində  təkliflərimiz var. Əsasən texniki elmlərin  ayrıca inkişafına yönələn proqramdır.  Düşünürük ki,  ölkənin bütün bölgələrində  texniki elmlər ayrıca yeni təmayüllərlə tədris olunmalıdır.  Təbii ki, humanitar fənlər də kənarda qalmamalıdır. Amma Azərbaycan aqrar ölkə olduğu üçün burada texniki elmlərin inkişafı çox vacibdir”.

ReAl partiyasının icraçı katibi Natiq Cəfərli isə bildirib ki, partiyanın ümumi proqram sənədinin 20 faizə yaxını təhsillə bağlıdır.

” 2013-cü ildə  78 səhifəlik ilk proqram sənədimiz yayılıb. Hazırda partiyamızın saytında da var. Qısa tezislərlə desək, təhsildə əsas prioritetlər akademik araşdırmaların elmi universitetlərə qaytarılması, universitetlərin daha çox elmlə məşğul olması üçün şəraitini artırılmasıdır. Azərbaycan dilində ali təhsil pulsuz, digər dillərdə isə  ödənişli ola bilər. Son zamanlar məktəbəqədər təhsillə bağlı Azərbaycan hökuməti bəzi addımlar atıb. Məktəbəqədər təhsilin səviyyəsi artırılıb. Amma biz bunun daha yüksək səviyyəyə çatdırılmasını təklif edirik. Bütün uşaqlar məcburi olaraq  ən azı bir il məktəbəqədər hazırlıqdan keçməlidirlər”.

Müsavat Partiyasının başqanı Arif Hacılı isə deyir ki, təhsil, səhiyyə və digər sahələr üzrə konsepsiyalar kitab halında dərc edilib.

” Təhsil səhəsi üzrə konsepsiya uzun illər əvvəl, Azərbaycanın təhsil sahəsi üzrə görkəmli alimləri başda professor Rafiq İsmayıl olmaqla ölkənin təhsil sahəsi üzrə aparıcı mütəxəssisləri tərəfindən hazırlanıb və ictimaiyyətə təqdim edilib”.

Orta təhsil sistemində hansı islahatlara ehtiyac var sualımıza isə partiya rəsmiləri belə cavab verib.

AXCP düşünür ki, orta təhsil sistemi yenidən qurulmalıdır.

“Azərbaycanda repetitor təhsili var. Repetitor təhsilinə arayış verən orta məktəb sistemi var. Təbii ki, bəzi liseyləri, təmayüllü məktəbləri nəzərə almırıq. Amma istisnalar qaydaları pozmur. Ümumilikdə Azərbaycanda orta təhsil tənəzzülə uğrayıb”.

AXCP orta təhsil sisteminin səviyyəsinin yüksəldilməsi üçün bu addımları təklif edib.

” İlk növbədə müəllimin həyat səviyyəsi yüksəlməlidir. Həm kadr bazasının hazırlanması, həm də kadrların rifahının yüksəldilməsi istiqamətində addımlar atılmalıdır. Daha sonra isə müvafiq idarəetmə metodlarını tətbiq etmək , fənn biliklərini, müəyyən təmayülləri diqqətə gətirmək lazımdır. Bu velosiped icadı deyil. Dünyada sınanmış müxtəlif modellər var. O modellərdən qarışıq və birgə şəkildə istifadə etmək mümkündür. Son 20 ilin çağırışlarından geridə qalmışıq. Mikrobiologiyanın inkişafı buna misaldır”.

ReAl partiyası isə orta məktəblərdəki idarəetmə formasının dəyişdirilməsi təklifini irəli sürür.

“Məktəblər hüquqi şəxsə çevrilməlidir. Məktəb direktorları pedaqoqdan daha çox menecer olmalıdır, idarəedici olmalıdır. Bu idarəetmə nəticəsində məktəblərin öz bank hesabları, maliyyə hesabatı olmalıdır. Məktəblərə müxtəlif layihələrin həyata keçirilməsi üçün sərbəstlik verilməlidir. Məktəblərdə idarəetmə şurasında  həm valideynlər, həm də  yuxarı sinif şagirdləri təmsil olunmalıdır. Bundan başqa, sponsorların cəlb edilməsi üçün maneələr aradan qaldırılmalıdır. Məktəblərin sırf hüquqi şəxs kimi fəaliyyət göstərməsi üçün imkanlar yaradılmalıdır”.

Müsavat partiyasının başqanı isə bildirib ki, ali və orta təhsil sistemində islahatlar zamanı Türkiyənin və bu sahədə digər aparıcı dövlətlərin təcrübəsi əsas götürülməklə həyata keçirilməlidir.

Bəs partiyaların konsepsiyaları ali təhsil sahəsində hansı islahatların keçirilməsini nəzərdə tutur?

AXCP ali təhsildə “Skandinav modelləri”-nə üstünlük verir.

“Azərbaycanda rifah cəmiyyətinə doğru, yəni idarəetmədə sosial demokratik prinsiplər üstün olmalıdır. Buna görə, təhsil məsələsində də “Skandinav modelləri”-nə üstünlük verilməlidir. Azərbaycanda ali təhsil dövlət büdcəsi ilə olmalıdır. Şərt o deyil ki, ali təhsil təkcə  dövlət universitetləri ödənişsiz həyata keçirməlidir. Bütün universitetlərdə ali təhsil dövlət büdcəsi tərəfindən həyata keçirilməlidir. Dövlət təhsilin keyfiyyət və standartlarına öz sifarişi əsasında nəzarət etməlidir”.

ReAl partiyasının nümayəndəsi deyir ki, universitetlərin bir hissəsi yenidən qurulmalı, bir hissəsi isə Bakıdan digər regionlara köçürülməlidir.

“Bir sıra universitetləri regionlara köçürülməsi regionların iqtisadi inkişafına  və elmi potensialının artırılmasına təsir göstərə bilər. Bir neçə nüfuzlu beynəlxalq universitetlərin Azərbaycanın müxtəlif regionlarında filiallarının açılması üçün dövlət bünövrəsini qurmalı və pulsuz şəkildə xarici universitetlərə təqdim etməlidir. Bu da həm Bakının sıxlıqdan boşalması, həm də regionların universitetlər ətrafında ciddi inkişaf etməsi üçün şərait yarada bilər”.

Partiyalar təhsil konsepsiyaları dövlət orqanları və parlamentin uyğun komissiyasına təqdim edibmi?

AXCP-nin sədr müavini Seymur Həzi bildirir ki, onlar tərəfindən  bir neçə dəfə istər təhsil sahəsində, istər digər sahələrdə proqramlar parlamentə təqdim edilib.

“Hökumət tərəfi isə bu məsləyə qeyri ciddi yanaşıb. Ona görə də AXCP öz təkliflərini zamanla ictimaiyyətə açıqlayır, mediaya çatdırır”.

ReAl partiyası isə avqustun 5-i Milli Məclisdə müzakirə ediləcək büdcə məsələsinə verdikləri təkliflərdən danışıb.

“Bizim təkliflərimiz 7 ildir ki, ictimaiyyətə açıqdır.  Zamanla müxtəlif təkliflərlə çıxış etmişik. Elə təhsil konsepsiyamızda doğan məslələrlə bağlı 2019-cu ildə imzatoplama kampaniyası keçirdik və parlamentə də təqdim etdik. Təqdim edilən 3 təklifimizdən biri ali təhsillə bağlı idi. Təklifdə ali təhsil almaq üçün pulsuz yerlərinin sayının artırılması göstərilirdi. Bunun nəticəsidir ki,2019-2020 təhsil ilində  prezident 12 500 pulsuz təhsil alma sayının 20 000-dən daha çox yerə qaldırılması ilə bağlı  fərman verdi”.

“Hazırda büdcə məsələləri gedir. Avqustun 3-ü parlamentə və ictimaiyyətə açıq şəkildə təkliflər paketi göndərdik. Bizim partiyamızın nümayəndəsi parlamentdə çıxış edərkən bu təklifləri səsləndirəcək. Bu ilin büdcəsində  elmə və təhsilə ayrılan vəsaitin 121 milyon manat azaldılması nəzərdə tutulub. Azaldılmanın səbəbi pandemiya ilə bağlıdır. Təklif edirik ki, əgər bu pul büdcədə varsa, onu azaltmaq doğru yanaşma deyil. Əksinə, 2020-2021-ci illərdə ödənişli təhsil alan tələbələrin ödənişlərinin yarısının dövlət tərəfindən ödənilməsini təklif edirik.  Bu xərc təqribən 75 milyon manat edir. Beləliklə, bu təklif həm  də sosial yönümlü bir addım olacaq. Yerdə qalan  46 milyona yaxın vəsaitin universitetlərdəki labaratoriyalarına, elmi araşdırmalar şəklində tələbə və aspirantlara qrantlar şəklində ayrılmasını təklif edirik. Bu da elmin universitetlərdə daha geniş inkişaf etməsi deməkdir”- deyə partiyanın icra katibi əlavə edib.

Müsavat Partiyasının təhsil konsepsiyası, bu konsepsiyanın həyata keçililməsi üçün zəruri olan qanunlar toplusu o zaman qanunvericilik təşəbbüsü hüququ olan Müsavat deputat qrupu tərəfindən Milli Məclisə təqdim olunub.

Təhsil eksperti Kamran Əsədov partiyaların təklif etdiyi təhsil konsepsiyaları ilə  bağlı bildirib ki, bu istiqamətdə müxtəlif qurumların təklifləri təqdirə layiqdir və zamanla təkliflər işin inkişafına təkan verəcək.

“Bir neçə məqama xüsusi diqqət ayırım. 2010-cu ildən universitetlər özünü maliyyələşdirməyə keçib və dövlət təkcə tələbə təqaüdlərini ödəmir. Eyni zamanda 52 ali təhsil müəsisəsində təhsil alan 60 min tələbənin həm də təhsil haqlarını ödəyir. Yəni bura dövlət sifarişli ixtisaslar üzrə təhsil alanlar və sosial statusuna görə təhsil haqqından azad olunanlar daxildir”.

Ekspert deyir ki, oxuyan tələbə ilə vaxtını boşuna keçirən tələbələrə eyni şərtlər təklif edilməsi doğru yanaşma deyil.

“Bu gün təhsilimizdə standart, prezident təqaüdü, xüsusi təqaüd və adlı təqaüdlər sistemi mövcuddur. Bunlardan başqa bəzi universitetlərin daxili təqaüd proqramaları da var. Yəni universitetə qəbul olma balına uyğun təqaüd, bir də tələbənin universitet həyatındakı fəaliyyətinə görə təqaüdlər də yer alır. Hər bir tələbənin, hətta 100 faiz təhsil alanların belə təqaüd almaq imkanı var.

Amma çalışan, oxuyan tələbə ilə vaxt keçirən tələbəyə bərabər təqaüdün verilməsi ədalətli olmaz. Ona görə də, hər kəsə öz bilitiynə, bacarığına uyğun təqaüd vermək ,qiymətləndirrmək lazımdır”.

“İlk növbədə qeyd edim ki, 2017-2018-ci tədris ilində dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində təhsil alan tələbələrin, sadəcə, 36,3 faizi təqaüd alırdı. 2000-ci ildə bu göstərici 45 faiz olub. 2015-2016-cı tədris ilində isə təqaüd alanlar 37,3 faiz təşkil edib. 2000-2001-ci tədris ilində ali təhsil müəssisələrində təhsil alan tələbələrin sayı 119,7 min, 2015-2016-cı tədris ilində 161,2, 2016-2017-ci tədris ilində isə 163,8 min nəfər təşkil edib. 2018-2019-cu tədris ili üzrə ali məktəblər üçün 45 159 yer ayrılmışdı və onun 13 mini dövlət sifarişli ixtisaslar, 22 mini ödənişli ixtisaslar idi. Hazırda 47 min plan yerinin 21 mini dövlət sifarişlidirsə, 2020-ci ildə dövlət sifarişli yerlərin sayı 25 min olacaq”,-deyə ekspert dövlət sifarişli yerlərinin bu il də sayının artdığını göstərib.

Rəqəmlərdən də göründüyü kimi istər ödənişli əsaslarla, istərsə də pulsuz oxuyanlar eyni ixtisasa qəbul olub, eyni qrupda təhsil alsalar da, hətta qəbul imtahanlarından sonra fərqli ballar uğur əldə etsələr də onlara aid olan tədris proqramında heç bir fərq yoxdur. Misal üçün qəbul imtahanında 600 bal toplayan da, 200 bal toplayan da eyni ixtisasa, qrupa qəbul olub təhsil ala bilər, amma onlar üçün tədrisdə heç bir fərq qoyulmur.

Tələbələrə yalnız dövlət büdcəsindən deyil, həmçinin Təhsil Nazirliyindən və Universitetlərin ödənişli təhsildən aldığı vəsaitlər hesabına yaradılan fonddan adlı (rektor, prorektor, dekan) təqaüdləri verilir.

Əsədov həmçinin tələbələr üçün təklif edilən müxtəlif adlı təqaüdlərdən də bəhs edib.

“Qeyd edim ki, hazırda ölkədə SABAH təqaüdü – 50 manat,”Gələcəyin müəllimi” təqaüdü – 100 manat,Kənd təsərrüfatı tələbə təqaüdü – 100 (yüz)- 200 (iki yüz) manat, AZERCELL tələbə təqaüdü – 200 manat,SOCAR tələbə təqaüdü – 100 manat və 20 universitetdə tanınmış şəxslərin adına adlı təqaüdlər var. Misal üçün Bakı Dövlət 22 ziyalının adına təqaüd verilir, Azərbaycan” Universitetində “Şəhid Fəxrəddin Qurbanlı adına təqaüd” – 500 manat verilir, Odlar Yurdu Universitetində isə 9 adlı təqaüd sistemi mövcuddur”.

Ekspert deyir ki, hazırda ən vacib  təklif tələbələrin yaşayış xərclərini azaltmağa yönələn təkliflərdir.

“Hesab edirəm ki, onların yataqxana təminatı üçün dövlət büdcəsinin investisiya xərclərindən vəsait ayrılmalı və tələbələr üçün Dərnəgül qəsəbəsində və Yasamalda ümumi yaşayış kompleksi tikilməlidir. Həmin ərazidə məskunlaşan məcburi köçkünlər isə yeni yaşayış massivlərinə köçürülsün ideyasıdır. Bu olduqca vacib bir addım olardı. Düşünürəm ki, yataqxana məsələsinin həlli olduqca vacibdir”.anews.az

 

  •  (0)
  •  (1)