Bu gün Azərbaycan milli mətbuatının yaranmasının 145-ci ildönümüdür.
1875-ci il iyulun 22-də görkəmli maarifçi, alim və publisist Həsən bəy Zərdabi “Əkinçi” qəzetini nəşr etdirməklə milli mətbuatın əsasını qoyub.
1877-ci ildə fəaliyyəti dayandırılan qəzetin yalnız 56 sayı işıq üzü görüb.
Azərbaycan Respublikası Prezidentinin 5 iyul 1991-ci il tarixli sərəncamı ilə «Əkinçi» qəzetinin birinci nömrəsinin çapdan çıxdığı gün – 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başlayıb.
Qulu Məhərrəmli: “2000-ci illərdən bəri Azərbaycan mətbuatı sözün əsl mənasında böhran yaşayır”

“2000-ci illərdən bəri Azərbaycan mətbuatı sözün əsl mənasında böhran yaşayır”, – media eksperti, professor Qulu Məhərrəmli Toplum tv-yə açıqlamasında belə deyib.
Onun sözlərinə görə, Azərbaycan mətbuatı dövlət müstəqilliyin ilk illərində inkişaf etsə də, sonralar hərtərəfli və dərin böhran yaşamağa başladı:
“1990-2000-ci illərdə Azərbaycanda müstəqil mətbuat sözün əsl mənasında özünü göstərə bilmişdi. Bu dövrdə müxtəlif partiyalara, oliqarxlara, məmurlara məxsus olanlarla yanaşı, eyni zamanda bir çox müstəqil mətbuat nümunələri meydana çıxmışdı. Söhbət “Aydınlıq”, “525-ci qəzet” “Azadlıq”, “Yeni Müsavat”, “Zerkalo” kimi qəzetlərdən gedir ki, həmin qəzetlər azad sözün inkişafına, ictimai fikrə ciddi dərəcədə təsir göstərə bildilər. Azərbaycanda senzuranın ləğvindən sonra mətbuatda görünməz senzura tətbiq olunmağa başladı. Bu daha çox mətbuata iqtisadi təzyiqlərin artması, redaksiya əməkdaşlarının özlərinin daxilində yaranan senzura ilə bağlıdır. 2000-ci illərdən bəri Azərbaycan mətbuatı sözün əsl mənasında böhran yaşayır. Bu hərtərəfli və dərin böhrandır. Çünki bu dövrdən etibarən azad mətbuata, söz azadlığına ciddi təzyiqlər olunmağa başladı. Artıq son 5-6 ildə ölkədə aparılan yalnış media siyasəti nəticəsində azad mətbuat demək olar ki, tamamilə sıradan çıxarılıb, onun iqtisadi bazası məhv edilib”.
“Bir növ çəkingənlik, iqtisadi bazadan məhrum olma qorxusu meydana çıxır”
Ekspertin qənaətinə görə, dövlət tərəfindən jurnalistlərə maddi yardım edilməsi onların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırsa da, söz azadlığını məhdudlaşdırır: “KİVDF-nin fəaliyyəti haqqında birmənalı fikir söyləmək çətindir. Çünki bir tərəfdən mətbuata maddi yardım göstərilir, mətbuatın iqtisadi imkanları genişlənir, digər tərəfdən isə həmin yardımı alan mətbuat qurumu gerçəyi deməyə çətinlik çəkir, tənqidi materialları, araşdırma materiallarını yayımlaya bilmir. Bir növ çəkingənlik, iqtisadi bazadan məhrum olma qorxusu meydana çıxır”.
Qulu Məhərrəmlinin fikrincə, medianın ən böyük itkilərindən biri ona olan inamın azalmasıdır: “Bu illər ərzində ən böyük itkilərimizdən biri qəzetlərə, mediaya, o cümlədən internet mediasına, saytlara olan inamın sarsılması oldu. Xüsusən KİVDF-dan dəstək alan media qurumları daha çox təbliğat-təşviqat üzərində siyasət qurmağa başladılar ki, bu da jurnalistikanı çox ciddi şəkildə küncə sıxışdırdı”.
Ekspert söyləyir ki, müasir dövrdə internet mediasının meydana çıxması müsbət cəhət kimi göstərilə bilər: “Azərbaycanda yazılı mətbuat 25-30 il bundan əvvəl olduğu kimi cəmiyyət arasında populyar deyil, ictimai rəyə təsir göstərə bilmir. Biz bu gün o mənzərənin şahidiyik ki, qəzet yayımı demək olar, tamamilə məhv edilib, satışı arzu olunan səviyyədə deyil, reklam bazarı məhduddur. Get-gedə sıradan çıxan qəzetləri yeni-yeni saytlar, onlayn media qurumları əvəz etdi. Lakin onlar hələlik cəmiyyətdə söz sahibi deyil, onların hamısı klassik, ənənəvi mətbuatı əvəz edə bilməyib. Bütün bunlar medianın qeyri-peşəkar səviyyəyə gəlib çatdığını göstərir”.
Yadigar Məmmədli: “Mətbuatın yüksək səviyyəli olması üçün onun iqtisadi dayaqları, reklam bazarına çıxış imkanları olmalıdır”

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yadigar Məmmədli Azərbaycanda mətbuatın vəziyyətini təhlil edərkən onun iqtisadi dayaqlarının məhdud olduğunu qeyd edib: “Müstəqillikdən bəri Azərbaycan mətbuatı imkanlar daxilində, şəraitə uyğun səviyyədə inkişaf edə bilib. Təbii ki, bu inkişaf daha sürətli və daha keyfiyyətli ola bilərdi. Mətbuatın dayanıqlı, yüksək səviyyəli olması üçün onun iqtisadi dayaqları, reklam bazarına çıxış imkanları olmalıdır. Bu gün Azərbaycan cəmiyyətində gündəm yaradan, fikir formalaşdıran, ciddi sayılası, peşəkar, yüksək səviyyəli media olmamasının əsas səbəbi odur ki, onun iqtisadi dayaqları, reklam imkanları məhduddur. Nə zaman Azərbaycanda bazar münasibətləri liberallaşarsa, mətbuat da inkişaf edər. Çünki liberal bazar münasibətləri şəraitində reklam imkanı əldə etmək daha asan olur”.
Yadigar Məmmədli Azərbaycan mediasında informasiyanın sürətli və düzgün ötürülməsi sahəsində də problemlər olduğunu qeyd edir.
Jurnalist söyləyir ki, Azərbaycan əhalisi informasiyanı, gündəm xəbərlərini daha çox internet mediası vasitəsilə alır: “İnternet media ən ucqar kəndlərə qədər əlçatımlıdır, amma onun surəti hər yerdə insanları qane eləmir. Pis də deyil, hər halda köməyimizə çatır”.
Yadigar Məmmədlinin fikrincə, mediada həll edilməli olan problemlərdən biri də qeyri-peşəkarlıqdır: “Gərək jurnalistlər peşəkar olsunlar. Lakin bu məsələyə birtərəfli yanaşmaq düzgün olmazdı. Belə ki, jurnalistlərin peşəkarlaşa bilməsi üçün iqtisadi imkanlar yaradılmalıdır. Jurnalist peşəkarlığı stimullaşdırılmalıdır, onlara yaxşı maaş verilməlidir ki, öz şəxsi tələbatlarını ödəyə, yaşayışlarını təmin edə, eyni zamanda özlərini təkmilləşdirə, peşəkarlaşdıra bilsinlər. Yaxşı olardı ki, Azərbaycanda jurnalist olaraq yüksək maaş almaq mümkün olsun”.
Seymur Kazımov: “Azərbaycan jurnalistikası öz çətin və gərgin günlərini yaşayır”

Jurnalist Seymur Kazımovun fikrincə, Azərbaycanda mətbuat azadlığı çox aşağı səviyyədədir: “Təəssüflər olsun ki, bu gün mətbuatımız keyfiyyətli mətbuat deyil. Çünki Azərbaycanda media azadlığı çox aşağı səviyyədədir. Ölkəmizdə təqibə və təzyiqə məruz qalan jurnalistlər var. “Əkinçi” dövründə də, ondan sonrakı illərdə də çətinliklər olub. İndinin də çətinlikləri bunlardır. İstər “Əkinçi”nin zamanında, istər Sovet İttifaqı mövcud olduğu vaxtda, istərsə də müstəqilliyin ilk illərində və ikinci onilliyində Azərbaycan mətbuatı azad olmayıb. Azərbaycanda mətbuat daim təzyiqlərə məruz qalıb, jurnalistlər həbs olunublar. Jurnalist Elmar Hüseynov 2005-ci ildə qətlə yetrilib, qatilləri hələ də tapılmayıb. Bu gün müstəqil mətbuat tam sıradan çıxarılıb. Azərbaycan jurnalistikası öz çətin və gərgin günlərini yaşayır.
Ekspertin söyləyir ki, bir tərəfdən jurnalistlərə ev verməklə, amma digər tərəfdən də mətbuatın azadlığını boğmaqla medianın durumu yaxşılaşmır: “Jurnalistlərin ən azından özlərinə bir-iki otaqlı ev almaq səviyyəsində gəlirləri olmalıdır. Bir tərəfdən inkişaf söhbətləri edirlər, bir tərəfdən də deyirlər ki, jurnalistlərin maddi imkanları çox aşağıdır və biz buna görə onlara ev veririk. Jurnalistin əmtəəsi nədir: informasiya. Jurnalistə informasiya vermək lazımdır. İstər birinci şəxs olsun, istər digər şəxslər. Jurnalist həmin informasiyanı satmalı və pul qazanmalıdır. Dövlət jurnalistlərin vəziyyətini yaxşılaşdırmaq istəyirsə, bu sahədə layihələr icra olunmalıdır, dövlət strukturları jurnalistlərlə işləməlidir. Jurnalistlər topluma açıq olan informasiyalarla təmin edilməlidir. Jurnalistlərin işini çətinləşdirməli deyillər. Bütün bunlar olandan, normal şərait qurulandan sonra jurnalist gedib özünə ev də ala bilər”.
















