Bakıdakı Formula-1 trasının icraçı direktoru Arif Rəhimov Formula-1 Azərbaycan Qran-Prisi və “24 saat Le-Man” sessiyalarının kəsişməsi və milli mərhələnin gələcəyi barədə söhbət açıb.
Hokm.az Azərtac-a istinadən xəbər verir ki, Arif Rəhimov deyib: “Uik-end qrafiki çoxsaylı daxili və xarici amillər, o cümlədən şənbə günü keçirilməsi nəzərdə tutulan əlavə tədbirlər, xüsusən Formula-2 yarışları hesaba alınmaqla tərtib edilir. Bizim həmin qrafiki dəyişmək üçün real imkanımız yoxdur.
Le-Manın ən vacib hissəsi yürüşün başlanğıcı, Formula-1 təsnifatının ən mühüm hissəsi isə yürüşün sonudur. Mənim fikrimcə, tamaşaçılar hər iki hissəyə baxa biləcəklər. Le-Manda start təsnifatın başa çatması ilə eyni vaxta düşsə idi, mənim əhvalım pozulardı, lakin bizdə bu start təsnifatın başlanğıcı ilə eyni vaxta düşür.
Biz yürüşləri gələcəkdə də iyun ayında keçirmək istəyirik. Mərhələ aprel ayında keçəndə trası hazırlamaq çətin olurdu. Biz bu işə qışda başlamalı olurduq, proses isə üç ay davam edir. Üstəlik, bu il aprel ayında hava şəraiti heç də xoşa gələn deyildi – küləkli, soyuq və yağışlı günlər keçirdi. Fikrimcə, risk etməyə dəyməz, axı hər kəs istəyir ki, tribunalar tamaşaçı ilə dolu olsun. Biz yürüşün iyun ayında keçirilməsindən razıyıq və bu tarixi saxlamaq istəyirik”.