“Agromix” mühüm beynəlxalq tədbirin əsas tərəfdaşı oldu – Gülpəri Bayramovabackend

“Agromix” mühüm beynəlxalq tədbirin əsas tərəfdaşı oldu – Gülpəri Bayramova

“Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər regionda, eləcə də biznes mühitində yeni reallıqlar yaradıb”

Bakıda Gənclər və İdman Nazirliyinin dəstəyi, İslam Əməkdaşlığı Gənclər Forumu (ICYF) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumu keçirilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın forum iştirakçılarına ünvanladığı müraciət oxunub. Müraciətdə Türkiyə Prezidentinin azərbaycanlı həmkarı İlham Əliyevə tədbirə dəstəyi üçün minnətdarlığı ifadə olunub.

Tədbirdə Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdən dövlət rəsmiləri, nazirlər, iş adamları, investorlar, startaplar, gənclər təşkilatları, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri investisiya mühiti ilə bağlı nitq söyləyiblər.

“Agromix” şrikəti də tədbirin əsas tərəfdaşları sırasında yer alıb. Şirkətin təsisçisi Gülpəri Bayramova Azsiyaset.com-a müsahibəsində ölkəmizdə yaradılan invesitisiya mühiti, startapçılar üçün ortaya çıxan imkanlar, işğaldan azad edilən torpaqların yenidən qurulması və digər mövzular ətrafında bəhs edib.

– Gülpəri xanım, rəhbəri olduğunuz “Agromix” şrikəti Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumunun əsas tərəfdaşlarından oldu. Tədbirlə bağlı təəssüratlarını eşitmək maraqlı olardı…

– Hesab edirm ki, bu beynəlxalq tədbir son illər Azərbaycanda keçirilən ən önəmli biznes tədbirlərindən biridir. Gənclər və İdman Nazirliyinin dəstəyi, İslam Əməkdaşlığı Gənclər Forumu (ICYF) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə baş tutan forumda rəhbəri olduğum “Agromix” şrikətinin də əsas tərəfdaşlar sırasında yer alması bizi qürurlandırır. Tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın forum iştirakçılarına ünvanladığı müraciət səsləndirildi. Türkiyə prezidenti azərbaycanlı həmkarı İlham Əliyevə tədbirin keçirilməsinə yaratdığı şəraitə görə, öz təşəkkürünü bildirdi. Bu tədbir həm də onunla əlamətdar idi ki, türk dünyasının iki parlaq lideri – Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev bu tədbirə dəstək nümayiş etdirirdilər. Çox maraqlı panellər oldu və müasir biznesin inkişaf istiqamətləri ilə bağlı iştirakçılara zəruri məlumatlar verildi. Bu həm də bir təcrübədir və çox məmnunuq ki, gənc sahibkarlar olaraq müasir biznes trendləri barəsində spikerlər öz həyat yolunu bizimlə bölüşdürlər. Burada haşiyəyə çıxaraq bir məqama da diqqət çəkmək istəyirəm. Məlumdur ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycanda kiçik və orta biznes subyektlərinin hərtərəfli inkişafına dəstək nümayiş etdirir. KOBİA bu tədbirin də əsas təşkilatçılarından biri idi. “Agromix” şirkəti olaraq biz də KOBİA ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstəririk. Hər zaman onların dəstəyini öz üzərimizdə hiss edirik və KOBİA birlikdə bundan sonra daha uğurlu layihələr ərsəyə gətirəcəyimizə şübhə etmirik.

– Dünya miqyasında hökm sürən iqtisadi böhran, beynəlxalq münasibətlər sistemində yaşanan gərginliklər, pandemiyalar, müharibələr hər bir ölkəni öz daxili iqtisadiyyatını daha da inkişaf etdirməyə təşviq edir. Əsas diqqət isə heç şübhəsiz investisiyalara yönəldilib. Ölkəmizin investisiya mühitini necə qiymətləndirirsiniz?

– Xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi Azərbaycan dövlətinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Son dövrlər ölkədəki siyasi sabitlik və iqtisadi inkişaf xarici dövlətlərin Azərbaycan iqtisadiyyatına uzunmüddətli sərmayə qoymaq üçün marağını daha da artırıb. Bu günə qədər investorların hüquq və mənafelərinin qorunması, mülkiyyət toxunulmazlığı, yerli və xarici sahibkarlara münbit iş şəraitinin yaradılması, əldə edilmiş mənfəətdən maneəsiz istifadə olunması ilə bağlı mühüm qanunlar qəbul edilib və hüquqi baza yaradılıb. Azərbaycanda investisiya fəaliyyətini tənzimləyən iki qanun mövcuddur – “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyaların qorunması haqqında” Azərbaycan Respublikasının qanunları. Xarici investorların ölkəmizin ərazisində maneəsiz biznes fəaliyyəti göstərməsi üçün heç bir əngəl yoxdur. Bir çox strateji üstünlüklər var ki, Azəbaycana üz tutan xarici sərmayədarların qarşısında geniş imkanlar açılıb. Regionda adambaşına düşən ən yüksək birbaşa xarici investisiya göstəricisinin Azərbaycana aid olması, Ümumi Daxili Məhsulun (ÜDM) və xarici ticarət dövriyyəsinin dinamik artımı, kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq edilən güzəştlər, ölkəmizin əlverişli coğrafi mövqedə yerləşməsi, Mərkəzi Asiya və Xəzər regionuna birbaşa çıxış, İpək Yolu və Şimal–Cənub koridoru vasitəsilə beynəlxalq ticarət təşəbbüslərində iştirakı və digər mühüm məqamlar bu qəbildəndir. Məhz elə bunun nəticəsidir ki, son dövrlər Azərbaycana həm yerli, həm də xarici investorların marağı artıb və İkinci Qarabağ müharibəsindən sonra əldə etdiyimiz tarixi qələbədən sonra regionda yaranan yeni reallıqlar fonunda qarşıdakı dövrdə bu imkanlar daha da artacaq.

– Hər hansı bir biznes modelini qiymətləndirmək, inkişaf etdirmək və təsdiqləmək üçün icra edilən startap treminindən müasir biznesdə geniş istifadə olunur. Lakin iddialar mövcuddur ki, Azərbaycanda startap bazarı hələ də formalaşmayıb. Bu iddiaları bölüşürsünüzmü?

– Startap layihəsində iştirak edənlər üçün şirkətin yaşı, işçilərin sayı, mənfəət və böyümə, məhsulun yüksək texnoloji xüsusiyyəti, təsisçilərin şirkətə nəzarəti vacib amillərdəndir. Heç şübhəsiz Azərbaycanda startap bazarı yeni formalaşmaqdadır və keçid dövrünü yaşayır. Bu baxımdan Azərbaycanda startaplarla bağlı qanunvericilikdə xüsusi tənzimləmələr çox azdır və bu sahədə münasibətlər, əsasən, nizamnamələrində və fəaliyyət istiqamətlərində göstərilənlərə əsasən nazirliklər, dövlət agentlikləri və orqanları tərəfindən tənzimlənir. Etiraf etmək lazımdır ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondu, “Asan Xidmət”in nəzdində fəaliyyət göstərən “Innoland İnkubasiya və Akselerasiya Mərkəzi”, Azərbaycan İnvestisiya Şirkəti və digər qurumlar startap layihələrinə daha çox dəstək verirlər. Startaplara göstərilən ilk dəstək tədbiri kimi, startaplara dövlət tərəfindən ayrılan qrantlar, kreditlər, subsidiyalar və s. kimi güzəştli maliyyə mexanimlərini göstərə bilərik. Qeyd edək ki, digər kreditlərdən fərqli olaraq bu cür kreditlər startaplara uzun müddətə və aşağı faizlə verilir. Mövcud şəraitdə isə dünyada startaplara ən yaxşı dəstək göstərən ilk beş ölkə Yaponiya, Almaniya, ABŞ, İsveç və Birləşmiş Krallıqdır. Qeyd edim ki, azərbaycanlı startapçıların beynəlxalq bazara çıxış imkanları da mövcuddur və hər hansı məhdudiyyət yoxdur. Lakin bir məqamı da qeyd etmək lazımdır ki, startap layihələri heç də hər zaman müvəffəq olmur. Statisik göstəricilərə istinad etsək görərik ki, hər 100 startapdan 4-ü uğurlu olur. Hesab edirəm ki, çox da uzaq olmayan gələcəkdə Azərbaycanda startap bazarı populyarlıq qazanacaq və ölkə iqtisadiyyatının vacib istiqamətlərindən birinə çevriləcək.

– 44 günlük vətən müharibəsində əldə edilən tarixi Zəfərdən sonra işğaldan azad edilən ərazilərin bərpa olunması qarşıda duran əsas hədəflərdən biridir. Həmin ərazilərdə müxtəlif elektronik və rəqəmsal metodlardan, sensorlardan istifadə olunan “ağıllı kənd” və “ağıllı şəhər” layihələri həyata keçirilir. Bu layihələrin üstünlüyü nədən ibarətdir?

– Məlumdur ki, son illər əhalinin paytaxta axını sürətlənib. Bu öz növbəsində Bakının daha artıq yüklənməsinə, region iqtisadiyyatının isə zəifləməsinə səbəb olur. Digər yandan işğaldan azad edilən torpaqları əvvəlki qaydada bərpa etmək çox uzun müddət zaman və hədsiz maliyyə tələb edir. Bu baxımdan Qarabağın bərpasında müasir inovasiyalardan istifadə edilməsi və buna uyğun yenidən inşası məqsədə müvafiqdir. Bu imkan verəcək ki, illərdir öz doğma yurd-yuvalarından didərgin düşmüş əhali daha tez öz torpaqlarına geri qayıtsınlar. Habelə həmin ərazilərə daha sürətli həyata qayıtsın. “Ağıllı kənd” və “ağıllı şəhər” layihələrinə gəldikdə isə, bu müasir dünyanın ən çox tətbiq etdiyi innovativ layihələrdir. Dünyada bu tipli kəndlərin yaradılmasında ilk məqsədlərdən biri insanların şəhər yerlərinə axının qarşısını almaqdır. Yəni kənd yerlərində insanlara elə şərait yaradılır ki, onların şəhərdəki bütün xidmətlər kənddə də olur. İkinci vacib məqam isə “Ağıllı kənd” insanlara kəndə şəhərə nisbətən daha çox pul qazamnaq imkanları yaradır. “Ağıllı kənd”lərdə yüksək sürətli internet, e-sağlamlıq sistemi, elektron xidmətlər, elektron sinif, biometrik pasportlar verilir. Biznes mühiti üçün geniş imkanlar yaradılır. Bu həm yerli, həm də xarici inestorların həmin ərazilərə sərmayələr qoymasını şərtləndirəcək. Bu isə öz növbəsində dünya miqyasında hökm sürən iqtisadi böhran, beynəlxalq münasibətlər sistemində yaşanan gərginliklər, pandemiyalar, müharibələr və regional konfliktlər şəraitində ölkə iqtisadiyyatını daha da inkişaf etdirməyə zəmin yaradacaq.

  •  (2)
  •  (0)