ABŞ-ın Qarabağ siyasəti İranı parçalamağa yönəlib: Tehran nədən narahatdır…backend

ABŞ-ın Qarabağ siyasəti İranı parçalamağa yönəlib: Tehran nədən narahatdır…

Qarabağın azad edilməsi, Azərbaycanın öz zəfərini elan etməsi fonunda dünyada çox güclər öz mövqelərini dəyişmiş kimi görünürlər. Bu mənada ya xın qonşumuz İranın Azərbaycanla münasibətləri, öz milli maraqlarını qoruyarkən nələri düşünməsi bizə necə təsir edəcək?

Hokm.az xəbər verir ki, bizimyol.info-nun suallarını beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli cavablandırır.

– Əziz bəy, kənardan elə görünür ki, İran tarixi seçim qarışısındadır.

– İran tarixi imtahan qarşısındadır. ABŞ Qarabağda yeni gərginlik başlatmaq və onu İrana sıçratmaq istəyir. Zərif gizli “zərf”lə gəlir, çantadakılar açıqlanmır. Qarabağda məğlub tərəfin təkcə İrəvan olmadığını İranın prosesin gedişində yol verdiyi səhvləri də görə bildik. Çünki, Azərbaycanın zəbt edilmiş torpaqları Qafqazdakı geopolitik reallıqları dəyişdirmiş, həmin ərazilərin istifadəsi qeyri-rəsmi olaraq İranın əlinə keçmiş, sanksiyalar fonunda illeqal olaraq bu ərazilərdən külli miqdarda para qazanılırdı. Yalnlz 2016-ci ildə Xudafərin üzərindəki tikintilərlə bağlı müqavilə İranı müəyyən öhdəliklərə bənd edə bilmişdi. Azərbaycanın qələbəsi, Türkiyənin bölgəyə gəlişi, İranın bütün tarixi həmlələrini və strategiyasını darmadağın etdi. İllərlə bəslədiyi ikinci əl – Ermənistanla qardaşlıq, şiə kartı, sərhəd qonşuluğu çökdü.

– ABŞ-dan son günlər İrana qarşı artan təhdidlər barədə nə düşünürsünüz?

– İndi İranın tək problemi bölgədə Azərbaycan, onun təbii müttəfiqi Türkiyə və Rusiyanın qalib olması deyil, problem bununla bitmir. Okeanın o tayından gələn xəbərlər ürəkaçan deyil, sanki Ceyms Oldriç “Diplomat”ını oturub, yenidən yazmaqdadır və Tehran istisna etmir ki, ABŞ Güney Azərbaycanı stimullaşdırır, parçalanma ssenariləri işləyir və ən dəhşətlisi odur ki, Güney üçün Arazadan şimala boylananda qalib Azərbaycan obrazını görmək mümkündür. Zərif Bakı- Moskva- İrəvan (Məşhur Bakı – Tehran – Moskva triadası kimi) arasında səfərlər körpüsünə addım atmağa hazırlaşır. Ayrıca Süleymaninin ölümündən keçən bir il ərzində onun qisasını almaq vədi vermiş Tehranın addımları çox dalğın təsiri bağışlayır. Körfəzdə: ABŞ himayəsi ilə Səudiyyə, BƏƏ və İsrail və İran tərəfdarı kimi tanınan Qətərin də bu qrupa can atması, ardınca ABŞ hərbi gəmilərinin, aviasiyanın İranı hədəfə alması. Ona görə Zərif Qafqaza gəlməyə məcbur qalır ki, şimaldan beli möhkəm olsun, zatən Arazdan cənubdakılar bir himə bənddir.

– Amma burda iki ölkənin rolu da yenidən dəyişməlidir, elə deyilmi?

– Bəli. Əməliyyatlar dövründə bitərəf qalmaqla Güneydəki soydaşlarımızın səbrini qoruyan İran sonrakı mərhələdə artıq durmadan irəliləyən Azərbaycanla dil tapmalı və yeni şərtlərlə anlaşmalıdır. Bu cəhdi isə Vaşinqtonda dəqiq oxuyurlar: “The National Interest” nəşri bu barədə “Vaşinqtonun Dağlıq Qarabağa dair siyasətinə yenidən baxmalı və vəziyyətə müdaxilə etməlidir” deyə yazır. Nəşr: “Azərbaycanın Dağlıq Qarabağ üzərində nəzarəti möhkəmləndirmək üçün apardığı kampaniyanın İranın şimalında yaşayan böyük Azərbaycan azlığının daxilində müsbət reaksiyaya səbəb olduğu amilindən istifadə edin”. Bu elementdəki pay İran daxilində millətlərarası gərginliyin başlanmasının bir variantı və Tehranın Zaqafqaziya istiqamətində xarici siyasətini daha da məhdudlaşdırma ehtimalı kimi qəbul edilir. Bundan əlavə, bölgədə Rusiya sülhməramlılarının meydana çıxmasından sonra “tarixi Rusiya – İran” birliyindən əbədi məhrum olmaq üçün, eyni zamanda İrana şimal istiqamətindən potensial təhdidlər yaradacaq Türkiyəni bölgəyə təsirini genişləndirməyə “itələmək” təklif olunur. Türkiyə Moskvanın himayəsində yeni bir regional təhlükəsizlik memarlığını göstərir.

– Yeni plan nədir?

– Qərbin planına görə, Qarabağ bölgədə bir gərginlik mənbəyi olaraq qalmalıdır və bu da öz növbəsində yeni qarşıdurmaya səbəb ola bilər. Deməli, İranın diplomatik olaraq Güney Qafqaz istiqamətində fəallaşması Tehranın həqiqətən həddindən artıq narahatlığının sübutudur və geosiyasi arenadakı dəyişikliklərə həssaslığın nümayişidir. Nazir Zərifin Bakı, İrəvan və Moskvadakı diplomatik səhnədə nədən danışacağını yəqin ki, ancaq səfər zamanı öyrənəcəyik. Lakin hər zaman mühafizəkar və sərt reaksiya tərəfdarı olan, eyni zamanda son dərəcə ehtiyatlı olan Tehranın bu cür sərt jestlərinin özü yalnız bir şeyi ifadə edir: İran rəhbərliyi şimal sərhədinin digər tərəfində yaranmış vəziyyətdən nəinki narahatdır, hətta dərin həyəcan keçirir.

  •  (1)
  •  (1)