2021-ci ildə biznes üçün – 21 PR TRENDİbackend

2021-ci ildə biznes üçün – 21 PR TRENDİ

Koronavirus davam etsə də, çarəsi tapılsa da təsirlərinin diqtəsi altında bir il yaşayacağımız dəqiqdi. Dövlət idarəçiliyində, müxtəlif biznes sahələrində bu effekt nəzərə alınaraq 2021-ci il üçün proqnozlar verilir, həmin təxminlərə əsasən ilin planı qurulur. İctimaiyyətlə əlaqələr sahəsində də müəyyən araşdırmalar, təhlillər aparılır. Beynəlxalq təşkilat, şirkət və PR ekspertlərinin rəyləri ilə cari il üçün müəyyən proqnozlar verilib. Həmin təhlillərə əsasən 2021-ci ildə aşağıdakı 21 PR trendinin baş tutacağını təxmin edirəm:

1. Virtuallıq

Onlayn platformaların, sosial medianın təsirinin artması davam edəcək. Əməkdaşlar, partnyorlar və hədəf auditoriyası ilə kommunikasiya internet üzərindən daha çox qurulacaq. Hələ 2020-də “Instagram”da yeni üzvlər 40% artıb. Qurumlar təmsil olunduqları internet resurlarını hədəf auditoriyasına uyğun effektivliyini ölçməli, öz təsir gücləri çox olanlarda fəaliyyətlərini genişləndirməli, həmçinin, gərəkərsə yeni platformalarda təmsil olunmalıdır. Auditoriyanıza daim onlayn olduğunuzu göstərin.

2. Vizualizasiya

Kommunikasiyanın daha çox internet üzərindən qurulacağı üçün burada informativliyin gücünü artırmaq məqsədilə foto, gif, video, infoqrafikalardan bol istifadə olunacaq. Bu təsvirlər əlavə olunmamış materialı auditoriyanıza ötürməyin. Hətta daha ciddi, yazılı informasiyaya daha çox yer ayıran və nisbətən quru, işgüzar platformalar olan “Twitter” və “Linkedin” də özünün “story” tipli yeniliklərlə  vizual imkanlarını artırdı. Video material hazırlayarkən isə onun mümkün qədər qısa olmasına və ilk saniyələrdən diqqət çəkməyə, mətləbə keçməyə çalışın – tamaşaçı videoya baxıb-baxmamaq qərarını ilk 3 saniyəyədək verir.

3. Canlı yayımlar

Qurumların, şirkətlərin əməkdaşlarıyla, partnyorlarıyla, auditoriyasıyla, müştəriləriylə ünsiyyətində video canlı bağlantılar əsas rol oynayacaq. 2020-də başlayan “Zoom” toplantıları bu il daha geniş yayılacaq. Həmçinin, podkast yayımlardan daha çox istifadə olunacaq.

4. Hibrid layihələr

Realda tətbiq olunan layihələrin virtual formatları da düşünülüb eyni zamanda tətbiq olunacaq. Yaxud, eyni anda – həm realda həm virtualda effektiv ola bilən PR layihələr yaradılacaq. İkili formatda kommunikasiya ideyalarınızı bol edin.

5. “Storytelling”

Auditoriyaya ötürülən mesajlar, layihə və kampaniyalar barədə məlumatlar daha çox hekayə dili ilə çatdırılacaq. Araşdırmalar göstərir ki, “storytelling” oxucu/tamaşaçı/dinləyiciyə təsir etmək üçün yeni dövrün ən effektiv metodu hesab olunur. Kommunikasiyanın hekayə nəqli üslubu ilə qurulması auditoriyanın beyninə və ruhuna təsir edərək onu markaya rasional və emosional cəhətdən bağlayır.

6. Reputasiya

Nüfuz hər təşkilat, şirkət, dövlət qurumu üçün hər zaman vacib PR sütunu olub. Lakin real kommunikasiya imkanlarının məhdudlaşdığı, xidmət və məhsulla yerində tanış olmaq, araşdırmaq imkanları azaldığı üçün qurumların qazandığı, güvən, etimad faktorunun çəkisi artacaq. Reputasiyası yüksək olan təşkilat, şirkət və şəxslər hədəf auditoriyasını daha rahat inandıra biləcək. Lakin, reputasiya tez qurulan məhfum olmadığı üçün onun üzərində daha əvvəldən çalışanlar nüfuz və imicin 2021-də meyvəsini yeməyə başlayacaq. Reputasiyası zəif olanlar isə auditoriya və müştəri itirəcək.

7. “Influencer”lər

Bir çox qurumlar isə əlavə reputasiya satın alacaq – cəmiyyətdə, xüsusən internet sferasında nüfuz sahibi olan şəxslərdən öz PR-larında istifadə edəcəklər. İnternet fenomenləri, “influencer”lər, bloggerlər tanıtımda və MPR-da kütləvi istifadə olunacaq. Bu zaman, yaxşı olar ki, qurumlar öz fəaliyyət sahələrinə uyğun “influencer”lərlə əməkdaşlıq etsinlər, eləcə də internet fenomenləri yaxın olduqları, xidmət və məhsullarından realda istifadə etdikləri qurum və şirkətlərin “elçiləri” olmağa razılaşsınlar.

8. Messencer kanalları

“Whatsapp”, “Telegram”, “Signal”, “Facebook Messenger”, “Instagram Direct” kimi messencer kanallarından istifadə halları qat-qat artacaq. Bu cür onlayn rabitə vasitələrinin bot tipli proqramları daha da inkişaf etdiriləcək.

9. Dəyər nümayişi

Faktları göstərməkdən uzaqlaşın və dəyərlərdən danışın. “Suzy Consumer Insights”ın  araşdırmaları göstərir ki, insanların 65% -i məhsul və xidmətləri dəyərlərini bölüşdükləri, özləri ilə eyni sosial problemlərə önəm verən şirkətlərdən seçirlər. Bir marka və ya təşkilatın cəmiyyətdəki insanların həyatını yaxşılaşdırmaq və ətraf mühiti qorumaq üçün aktiv olduğunu görən insanlar, müsbət dəyişikliklərdə iştirak etmək istədikləri üçün ona üstünlük verirlər.

10. KİV-də çıxış etmək

Kütləvi İnformasiya Vasitələrində (KİV) müəssisə, şirkət nümayəndələrinin çıxışları, təqdimatlar, mətbuat konfransları artacaq. PR-çılar, rəhbər şəxslər mikrafon və kamera qarşısında çıxış etməyi öyrənməyə çalışacaq, bu sahədə təlimlərə ehtiyacı da artıracaq.

11. Birbaşa kommunikasiya

KİV-də PR məqsədli yayımlanmaların sayı artacağı üçün bu həm də mediada məlumat çoxluğu və bəzən “informasiya kirliliyi”nə səbəb olacaq. Çoxluqdan fərqlənməyə çalışan qurumlar alternativ kommunikasiya kanalları axtaracaq. Bununla individual ünsiyyət vasitələrindən istifadə də PR trendlərinə daxil olacaq.

12. “Fake” xəbərlə mübarizə

Yalan məlumatlar, dezinformasiya, natamam məlumatlar, qarayaxmalar o qədər çox olacaq ki, PR funksionerləri onlara qarşı mübarizəyə başlayacaq. Müəyyən mübarizə, bir-birinə dəstək məqsədli koalisiyaların yaranması mümkündür. “Fake” xəbərlərlə mübarizə taktikanızı indidən müəyyənləşdirin.

13. Daxili kommunikasiya böhranı

Əksər iş yerlərində əməkdaşlar arası, rəhbər-işçi ünsiyyətində məhdudlaşmaların olması, işçilrə arasında komanda ruhunun aşağı düşməsinə səbəb olacaq. Həmçinin, yeni əməkdaşlarla köhnə əməkdaşların tanışlıq və birgə işləmə vərdişləri formalaşmadığından müəyyən qopuqluqlar yarana bilər. Bu problemləri aradan qaldırmaq üçün daxili kommunikasiya ekspertlərinin üzərinə böyük yük düşəcək. “Teambuilding”ə xidmət edən onlayn proqramlardan, oyunlardan bol istifadə olunacaq.

14. “Sağlamlığa önəm veririk” mesajı

“Ernst & Young” şirkəti tərəfindən aparılmış araşdırmada insanların 56%-inin aldıqları xidmət və məhsulun sağlamlıq baxımından nə qədər təhlükəsiz olduğuna önəm verdiklərini bildirib. Şirkətin bir neçə il əvvəl apardıqları oxşar araşdırmasında bu rəqəm 26% olub. Personalınızın və istehlakçıların sağlamlığının qeydinə qalmaq üçün hansı tədbirlər gördüyünüzü nümayiş etdirin. Şəffaf olun.

15. KSM

2021-ci ildə ətraf mühit və iqlim böhranların artması, ictimaiyyətin pandemiya sonrası narahatlığı ilə birləşərək cəmiyyətdə korporativ sosial məsuliyyət (KSM) ehtiyacları, markalar və PR-çılar üçün isə KSM fəaliyyətləri meydanı yaradıb. Korporativ məsuliyyət getdikcə korporativ kimliklə birləşəcək və PR mütəxəssislərinin kommunikasiya fəaliyyətinə tələblər artdıqca bir çox maraqlı tərəfə – paydaşa çatmaq və onları cəlb etmək imkanlarını artırmalıdır. Bu inkişafda, KSM bir məlumat vasitəsi və dialoqun təminatçısı kimi mühüm rol oynayır. KSM layihələri qurumlar üçün yuxarıda sadalanan bir çox trendləri reallaşdırmaq üçün də səbəb rolunu oynaya bilər.

16. Çox yüksək xidmət.

Müştəri davranışları dəyişəcək, insanlar daha diqqətli xidmət tələb edəcəklər. Pandemiyanın məruz qoyduğu böhrandan çıxmağa çalışan şirkətlər də bu tələbi qarşılayacaq, məhsul və xidmətlərini daha özəl formada təqdim edərək fərqlənməyə çalışacaq. Məsələn, banklar müəyyən xidmtələrini aplikasiyalara daşıya bilər, avtomobil şirkətləri “test drive” etməniz üçün avtomobili qapınızadək gətirə bilər, yaxud müəyyən mağazalar sizi kəndarda qırmızı xalça ilə qarşılaya bilər.

17. Lokalizasiya.

Qlobal brendlərin regionlardakı filalları lokalın tələblərinə, mədəniyyətinə daha çox adaptasiya olacaq. Filiallar fəaliyyət göstərdiyi ölkə vətəndaşı ilə birlikdə sevinib, ona həmdərd olmağa çalışacaq. Bu zaman incə cizgini qoruya bilməyənlər bəzi böhranlarla rastlaşa bilər. Məsələn, ötən il Qarabağ müharibəsi ərəfəsində əvvəlcə Azərbaycanın haqq səsinə səs verdiyi mesajını verməyə çalışıb, daha sonra düşmən ölkənin insanlarının qlobalda qaldırdığı etirazdan sonra geri addım atmalı olması və bununla da azərbaycanlıların bir çoxunun neqativinə tuş gəlməsi kimi.

18. Niş

Şirkətlər öz məhsul və xidmətlərində dar sahə müəyyənləşdirib ona fokuslanacaqlar. Bu cür niş məhsul və ya xidmətin kommunikasiyasında da bir qədər özəl üslubdan, alət və vasitədən istifadə olunacaq. Şirkətin təklif etdiyi məhsul və ya xidmətlər individual özəllikli olmasa belə PR taktikanızda fərqlənməyə çalışın.

19. PR-ın marketinq və HR-la əməkdaşlığı

Şirkətlərin PR strukturları marketinq yönümlü kommunikasiyaya üstünlük verəcək – satışa maksimum dəstək olacaq. Eyni zamanda, daxili kommunikasiya quruculuğunda İnsan Resursları şöbəsi ilə sıx əməkdaşlıq şəklində çalışacaq. Və əlbəttə bütün şöbələr kimi, PR-ın da İnformasiya Texnologiyaları (IT) şöbəsinin dəstəyinə ehtiyacı olacaq.

20. Hökumətdən asılılıq.

Pandemiya ilə mübarizə prosesindəki qərarlar – məhdudiyyətlər, qadağalar hökümətlər tərəfindən verildiyi və demək olar ki, bütün sahələrin fəaliyyəti koronavirus mövzusu ilə bağlı olduğu üçün biznes hətta qeyri kommersiya sektorları hökumətin qərarlarından çox asılı olacaq. Hər yumşalma, sərtləşmə ilə bağlı qərardan sonra müəssisələr öz auditoriyası ilə ünsiyyət, alqı-satqı, xidmət prosesinin necə dəyişilməsi ilə bağlı aydın və dəqiq informasiya ötürməli olacaq. Qərarların dəyişməsi kommunikasiya kanallarının sayına və növünə təsir edəcək.

21. Vətənpərvərlik (Azərbaycana özəl)

Qarabağ müharibəsindən sonra ölkədə vətənpərvər ruh yüksək səviyyədədir. Müharibə başlayan gündən müxtəlif qurumlar, təşkilatlar, şirkətlər, dövlət özü mövzu ilə bağlı bir çox kampaniyalar keçirib. Patriotizm məzmunlu PR kampaniyalar bu il də davam edəcək, Qarabağ ərazisi, şəhid və qazilər mövzusunda daha planlı fəaliyyətlər icra olunacaq.

 Vüqar Baba

www.vugarbaba.info

  •  (0)
  •  (0)