Qıza görə düşən davaya aydınlıq gətirmək üçün toplaşan gənclərdən biri digərini xəncərlə xəsarət yetirib.
“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, hadisə ötən il avqustun 1-də Yasamal rayonunda – metronun “20 Yanvar” stansiyasının qarşısında baş verib. Belə ki, qız üstündə dostu döyülən Rəvan Əhmədov (soyad şərtidir) söhbətə aydınlıq gətirmək məqsədilə “20 yanvar” metro stansiyasının yanında görüş təyin edib. Görüş zamanı qarşı tərəfdən 7-8 nəfər gəlib. Bu zaman Rəvan Əhmədov söhbəti həll etmək üçün gələnlərdən biri olan Pərviz Sultanovla (soyad şərtidir) mübahisə edib və xəncərlə zərbə endirərək ona xəsarət yetirib.
Hadisəyə görə cinayət işi başlanılıb. İşə Bakı Şəhər Ağır cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmədə ifadə verən Rəvan Əhmədov bildirib ki, Pərvizi əvvəllər tanımayıb:
“Asif dostumdur və eşitdim ki, Samirgil qız söhbətinə görə onu döyüb, alçaldıblar. Samiri də tanıdığım üçün Asifin dostu olaraq ona zəng edib bunu niyə etdiyini soruşdum. Daha sonra onlar arasında barışıq etmək üçün vaxt təyin etdik. Danışığa görə, görüşümüz “20 Yanvar” metro stansiyasının yanında olacaqdı. Biz görüşdük. Danışdıq və demək olar ki, barışıq yarandı. Amma bu dəfə mübahisə Samirin yanında gələn dostlarından biri, Pərvizlə mənim aramda düşdü. Buna səbəb isə onun məni yaşda və boyda balaca görüb təhqir etməsi oldu. Mən də yerdə olan uzun, bıçaq formalı dəmiri götürərək ona vurdum. Bundan sonra hadisə yerindən qaçdım. Həmin dəmiri də zibil qutusuna atdım. Bir neçə gün sonra da eşitdim ki, polislər məni axtarır. Hazırda Pərvizlə barışmışıq. Etdiyim cinayətə görə çox peşmanam”.
Hadisə zamanı xəsarət alan Pərviz Sultanov məhkəmədə verdiyi ifadədə deyib ki, onlar söhbət zamanı barışıb, mehribançılıqla ayrılan zaman Rəvan onun boyun hissəsinə zərbə endirib:
“Dostum Samirlə birlikdə metronun yanına gələndə özünü Rəvan kimi təqdim edən adama dedik ki, artıq bu söhbət iki şəxs arasında aydınlaşdırılıb və bağlanıb. Yenidən açmağa ehtiyac yoxdur. Təxminən 4-5 dəqiqəlik söhbətdən sonra əl sıxıb ayrılan zaman boyun hissəmə nəyinsə dəydiyini və qan axdığını gördüm. Rəvanın məni nə ilə vurduğunu görməmişəm”.
Pərviz Sultanovun məhkəmə baxışı zamanı verdiyi ifadələri ilə onun ibtidai istintaqdakı ifadələri arasında ziddiyyətlər olub. Bu səbəbdən onun ibtidai istintaqa verdiyi ifadənin bir qismi məhkəmədə elan olunub. Belə ki, o ifadəsində Rəvanın onu xəncərlə bir neçə zərbələr vurduğunu deyib.
Bakı Şəhər Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəvan Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.