Aprelin 20-si saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində 1985-ci il təvəllüdlü Sevinc Məhərrəmova aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun Mətbuat xidmətindən Hokm.az-a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin oğlu 2007-ci il təvəllüdlü A.C-nın qısqanclıq zəminində anası Sevinc Məhərrəmovaya bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
A.C. şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
***
Bakıda qətl hadisəsi baş verib.
Hokm.az xəbər verir ki, hadisə Neftçilər metrosunun yaxınlığında qeydə alınıb.
Oğulun küçədə anasını qətlə yetirdiyi bildirilir. Daxili İşlər Nazirliyindən (DİN) faktı təsdiqləyiblər.
DİN-dən bildirilib ki, qətl törədən şəxs hadisə yerindən yayınsa da, polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə qatil isti izlərlə tutularaq istintaqa cəlb olunub (apa).