Almaniya “Şimal axını-2” qaz kəmərinin tikintisini dayandırmalıdır, çünki Rusiya beynəlxalq hüququ sistemli şəkildə pozur.
Hokm.az xəbər verir ki, bu haqda Polşanın baş naziri Mateuş Moravetski özünün “Frankfurter Allgemeine Zeitung” qəzetində dərc edilmiş məqaləsində bildirir (sitat lenta.ru-dan). O, qeyd edir ki, müxalifət lideri Aleksey Navalnının zəhərlənməsindən sonra Moskva ilə Avropa arasında konstruktiv dialoq artıq mümkün deyil.
Bununla yanaşı Polşa baş naziri Rusiyanın beynəlxalq arenadakı digər qəbuledilməz addımlarını da sadalayıb, “Dağlıq Qarabağda situasiyanın qızışdırılmasından tutmuş Gürcüstana və Ukraynaya təcavüzə qədər”.
“Rusiyanı uzaqdan barmaqla hədələmək, sonra isə “Qazprom”la birlikdə “Şimal axını-2” layihəsini həyata keçirmək bir araya sığmır”,-Moravetski yazıb. Baş nazirin fikrincə, Polşa hesab edir ki, “Şimal axını-2” layihəsi Avropa İttifaqının energetika siyasətini təhdid edir. Layihə rusiyalı oliqarxlara yeni maliyyə axınları üçün imkan yaradır və Moskvanın Almaniya üzərində təsir imkanlarını artırır.
“Şimal axını-2” qaz kəmərini 2019-cu ilin sonlarında işə salmaq planlaşdırılırdı, lakin işlər ABŞ-ın tətbiq etdiyi sanksiyalara görə ləngiyib. Navalnının zəhərlənməsindən sonra layihənin dayandırılmasına dair çağırışlar da artıb.