Azərbaycan və Türkiyə Prezidentləri Zəngilan Beynəlxalq Hava Limanının açılışını etməklə bir daha beynəlxalq aləmə göstərdilər ki, Zəngəzurun açarı sahiblərindədir.
Zəngilan rayonunun işğaldan azad olunmasının ikinci ildönümü çox əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, oktyabrın 20-də Prezident İlham Əliyevin iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Sevindirici haldır ki, bu açılış mərasimində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. İki qardaş və dost dövlətin prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsdikdən sonra Zəngilan Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib. Daha sonra dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar. Qeyd edək ki, bu, işğaldan azad olunan ərazilərdə bir il ərzində Füzulidəki hava limanından sonra açılışı olan ikinci beynəlxalq statuslu aeroportdur. Üçüncü hava limanı isə hazırda Laçın rayonunun ərazisində inşa olunur.
Oktyabrın 20-də Cəbrayıl şəhərində təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda deyib ki, Zəngilan Hava Limanının açılışı ölkəmizin həyatında çox əlamətdar hadisədir: “Bu gün biz birlikdə Zəngilan Hava Limanının açılışını qeyd etdik. Bir il bundan əvvəl əziz qardaşımın iştirakı ilə Füzuli Hava Limanını bir yerdə açdıq, bu gün Zəngilan Hava Limanını açdıq. Yəni, bu, onu göstərir ki, biz bütün xoş günlərdə bərabərik. Bugünkü gün Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmli bir gündür. Bu gün Zəngilan şəhərinin işğaldan azad olunmasının ikinci ildönümüdür. Düz iki il bundan əvvəl erməni işğalına son qoyuldu. Azərbaycan Ordusu Zəngilan şəhərini azad etdi və məhz belə bir gündə Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyır”.
Zəngilan hava limanının təməli 2021-ci il aprelin ayının 26-da Prezident İlham Əliyev tərəfindən qoyulub. May ayından isə Mina Təmizləmə Agentliyi tərəfindən ərazinin minalardan, partlamamış hərbi sursatlardan təmizlənməsinə başlanılıb. Paralel olaraq təmizlənmiş sahələrdə AZVİRT şirkəti tərəfindən uzunluğu 3 kilometr, eni 60 metr olan uçuş-enmə zolağının torpaq yatağının qazıntısına başlanılıb və sahəsi 60 min kvadratmetr olan və səkkiz hava gəmisi üçün nəzərdə tutulan perronun, uzunluğu 600 metr olan sükan yolunun tikintisinə start verilib. Uçuş-enmə zolağının uzunluğu 3 min metr olan Zəngilan Hava Limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etmək imkanına malik olacaq. Qeyd edək ki, rayonun coğrafi yerləşməsi və burada olan imkanlar Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün əlverişli şərait yaradır. Bundan əlavə, bu hava limanı Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafında böyük rol oynayacaq. Hava limanı saatda 200 sərnişin üçün nəzərdə tutulub və perronda 8 ədəd hava gəmisinin dayanması mümkündür. Terminal daxilində VIP zallar, kafelər, tibb xidməti və ofis otaqları yaradılıb. Avadanlıq və materiallar İtaliya, Almaniya və Türkiyədən gətirilib. Hava limanın uçuş kütləsi 400 tona qədər olan təyyarələri qəbul etmək imkanı var. Müasir beynəlxalq standarta uyğun tikilən Zəngilan Hava limanında yeni avtomatlaşdırılmış “Phoenix” sistemi quraşdırılıb. Bu sistemin tətbiqi uçuşların təhlükəsizliyinin təmin edilməsinə imkan yaradacaq.
Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarından strateji əhəmiyyətə malik avtomobil və dəmir yolları keçəcək. Həmçinin Zəngilanda açılışı olan beynəlxalq hava limanı regionun inkişafında mühüm əhəmiyyəti olacaq. Hava limanın ümumilikdə Qarabağın əhəmiyyətli nəqliyyat qovşağına çevrilməsində önəmli rolu olacaq. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturunu da gücləndirəcək. Azərbaycan və Türkiyə Prezidentləri Zəngilan Beynəlxalq Hava Limanının açılışını etməklə bir daha beynəlxalq aləmə göstərdilər ki, Zəngəzurun açarı sahiblərindədir…
Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent