Təyyarə faciəsindən Rusiya və Azərbaycan arasında münasibətləri pisləşdirmək üçün istifadə cəhdləri uğursuzluğa məhkumdur.
Hokm.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O qeyd edib ki, təyyarə qəzası nəticəsində həm Azərbaycan, həm də bizim vətəndaşlarımız həyatlarını itiriblər.
“Bu faciə həm orada, həm də bizdə dərindən hiss olunur. Amma buna baxmayaraq, bəziləri bunun üzərindən öz maraqlarını güdməyə çalışırlar. Xalqlar, xüsusən də ortaq tarix və regionda ümumi məsuliyyət zonasına sahib ölkələr arasında nifaq salmaq cəhdləri uğursuz olacaq”, – açıqlamada bildirilib.
Qeyd edək ki, 25 dekabr 2024-cü ildə AZAL-a məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.
Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən təyyarənin qəzaya uğraması barədə hesabat yayımlanıb. Hesabatda təyyarənin qəzadan əvvəl kənar müdaxiləyə məruz qaldığı təsdiqlənib. Azərbaycan hökumətindəki rəsmi mənbə “Reuters” agentliyinə bir sıra yeni faktlar açıqlayıb.
Açıqlamada bildirilib ki, Azərbaycan təyyarəsi Rusiyanın “Pantsir-S” raketi ilə vurulub. “Azərbaycan tərəfində təyyarədən çıxarılan və beynəlxalq ekspertiza nəticəsində müəyyən edilmiş “Pantsir-S” raketinin qəlpəsi var”, – mənbə bildirib.
Ancaq Rusiya faktı etiraf etmək və üzr istəmək niyyətində deyil. Moskva öz günahını açıq şəkildə etiraf edib məsuliyyəti üzərinə götürməlidir. Mətbuatda bildirilir ki, hazırda sübut bazası formalaşır, faktlar, dəlillər toplanır və beynəlxalq məhkəməyə müraciət etmək istiqamətində hazırlıq işlər aparılır.