“Sorğulardan bəlli olub ki, daha çox icra hakimləri və bu orqanlarda çalışan digər vəzifəli şəxslərlə bağlı narazılıqlar çoxdur”
“Kimsə özündə əlahiddə bir güc, qədimdən gələn fironluq hissi daşımamalıdır”
Alimpaşa Adil oğlu Məmmədov Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. “Sherg.az”Azərbaycan xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Xatırladaq ki, Alimpaşa Adil oğlu Məmmədov Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Ötən gün yerli media və sosial şəbəkələrdə Alimpaşa Məmmədovun, eləcə də Şəmkir rayon İcra Hakimiyyətinin bir neçə məsul əməkdaşının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təşkil olunan xüsusi əməliyyat nəticəsində saxlanıldığı barədə məlumat yayılıb.
İcra orqanlarındakı həbsləri “Sherg.az”a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin (STM) idarə heyətinin sədri, millət vəkili Zahid Orucun fikrincə, icra başçıları ilə bağlı baş verənlər sadə məsələ deyil:
“Çünki dövlət idarəetmə sistemində ali icra hakimiyyəti orqanlarının üstün hüquqları təsbit olunub. İcra başçılarının yüz minlərlə insanın üzərində qərar vermək səlahiyyətləri var. Bu üzdən onlar vətəndaşların daha çox müraciət etdikləri orqanlardan birinə çevriliblər. Bu səbəbdən icra başçıları daim ümumxalq müzakirəsi altındadırlar. Fəaliyyətləri daim təftiş olunur və olunacaq da. Onların həbslərində bölgələrdən gələn siqnalların, məlumatların rolunu istisna edilmir”.
Z.Oruc vurğulayıb ki, STM fəaliyyəti dövründə ictimaiyyəti narahat edən problemləri və onların xəritəsini müəyyənləşdirməyə çalışır:
“Cəmiyyətdə aparılan sorğular zamanı bəlli olub ki, daha çox icra hakimləri və bu orqanlarda çalışan digər vəzifəli şəxslərlə bağlı narazılıqlar var. Hələ də vətəndaşın qanını zəli kimi soranlarla, haqsız rəqabət, başqasının mal-mülkünü əlindən haqsız yerə almaqla bağlı siqnallar alınır. Kimsə özündə əlahiddə bir güc, qədimdən gələn fironluq hissi daşımamalıdır. Dövlət başçısı da daim vəzifə sahiblərindən bunu tələb edir. Kimsə özünü mühakimədən kənar üstün səlahiyyətlərə malik sayırsa, hamının iradəsinə qarşı gedəcək və vəzifəsini itirəcək”.