Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə dumanlı hava ilə bağlı xəbərdarlıq edib.
Qurumdan Hokm.az-a hazırda bölgələrlə yanaşı, Bakıda və ətraf ərazilərdə dumanlı hava müşahidə olunduğu, xüsusilə gecə və səhər saatlarında temperatur inversiyasının əmələ gətirdiyi duman səbəbindən yollarda görünüş məsafəsi məhdudlaşdığı bildirilib:
“Qatı duman digər hərəkət iştirakçılarının, eləcə də nizamlama vasitələrinin görünməsinə maneə yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmaq, sürət həddini və ara məsafəsini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin sazlığından əmin olmaq, dayanma, durma, həmçinin ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb olunur”.
O da qeyd edilib ki, piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalı, belə havalarda yola çıxarkən məsuliyyət hissini unutmamalıdır.