“Rəhbərlik, baş rejissorlar, direktorlar, aparıcı aktyorlar fikirləşməlidilər ki, artıq teatrlar süquta doğru gedir. Bunun üçün teatrı dirçəltmək lazımdır”.
Hokm.az-ın xəbərinə görə, bunu Xalq artisti Afaq Bəşirqızı teatrların fəaliyyətinin uzun müddətli dayanadırılmasından danışarkən deyib.
Tanınmış aktrisa bildirib ki, teatrların işinin bərpası üçün işlər görülməlidir: “Teatrlar açılmalıdır. Ancaq bununla bağlı bir çox çətinliklər var. Hər halda plan üzərində işləmək lazımdır. Tamaşalar nümayiş olunan zaman insanların məsafəli oturması çox çətindir. Onların ara məsafəsi ilə əyləşdirilməsi aktyorda maraqsızlıq yaradacaq. Şəxsən mən tamaşanın anşlaq olmasını sevirəm, belə öyrəşmişəm.
İndi yay fəslidir. Aktyorun da işləmək ayları var. Hamı istirahətə gedir. Mən bu dəqiqə özüm bağda yaşayıram. Hər gün bəlkə 50 adam qapımı döyüb, evimi kirayə verib-vermədiyimi soruşur. Ona görə də bu mövzu haqqında artıq sentyabrda fikirləşmək lazımdır. Hər halda repertuarlarda olan tamaşaları bir dəfə məşq edib vermək olar. Aktyorlarda bir növ tormuzlanma getdi. Səhnə üçün darıxırlar, onu sevirlər. Aktyor səhnəsiz yaşaya bilmir.
Peşəkar aktyorların fəaliyyətini dondurmaq qeyri-mümkündür. Səhnənin generalları birinci bu barədə fikirləşməlidirlər ki, əsgərlər onların arxasınca gəlsinlər. Rəhbərlik, baş rejissorlar, direktorlar, aparıcı aktyorlar fikirləşməlidilər ki, teatr artıq süquta gedir. Bunun üçün teatrı dirçəltmək lazımdır”.
Aktrisa türkiyəli müğənnilərin Bakıda karantin qaydalarını pozaraq izdihamlı konsert verməsindən də danışıb:
“Azərbaycan televiziyası onları Türkiyə telekanallarından daha çox reklam edir. Onlara baxırlar. Mustafa Cecelinin konsertinə gedib ağız-ağıza dayananlarla teatra gedənlər eyni zövqə malik deyil. Əlbəttə, biz də başa düşürük ki, aktyor səhnədə tərəf müqabilini xəstələndirəcəksə, o tamaşa heç kimə lazım deyil. Koronavirus Allahın bəlasıdır. Yəqin çox günahlarımız olub ki, bunlara cavab verməliyik”.
Qeyd edək ki, Azərbaycanda koronavirus pandemiyası səbəbindən teatrların fəaliyyəti dayandırılıb.Azvision.az