Bu ilin sentyabrnda Abşeron rayonunda bir neçə məktəb direktoru vəzifəsindən uzaqlaşdırılıb və müvəqqəti olaraq direktor müavinlərinə həvalə olunub.
Hokm.az xəbər verir ki, Xırdalan şəhər 10 nömrəli tam orta məktəb də bu “islahat”lar çərçivəsində ibtidai siniflər üzrə direktor müavini Əzizə Abdiyevanın ixtiyarına verilib.
Di gəl ki, bu təyinatdan sonra həmin məktəbdən şikayətlərin ardı-arası kəsilmir. Həm valideynlər, həm də müəllimlər sosial şəbəkə paylaşımlarında məktəbdə müxtəlif adlar altında pul yığımdan gileylənirlər. Belə şikayət paylaşımlarından bir qismini nəzərinizə çatdırırıq.
Amma məktəb direktorundan şikayətlər təkcə yığımı ilə məhdudlaşmır. Məktəb müəllimlərindən bəziləri yeni direktor Əzizə Abdiyevanın savadsızlığından da gileylənirlər. Onları narahat edən əsas məqamlardan biri budur ki, Əzizə Abdiyevanın Müəllimlər İnstitutunun Gəncə filialından olan alı təhsil diplomu saxtadır.
“Yəni direktor əvəzinin əslində ali təhsili yoxdur. İndi sual yaranır ki, məktəbi idarə etməyə ali təhsilli şəxs tapılmadı ki, saxta diplom alan birinə məktəbin idarə edilməsi tapşırılır?”, – deyə müəllimlər soruşurlar.
Onların iddialarına görə, Əzizə Abdiyeva 2003-cü ildə Bakı Sənaye Pedaqoji Texnikumunu bitirib atası Elbəy Abdiyevin direktoru olduğu Abşeron rayonu Məmmədli kənd orta məktəbində ibtidai siniflərdə dərs deyib: “Əzizə müəllim necə oldu ki, həm Gəncədə Müəllimlər İnstitunda “oxudu”, həm də eyni vaxtda Məmmədli məktəbində dəsdə oldu, maaş aldı?
Biz, Xırdalan şəhər 10 nömrəli tam orta məktəbin kollektivi xahiş edirik ki, bu məsələ araşdırılsın, məktəbə müvəqqəti də olsa ali təhsilli, savadlı biri rəhbərlik etsin. Bu biyabırçılığa son qoyulsun”, – məktəbin pedaqoji kollektivi Təhsil Nazirliyindən tələb edirlər.“Yeni Gündəm”