Vətəndaşlar istənilən dövlət tibb müəssisəsinə ixtisaslaşdırılmış ambulator yardım üçün göndərişsiz müraciət edə biləcəklər.
Hokm.az xəbər verir ki, bununla bağlı “Sığortaolunanlara ixtisaslaşdırılmış tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi” Qaydasına dəyişikliklər edilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin müvafiq qərarı ilə edilən dəyişikliyə əsasən, sığortaolunanlar artıq TƏBİB tabeliyində olan istənilən dövlət tibb müəssisəsinə ixtisaslaşdırılmış ambulator yardım üçün (ixtisaslı həkim – kardioloq, uroloq, oftalmoloq, endokrinoloq və s. müayinəsi) göndəriş vərəqəsi olmadan müraciət edə biləcəklər. Bu tibb müəssisələrinə rayon/şəhər mərkəzi xəstəxanaları, müalicə-diaqnostika mərkəzləri, birləşmiş şəhər xəstəxanaları, birləşmiş uşaq xəstəxanaları, şəhər klinik xəstəxanaları, vərəm əleyhinə tibb müəssisələri, habelə Kliniki Tibbi Mərkəz, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu və s. tibb müəssisələri aiddir.
Belə ki, sığortaolunanlar yaşadıqları və ya qeydiyyatda olduqları ərazidən asılı olmayaraq ixtisaslaşdırılmış ambulator tibbi yardım üçün göndəriş olmadan həm yaşadığı ərazi üzrə, həm də digər şəhər (Bakı daxil olmaqla) və rayonlarda TƏBİB-in tabeliyində olan istənilən tibb müəssisəsinə müraciət edə biləcəklər.
Məsələn, Şəki rayon ərazisində yaşayan vətəndaşa ambulator tibbi xidmət yalnız yaşadığı yer üzrə fəaliyyət göstərən tibb müəssisəslərində deyil, ölkənin müxtəlif şəhər və rayonlarındakı tibb müəssisələrində də göstəriləcək. Habelə, Bakı şəhəri ərazisində yaşayan vətəndaş da respublikanın müxtəlif bögələrində fəaliyyət göstərən tibb müəssisələrinə ixtisaslaşdırılmış ambulator tibb yardım üçün müraciət edə bilər. Vətəndaşa tələb olunan tibbi xidmət Xidmətlər Zərfinə daxildirsə şəxsin tibbi xidmətdən icbari tibbi sığorta çərçivəsində ödənişsiz olaraq yararlanması təmin edilir.
Qeyd edək ki, Qaydaya müvafiq olaraq “Tibbi Sığorta haqqında” Qanununa əsasən müştərək maliyyələşmə ilə bağlı müddəalar qüvvəyə minənədək, dövlət tibb müəssisələrində yalnız stasionar şəraitdə göstərilən tibbi xidmətlər üçün göndəriş vərəqəsinin verilməsi tələb olunacaq. Bunun üçün vətəndaş ailə həkimi (sahə həkimi-terapevti, sahə həkimi-pediatrı) və ya ixtisaslı həkim (müalicə həkimi) tərəfindən göndəriş vərəqəsi almalıdır.
Stasionar şəraitdə tibbi xidmətin göstərilməsi üçün göndəriş vərəqəsini müalicə həkimi özünün aid olduğu inzibati ərazi vahidində, orada xidmətin göstərilməsi mümkün olmadıqda tibbi ərazi bölməsində (tibbi ərazi bölmələr haqqında ətraflı məlumatla buradan tanış olmaq olar), bu da mümkün olmadıqda tibbi ərazi bölməsindən kənarda yerləşən dövlət tibb müəssisəsinə verə bilər. Qeyd olunan hər üç yerdə əgər bir neçə dövlət tibb müəssisəsi fəaliyyət göstərirsə bu zaman pasiyentin istəyi nəzərə alınır və onun seçdiyi dövlət tibb müəssisəsinə göndəriş verilir.
Dövlət tibb müəssisələrində ambulator və ya stasionar şəraitdə tibbi xidmətin göstərilməsi mümkün olmadıqda sığortaolunan Agentliyin müqavilə bağladığı özəl tibb müəssisəsinə yönləndirilir. Özəl tibb müəssisəsi tərəfindən həm ambulator, həm stasionar şəraitdə tibbi xidmət icbari tibbi sığortanın vəsaiti hesabına yalnız müalicə həkimi tərəfindən verilmiş göndəriş əsasında göstərilir.
Özəl tibb müəssisələrində göndəriş vərəqəsi olmadan pasiyentə stasionar şəraitdə təcili tibbi yardım ancaq Agentliyin razılığı ilə icbari tibbi sığorta vəsaiti hesabına göstərilə bilər. Bunun üçün özəl tibb müəssisəsi Agentliyə elektron sorğu göndərir. Agentlik tibbi xidmətin Xidmətlər Zərfinə daxil olub-olmadığını, dövlət tibb müəssisəsində tibbi xidmətin göstərilməsi mümkünlüyünü və təcililik dərəcəsini nəzərə alaraq, tibbi xidmətin icbari tibbi sığorta vəsaiti hesabına göstərilməsini qarşılayır və ya sığorta ödənişindən imtina edir.
Pasiyent göndəriş vərəqəsi olmadan özəl tibb müəssisələrinə birbaşa müraciət etdikdə tibbi xidmətdən öz vəsaiti hesabına yararlanır.
Qaydada edilmiş digər əhəmiyyətli yenilik müxtəlif dövlət orqanlarının (Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və s.) tabeliyində olan tibb müəssisələrində stasionar şəraitdə sığortaolunana ixtisaslaşdırılmış tibbi yardımın göstərilə bilmədiyi hallarla bağlıdır. Bu cür hallar baş verdikdə, sözügedən tibb müəssisələri bu barədə Agentliyə rəsmi məktubla müraciət edirlər. Agentlik göstərilən xidmətin Xidmətlər Zərfinə daxil olub-olmadığını nəzərə almaqla, tibbi xidmətin icbari tibbi sığortanın maliyyə mənbələri hesabına həyata keçirilməsinə razılıq verir və ya tibbi xidmətə görə sığorta ödənişindən imtina edir.
Sığortaolunan dedikdə, sağlamlığı icbari qaydada sığortalanmış fiziki şəxslər nəzərdə tutulur və həmin şəxslərə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, həbs edilmiş şəxslər, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) aid edilmir.