Rusiya-Ukrayna müharibəsi başlayan gündən Ukraynada yaşayan azərbaycanlıların ölkəyə gətirilməsi üçün işlər aparılır. Həmyerlilərimizin bir çoxu Vətənə qayıda bilsə də, hələ də xeyli insan Azərbaycana gələ bilməyib.
Hokm.az-ın məlumatına görə, jurnalist Eynulla Fətullayev təkcə Xarkov şəhərində 80 min azərbaycanlının ölümlə üz-üzə qaldığını bildirib. “Təcili tədbir görüb əhalini çıxarmaq lazımdır. Türkiyə öz vətəndaşlarını çıxarır. Heç olmasa bizimkiləri də evakuasiya etsinlər”, – deyə jurnalist “Facebook”da yazıb.
Məsələ ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsindən Bakıvaxtı.az-a bildirilib ki, azərbaycanlıların Ukraynadan çıxarılması üçün iş görülür.
Komitənin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı deyib ki, sözügedən 80 min rəqəminin isə düz olub-olmaması ilə bağlı məlumatı Xarici İşlər Nazirliyi və Azərbaycanın Ukraynadakı səfirliyi verə bilər: “Lakin azərbaycanlıların Ukraynadan çıxarılması üçün iş görülür”.
Onun sözlərinə görə, digər dövlət qurumları ilə birlikdə həmyerlilərimizin ordan çıxarılması üçün iş aparılır: “Hazırda qatarların təşkili ilə bağlı iş gedir”.