Xankəndinə qayıdış TEZLƏŞİR – Bakıdan gələn mesaj Arayiki qorxuya saldıbackend

Xankəndinə qayıdış TEZLƏŞİR – Bakıdan gələn mesaj Arayiki qorxuya saldı

Brüssel görüşünün ardından Prezident İlham Əliyevin iki gün əvvəl ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə çıxışı zamanı Ermənistanla Azərbaycan arasında Avropa İttifaqının vasitəçiliyi ilə baş tutan bu təmas nəticəsində iki dövlət başçıları arasında gəlinən nəticələr barədə etdiyi açıqlamalar görünür İrəvanda çox diqqətlə izlənilib. Elə bu səbəbdən də ötən gün Paşinyan ölkə parlamentində hökümətin növbəti iclası zamanı daxili auditoriya və müxalif qüvvələr üçün bir çox məqamları “aydınlaşdırmağın” vacibliyini hiss edib. 

Erməni baş nazirin burada səsləndirdiyi bəzi fikirlər bir-birilə tamamilə təzad təşkil edir. Belə anlaşılır ki, Paşinyan Brüssel görüşünün əsl nəticələrini ört-basdır etmək üçün daxili auditoriyaya “nağıl” danışmaqdan başqa yolu olmadığı fikrindədir. Çünki erməni baş nazirin ən çox güvəndiyi Qərbin dəstəyini ikinci Brüssel raundunda da almadığını elə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin yekun bəyanatında da açıq aydın hiss edildi.

Bu bəyanatın ardı olaraq qeyd etdiyim kimi İlham Əliyev ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirə zamanı daha geniş aydınlıq gətirdi: “Həm ekspertlər, həm Azərbaycan ictimaiyyəti gördülər ki, yekun kommunikedə “Dağlıq Qarabağ” adı yoxdur, bu da təbiidir. Çünki Azərbaycan buna etiraz etmişdir və “münaqişə” sözü də yoxdur. Bu da təbiidir, çünki münaqişə yoxdur. Münaqişə həll olunub. İndi isə Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur və son aprel görüşündə – 6 aprel tarixində keçirilmiş görüşdə bu məsələlər müzakirə edilmişdir. Bildiyiniz kimi, Azərbaycan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif vermişdir və Ermənistan tərəfi də bu təklifə müsbət yanaşmışdır və Brüssel görüşünə qədər artıq bu açıqlamalar verilmişdir. Brüssel görüşündə isə mən bunu özüm üçün, sadəcə olaraq, daha da yəni, aydınlaşdırmaq istəyirdim və aydınlaşdırdım ki, Ermənistan 5 prinsipi qəbul edir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir”.

Bu bəyanatların ardından erməni baş nazir ölkəsinin parlamentində gah bildirdi ki, “Ermənistan və Azərbaycan tezliklə sülh sazişi bağlamalıdır. Əgər biz Azərbaycanla sülh bağlamasaq, o zaman yeni müharibə başlayacaq və beynəlxalq ictimaiyyət bizə kömək etməyəcək. 2020-ci ildəki səhvləri təkrarlamağa hazır deyiləm”, gah da “status” məsələsini “hüquq və təhlükəsizliyin təminatı” termini ilə əvəzləyir.

Brüssel danışıqlarından sonra Paşinyanın da açıqlamalarından belə anlaşıldı ki, İlham Əliyevin qeyd etdiyi kimi İrəvan Azərbaycanın ərazi bütövlüyünün tanınması və ərazi iddialarından əl çəkməsini nəzərdə tutan baza prinsiplərini qəbul etdi. Lakin İrəvan “hüquqi məsələ” adı ilə Qarabağa iddiasından tam əl çəkmək fikirndə olmadığını göstərir.

Paşinyan bu addımı iki səbəbdən ata bilər:

I. Qərbə götürdüyü öhdəliyə əməl etdiyini göstərmək üçün edilə bilər.

II. Daxildəki müxalif qüvvələrə, erməni cəmiyyətinə yolundan dönmədiyini nümayiş etdirmək məqsədi güdür. Çünki anlayır ki, sülh sazişi Ermənistanın Qarabağdan imtinası demək olacaq ki, bu da erməni cəmiyyətində və diasporda ciddi reaksiya doğura bilər. Paşinyan bu bəyanatla özünü sığortalamağa çalışır.

Amma təbii ki, Paşinyanın Avropada Azərbaycan lideri ilə baş tutan görüşdə İlham Əliyevdən yekun mesajı aldığı bəzi fikirlərindən açıq sezilir. Erməni baş nazir “Azərbaycanın ərazi bütövlüyünün tanınmasını nəzərdə tutan sülh sazişinin imzalanmaması ölkənin regionda siyasi-iqtisadi gələcəyini təhlükəyə atır”, – deməklə “sülh sazişi bağlamasaq, müharibə qaçılmaz olacaq. Bu isə bizim başımız üçün deyil. Azərbaycan Qərbdən də artıq lazımı dəstəyi, razılığı alıb” mesajını cəmiyyətə ötürməyə çalışmaqla regiondakı yeni geosiyasi reallığı qəbul etməkdən başqa seçimlərinin onlar üçün faciə ilə nəticələnəcəyini izah etməyə çalışdı.

Deyilənlərin təsdiqi kimi Paşinyanın parlamentdə hökümət nümayəndələri önündə etdiyi növbəti açıqlamaya diqqət yetirək: “Özümüz də inana bilmirdik ki, 30 illik məhrumiyyətdən sonra əvəzində heç nə almadan hər şeyi təslim etməli olduq. Bu gün beynəlxalq ictimaiyyət bizə açıq şəkildə bildirir ki, dünyada Azərbaycanın ərazi bütövlüyünü tanımayan yeganə ölkə bizik, həm də bu, Ermənistan üçün böyük təhlükədir”. Göründüyü kimi erməni baş nazir 44 günlük müharibədən bu yana üçtərəfli bəyanatlarda üzərinə götürdüyü öhdəlikləri icra etməmək üçün atdığı manipulyativ addımlarla qazandığı zamanı Brüssel görüşündən dərhal sonra artıq nəzərə çarpacaq dərəcədə böyük sürətlə xərcləməyə başlayıb. Bu, bir daha son görüşün Azərbaycan nöqteyi nəzərdən nə qədər faydalı keçdiyindən xəbər verən növbəti faktdır.

İlham Əliyevin müşavirədə səsləndirdiyi fikirlərin Ermənistanda çox diqqətlə izlənildiyi sübut edən növbəti bəyanat isə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan tərəfindən gəldi. Dövlət başçısının müşavirədə toxunduğu məsələlərdən biri də ATƏT-in Minsk Qrupunun “fəaliyyəti” və “gələcəyi” məsələsi oldu. Prezident haqlı olaraq qeyd etdi ki, “Biz bu münaqişəni özümüz həll etdik. Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də göz qabağındadır, nəticə sıfır”.

Mirzoyan Azərbaycan Prezidentinin sözlərinə cavab olaraq bildiribib ki, ATƏT-in Minsk Qrupunun formatı hələ də qüvvədədir və Qarabağın həllini bu formatda görür: “Heç kim bu formatı ləğv etməyib, lakin həmsədr ölkələr arasında məlum səbəblərdən yaranan fikir ayrılıqlarına görə indi birgə müzakirələr mümkün deyil”. Amma Minsk Qrupu ilə bağlı məsələyə son nöqtə elə Qərbin siyasət paytaxtında qoyuldu. Belə anlaşıldı ki, Bakı yoluna Brüssel ilə davam edəcək. Təbii ki, Mirzoyanın da bu reaksiyası heç şübhəsiz ki, Paşinyanın məsələ yanaşmasından zərrə qədər də olsun fərqlənmir. Ermənistan XİN rəhbəri bununla daxildə və xaricdəki məlum qüvvələrin özlərinə olacaq təzyiqlərini azaltmaq, “günah keçisi” olmadıqlarını göstərmək məqsədilə belə bəyanatlar səsləndirmək məcburiyyətini hiss etdiyi fikrindəyəm.

İlham Əliyevin bu sözlərini nəyinki Azərbaycanın, eləcə də Qərbin ATƏT-in Minsk Qrupu ilə bağlı yekun qərarı kimi də qiymətləndirmək olar. Çünki Aİ də verdiyi bəyanatda “Dağlı Qarabağ”, “status”, “Artsax” kimi terminləri konteksdən çıxarmaqla göstərdi ki, hazırda Dağlıq Qarabağ adlı ərazi vahidi olmadığı kimi, bu adda bir münaqişə də daha mövcud deyil. O da anlaşıldı ki, indən belə iki ölkə arasındakı mövcud problemləri heç bir halda ATƏT-in Minsk Qrupu həll etmək iqtidarında deyil. Çünki problem həll edən olsaydı, elə 30 il ərzində “Ermənistan Azərbaycan Dağlıq Qarabağ” münaqişəsini həll edib bir yana çıxarardı. Cəzasızlıq, arxayınlıq Ermənistana növbəti ərazi iddialarına düşməsinə səbəb oldu ki, nəticədədə 44 günlük Vətən müharibəsi qaçılmaz oldu və Azərbaycan özü öz talryini həll etdi. İndən belə rəsmi Bakı taleyini nəyinki ATƏT-in Minsk Qrupunun, heç bir beynəlxalq təşkilatın ümidinə buraxmaq fikrində deyil.

Azərbaycan Prezidentinin ən diqqət çəkən bəyanatlarından biri isə Xankəndində baş verən son proseslərlə bağlı oldu. Bir həftə orada yaranan istilik probleminə görə Azərbaycana edilən müraciətləri xatırladan dövlət başçısının bu açıqlamasına Qərbin ikili standartlardan çıxışına diqqət yönəldilsə də bir məsələ ilə bağlı da verilən çox əhəmiyyətli mesaj diqqətdən yayınmadı.

İlham Əliyev sülhməramlı kontingentin müvəqqəti nəzarət zonasında yaşayan erməni əhaliyə ünvanladığı “Bir həftə Xankəndidə qaz olmayanda adam qalmayıb ki, bizə zəng etməsin – Amerikadan tutmuş Avropaya qədər. Biz indi qazı bərpa etmişik və ermənilər bunu qiymətləndirməlidirlər. Biz, sadəcə olaraq, xoş niyyət göstərmişik. İstəməsəydik, bərpa etməzdik. Kim bizə söz deyə bilər? (Çünki naxçıvanlılar 1990-cı ildən 2005-ci ilə qədər qazsız yaşamışlar. Ermənistan rəhbərliyi, Ermənistan dövləti Naxçıvanın qazla təmini məsələsini mane olduğu üçün 15 il sonra – 2005-ci ildə İranla razılaşma əsasında İrandan Naxçıvana qaz çəkildi və Astaradan İran Astarasına qaz xəttinin əsası qoyuldu. İndiyə kimi də svop əməliyyatları keçiririk. O vaxtdan bu günə qədər Naxçıvan qazla belə təmin edilir, İrandan qaz alır – red) Biz borclu idik onu bərpa etməyə? Yox! Bərpa etdik, ümid edirik, onlar da anlayacaq ki, Azərbaycan vətəndaşlarıdır və onlar Azərbaycan bayrağı altında yaşamalıdırlar və yaşayacaqlar. Bunu nə qədər tez başa düşsələr, onlar üçün o qədər yaxşı olacaq. Ona görə etmişik, humanizm göstərmişik” mesajından belə anlaşılır ki, rəsmi Bakının tez bir zamanda əsas hədəfi məhz Xankəndinin və sülhməramlıların fəaliyyət göstərdiyi digər ərazilərimizin tez bir zamanda Azərbaycanın yuridiksiyasına verilməsi, həmin ərazilərdə Azərbaycan bayrağının dalğalanması məsələsidir. Bununla bağlı Azərbaycan lideri çox aydın şəkildə Qarabağın erməni əhalisinə müraciət edərək rəsmi Bakının jestinə cavab olaraq kütləvi şəkildə vətyəndaşlığı qəbul etməyə dəvət etdi. Ölkə başçısı bununla da Azərbaycanın erməni əhalisinə “Əgər vətəndaşlığımızı qəbul etsəniz istənilən probleminizi qısa zamanda, yüksək səviyyədə həll edərik. Çünki deyure siz bizim vətəndaşlarımızsınız, sizi digər vətəndaşlarımızdan ayırmırıq” mesajı ünvanlayıb.

Prezidentin bu çıxışından isə ən çox narahat olan şəxsin kimliyinə də artıq aydınlıq gəlib. Separatçı-terrorçu rejim “rəhbəri” Araik Arutyunyanın tələm-tələsik “Azərbaycanın “DQR” statusu ilə bağlı təklifləri qəbuledilməzdir. Biz başa düşürük ki, qonşuluqda yaşamalıyıq, lakin tabeçilik mümkün deyil, sadəcə olaraq qəbuledilməzdir” deyə açıqlama yayması rəsmi Bakının hədəfinə çatması üçün çox az zaman qaldığından xəbər verir. Görünür, artıq terrorçu rejim Xankəndində, Xocalıda azərbaycanlıların ayaq səslərini eşitməyə başlayıblar. Arutyunyan da məhz ondan narahatdır ki, Xankəndi və ermənilərin yaşadığı digər ərazilərin Azərbaycanın tabeçiliyinə qayıtması ilə onun nəyinki Qarabağdakı ömrü, eləcə azadlıqdakı ömrü də bitəcək.

Dövlət başçısının son çıxışında səsləndirdiyi “Bildirməliyəm ki, müharibədən sonra Türkiyə və İsrail şirkətləri ilə yeni, böyük kontraktlar imzalandı. Bəzi kontraktların icrası başlanmışdır, bəzi kontraktların icrası başa çatmışdır, bəzilərinin isə icrası davam edir”“Müharibədən sonra Müdafiə Nazirliyində struktur islahatları aparılmışdır, struktur dəyişikliyi edilmişdir və bu, ordumuzu daha da gücləndirəcək, daha da müasirləşdirəcək. Müharibədən sonra yaradılan yeni qoşun növü – Komando əminəm ki, hazırda istənilən vəzifəni icra edə bilər. Minlərlə tam hazırlıqlı döyüşçü artıq hazırlanıb və hazırlanacaq”, “Öz hesabımıza yaşayan ölkə kimi bundan sonra ordu quruculuğuna, bir daha demək istəyirəm, nə qədər pul lazımdırsa, o qədər də ayıracağıq” fikirlərdən anlaşıldı ki, Azərbaycanın bundan sonra ən etibar edəcəyi yer onun Ordusudur. Bunun üçün indən belə Ordunun daha da gücləndirilməsi istiqamətində bütün lazımı addımlar atılacaq. Çünki geridə qalan 30 ilin yekununda məlum oldu ki, Azərbaycanın ərazi bütövlüyünün, onun sabitliyinin qorunması, regionda azad, firavan yaşaması üçün hansısa beynəlxalq təşkilata arxalanmaq yox, ordusuna kürəyinə söykəmək lazımdır.

Milli.Az

  •  (0)
  •  (0)