Rusiyanın “Alfa Sığorta” şirkəti Azərbaycana məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı sığorta ödənişini tam şəkildə həyata keçirib.
Hokm.az xəbər verir ki, bu barədə şirkətin aviasiya və kosmik sığorta üzrə baş direktor müavini İlya Kabaçnik “İnterfaks”a məlumat verib.
O, həmçinin sərnişinlərə dəyən zərərə görə ödənişlərin başladığını bildirib.
“Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan “Azerbaijan Airlines” (AZAL) şirkətinə məxsus Embraer 190 təyyarəsi, eləcə də aviaşirkətin sərnişinlər qarşısında məsuliyyəti “Alfa Sığorta” şirkətində sığortalanmışdı”, – deyə Kabaçnik qeyd edib.
Onun sözlərinə görə, riskin əsas hissəsi “Rusiya Milli Təkrarsığorta Şirkəti”ndə təkrar sığortalanmışdı. Təyyarə üçün tam sığorta məbləğində ödəniş fevral ayında həyata keçirilib.
Kabançik avia-kasko üzrə ödənişin məbləğini açıqlamayıb. İzah edib ki, sığorta şirkəti rəsmi araşdırmanın başa çatmasını gözləmədən ödənişləri niyə həyata keçirə bilib.
“Qəzanın araşdırılması davam etsə də, ödənişlərin təşkili üçün yetərincə məlumatımız var. Sığortaçı kimi bizim üçün əsas məsələ təyyarənin məhv olması faktıdır, bu isə şübhə doğurmur. Həmçinin müharibə və terrorizm riskləri də sığortalanmışdı, buna görə də aviaşirkət istənilən halda sığorta ödənişini alır”, – deyə o bildirib.
Sərnişinlərə dəyən zərərin hesablanması və aviaşirkətin məsuliyyət sığortası çərçivəsində zərərçəkənlərə və onların qanuni nümayəndələrinə ödənişlərin “Аlfa Sığorta” şirkəti tərəfindən yanvar ayında başladığı və hazırda davam etdiyi bildirilib.
Şirkətin aviasiya və kosmik sığorta üzrə baş direktor müavini qeyd edib ki, AZAL-ın Bakı-Qroznı reysi ilə bağlı sərnişindaşıma prosesi Azərbaycan və Rusiyanın iştirakçısı olduğu 1999-cu il Monreal Konvensiyası ilə tənzimlənir. “Alfa Sığorta” ilə AZAL arasında bağlanan müqavilə Rusiyaya həyata keçirilən reyslərdə riskləri əhatə etdiyi üçün, ödənişlər həm də Rusiyanın 67-FZ saylı məcburi daşıyıcı məsuliyyəti haqqında qanununa əsasən nəzərdə tutulur.
Bu qanuna görə, həyat və sağlamlığa dəyən zərərə görə ödəniş məbləği 2 milyon rubl müəyyən edilib və lazımi sənədlər təqdim edildikdən sonra ödənişlər tez bir zamanda həyata keçirilə bilər.
Aviaşirkətin üçüncü şəxslərə dəyən zərər üzrə məsuliyyət sığortası ilə bağlı müqavilə şərtlərinə toxunan Kabaçnik bildirib ki, “yerdə dəymiş zərərə dair hər hansı bir iddianın irəli sürüldüyü barədə məlumatımız yoxdur və belə iddialar gözlənilmir. Əgər belə hallar baş verərsə, biz onları aviaşirkətlə birlikdə müəyyən olunmuş qaydada həll edəcəyik.”
Qeyd edək ki, 25 dekabr 2024-cü ildə AZAL-a məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.
Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən təyyarənin qəzaya uğraması barədə hesabat yayımlanıb. Hesabatda təyyarənin qəzadan əvvəl kənar müdaxiləyə məruz qaldığı təsdiqlənib. Azərbaycan hökumətindəki rəsmi mənbə “Reuters” agentliyinə bir sıra yeni faktlar açıqlayıb.
Açıqlamada bildirilib ki, Azərbaycan təyyarəsi Rusiyanın “Pantsir-S” raketi ilə vurulub. “Azərbaycan tərəfində təyyarədən çıxarılan və beynəlxalq ekspertiza nəticəsində müəyyən edilmiş “Pantsir-S” raketinin qəlpəsi var”, – mənbə bildirib.