Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası açıqlama yayıb.
Hokm.az açıqlamanı təqdim edir:
“Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası öz səlahiyyətləri çərçivəsində mütəmadi olaraq hibrid təhdid halları ilə bağlı təhlillər aparır.
Araşdırmalar zamanı Azərbaycan Respublikasının informasiya məkanına qonşu ölkələrdən biri tərəfindən əlaqələndirilmiş şəkildə dezinformasiya və informasiya manipulyasiyası formasında müdaxilələrin edildiyi məlum olub.
Manipulyativ və koordinə edilmiş təbliğatın əsasən sosial media platformaları üzərindən və müxtəlif dillərdə aparıldığı, o cümlədən ictimai rəyə birbaşa təsir etmək məqsədilə Azərbaycan dilində də xəbər tipli resursların yaradıldığı faktları müəyyən edilib.
Kampaniyada “Facebook” platformasının Azərbaycan seqmentində fəaliyyət göstərən bəzi səhifələrin “əkizinin” yaradılması metodundan da istifadə olunub. “Nə var, Nə yox?”, “Bizim Azərbaycan”, “Azerbaijan Daily”, “Xəbərlər və Hadisələr”, “Yerli media” və sair adlar altında fəaliyyət göstərən səhifələri nümunə kimi göstərmək olar.
Misal olaraq, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza ilə bağlı internet resurslarda kütləvi formada aparılan media kampaniyasının təhlili zamanı hadisənin başvermə səbəbi ilə bağlı reallığı əks etdirməyən yayındırıcı tezislərin “xəbər” resursları və internet botlar (Qeyd: avtomatlaşdırılmış tapşırıqları icra edən proqramlar) tərəfindən klasterlər formasında kütləvi surətdə yayıldığı aşkar olunub.
Digər bir taktika isə, təyyarə qəzası ilə bağlı Azərbaycan Respublikası vətəndaşları arasında çaşqınlıq və dövlət qurumlarına qarşı inamsızlıq yaratmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi adından “deepfake” (Qeyd: süni zəka alətləri ilə yaradılan audiovizual kontent) və təqlidetmə texnologiyalarından istifadə etməklə aparılan qanunsuz kiberfəaliyyətləri göstərmək olar.
Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya vətəndaşlarımızı diqqətli olmağa çağırır, cəmiyyətimizi məqsədli və zərərli məlumatlardan qorumaq üçün ölkəmizlə bağlı aparılan dezinformasiya kampaniyalarında tətbiq olunan müdaxilə taktikaları, təbliğat formaları və metodları ilə bağlı vaxtaşırı məlumatlar yayır.
Komissiyamız aidiyyəti dövlət qurumları ilə birgə bu cür informasiya əməliyyatlarının qarşısının alınması istiqamətində fəaliyyətini daha da artıracaqdır”.
Xatırladaq ki, Azərbaycana məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan təyyarəsi Çeçenistanın hava məkanında olan zaman Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub, hava gəmisi idarəetməni itirib. Təyyarənin füzelyajında zenit raket kompleksindən atılan raketin qəlpələrinin izləri qeydə alınıb.