Vəzifəsini itirən məmurlar niyə xəstələnir?backend

Vəzifəsini itirən məmurlar niyə xəstələnir?

Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun səhhətində ciddi problem yaranıb. 

Maraqlıdır ki, Azərbaycanda vəzifəsindən uzaqlaşdırılan əksər məmurların səhhətində problem yaranır, xəstəxanaya yerləşdirilirlər.  Abel Məhərrəmov nümunəsi  vəzifəsini itirən məmurun  xəstələnməsi baxımından ilk deyil. Daha öncə də yüksək vəzifəsini itirmiş nazirlərin, məmurların dərhal müalicə üçün xarici ölkələrə, ya da yerli xəstəxanalara müraciət etməsi halları geniş yayılıb. Həbsxanaya düşən məmurların xəstələnməsi, müalicə üçün xəstəxanaya köçürülmə müraciətini də zaman-zaman izləmişik.  Məsələn, eks-nəqliyyat naziri Ziya Məmmədovun, sosial müdafiə naziri Səlim Müslümovun səhhətində də buna bənzər hallar yaşanıb.

Tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Sabah”a açıqlamasında bildirib ki, insanların vəzifəyə bağlanması Azərbaycan kimi ölkələrdə mövcuddur:

“Belə tendensiyaları mütəmadi olaraq müşahidə edirik. Vəzifədə olarkən məmurların davranışları,  postlarından uzaqlaşan kimi onlara edilən basqılar qeyri-adekvat situasiyalardır. Həm məmurlar, həm də insanlar üçün. Səhhətlə  bağlı yaranan problemləri də buna bağlamaq olar. Amma digər tərəfdən Azərbaycanda məmurlar  müəyyən yaşda istefa verirlər. Təəssüf ki, məmurlarımızın böyük əksəriyyəti ölkədə müalicə olunmurlar, səhiyyəmizə güvənmirlər. Bəzi hallarda isə Azərbaycan xəstəxanalarında müalicə olunmaq məcburiyyətində qalırlar. Buna baxmayaraq  xəstəliyi cəza tədbiri kimi düşünə bilmərik”.

A.Qeybulla deyib ki, hər bir insan , o cümlədən məmurlar xəstəlik dövrünü düşünməlidir: “Yəni məmurlar da xəstələnə, başqaları kimi əziyyət  çəkə bilərlər. Digər tərəfdən vəzifəsindən uzaqlaşan məmurlara psixoloji  təzyiqlər etməyə ehtiyac yoxdur. Kim qanunu pozubsa, qoy qanun qarşısında cavab versin. Hüquqi dövlətin əsas prinsipləri bundan ibarətdir”.

Milli Məclisin deputatı Araz Əlizadə isə fərqli düşüncədədir.  O saytımıza danışarkən bildirib ki, insan işsiz qalanda zəifləyir: “Vəzifədən uzaqlaşanda və ya işi itirəndə nəinki məmurlar, bütün insanlar mənəvi cəhətdən sarsılır. Ona görə də xəstələnir, səhhətində problem yaranır.  Bunun qısa və sadə cavabı var”.

  •  (0)
  •  (0)