Vətənə sipər oğullarbackend

Vətənə sipər oğullar

Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov yazır.

Sentyabrın 27-də başlanan, 44 gün davam edən və azğın düşmənin acı məğlubiyyəti ilə bitən Vətən müharibəsi Azərbaycan tarixinin şərəf, şöhrət, zəfər salnaməsidir. Böyük fəxarət hissi ilə deyirəm ki, bu zəfər döyüşünə Lənkəran Dövlət Universitetinin (LDU) məzunları, tələbələri, işçiləri ilk günlərdən könüllü olaraq qatıldılar, hünər və cəsurluq nümunələri göstərərək zəfər salnaməsinə imzalarını qoydular. Bu gün erməni qəsbkarlarına qarşı Azərbaycan xalqının zəfərlə başa çatdırdığı Vətən müharibəsi artıq tarixdir və fəxrlə deyə bilirik ki: “Qarabağ Azərbaycandır!” .Müharibə bitdikdən sonra tərxis olunan işçilərimiz bir-bir sıralarımıza qayıdır. Tərxis olunmuş döyüşçü tələbələrimiz də tədris prosesinə qatılmaqdadır. Döyüşdən qazi kimi qayıdanlarımız da var. Azərbaycanın bütövlüyü uğrunda sağlamlığını qurban verən oğullarımıza qayğı daim diqqət mərkəzindədir və yeni il ərəfəsində onların ailələri ziyarət edib, lazımi diqqət göstərməyi özümüzə mənəvi borc bilmişik. Amma çox təəssüf ki, heç bir müharibə itkisiz, qansız, qurbansız ötüşmür.İkinci Qarabağ savaşında canından keçib şəhidlik zirvəsinə ucalanlar arasında bizim universitetimizin tələbə və məzunları da oldu. Onların müqəddəs xatirəsi kollektivin hər bir üzvünə əzizdir və bütün tədbirlərdə daima minnətdarlıqla yad edilir. Bu gün daha bir şəhid tələbə-məzunumuzun-baş leytnant Vüsal Kazımovun şəhid kimi torpağa tapşırılmasından 40 gün keçir. Vüsal həm Lənkəran Dövlət Universitetinin məzunu, həm də tələbəsi idi. Fiziki tərbiyə və gənclərin çağırışa qədərki hazırlığı fakültəsini bitirdikdən sonra ikinci ali təhsil kimi iqtisadiyyat ixtisasını seçmişdi, sonuncu- V kurs tələbəsi idi. Ötən ilin əvvəlindən Lənkəran şəhər uşaq gənclər və idman məktəbinin direktoru təyin edilmişdi. Rayonda , universitetdə vətənpərvərlik mövzusunda keçirilən tədbirlərin təşkilatçısı və iştirakçısı kimi tanıyırdıq onu. Vüsal həm də dəyərli həmkarımız, LDU-nun sosial məsələlər üzrə prorektoru Kamran Kazımovun yeganə oğul övladı idi. Kamran müəllim müharibənin ilk günlərindən Vüsalın döyüş yolu ilə bağlı xəbərləri bizimlə həvəslə paylaşar, açıq aydın döyüşçü oğlu ilə qürur duyardı.Bu sevincdən hamımıza pay düşərdi. Çünki Vüsal tək yetirməmiz, ictimai fəal kimi yox, həm də vətənimizin bir cəsur övladı, hərbçisi kimi bizə əziz, doğma idi.

Cəsur ürəkli zabitimiz Füzuli, Cəbrayıl şəhərləri və kəndlərinin azad olunmasında əzmkarlıq və qəhrəmanlıq göstərib, Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.15 noyabr 2020-ci il tarixində şəhidimizin nəşi neytral zonadan götürülüb və 29 noyabr tarixində ailəsinə təhvil verilib. 29 noyabr tarixində yaşadığı Lənkəran rayonunun Yuxarı Nüvədi kənd qəbristanlığında torpağa tapşırılan Vüsal Kazımovun dəfnində minlərlə insan, bütün LDU kollektivi iştirak edirdi. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Vüsal Kazımovun ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilməsi onun döyüş şücaətlərindən xəbər verir. Vətənin çətin günündə düşmənə sipər olan bütün şəhidlərin- həmçinin Vüsal Kazımovun xatirəsi bizə əzizdir. Torpağı Vətən edənlər , qürur və şərəfimizi bizə qaytaranlar, erməni qəsbkarlarının cavabını layiqincə verənlər, qisasımızı düşməndə qoymayanlar-hamınıza minnətdarıq. Vətən var olduqca siz də varsınız. Bu gün Vüsalın timsalında bütün şəhid tələbə və məzunlarımızın xatirəsini bir daha ehtiramla yad edir, ruhunuz şad olsun deyirik. Siz qalibiyyət, əbədiyyət yolunun şərəfli yolçularısınız. Siz şəhadətə könüllü getdiniz ki, Vətən sağ olsun! Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, professor.

 

  •  (1)
  •  (0)