Vəkil kimdir və vəkillik fəaliyyəti nədən ibarətdir?
Bu sualların cavabı cəmiyyətdə bəzən yanlış bilinir. Baxırsınız ki, bəzən insanlar elə bilir ki, bir şəxs bir cinayət törədtiyində, hətta ağır cinayət törətdiyində (məs. adam öldürən, insanların ölümü ilə nəticələnən yanğın törədən və.s) vəkil onu təqsiri sübuta yetirilsə də belə onu mütləq azadlığa çıxarmaq üçün müraciət edilmiş və buna nail olmaq üçün çalışan şəxsdir. Əlbəttə ki, doğru bilinən bu deyildir. Dünyanın bütün sivil hüquq dövlətlərində vəkillər cəmiyyətdə fiziki və hüquqi şəxslərə yüksək keyfiyyətli hüquqi yardım göstərmək, müdafiə etdikləri ən qatı cinayətkarların belə məhkəmə və istintaq prosesində hüquqlarının təmin edilməsinə köməklik göstərən şəxsdir. Qısacası, vəkil kimdir sualına veriləcək ilkin və ən anlaşılan cavab odur ki, insanların bir-biriləri ilə və dövlətlə əlaqələrində meydana gələn anlaşmazlıqların həlli üçün hüquqi biliyinə müraciət edilən və insanları əlaqədar yerlərdə, xüsusilə də məhkəmələrdə təmsil edən və onların hüquqlarını müdafiə edən şəxsdir.
Dünyada vəkillərlə bağlı hamılıqla qəbul edilən əsas fikirlər, daha doğrusu vəkillərin ilkin vəzifələri formalaşmışdır. Belə ki, vəkil bir şəxsin vəkilliyini qəbul etməmişdən əvvəl onu dinləməli, yararlı ola biləcəyinə inanarsa hüquqi yardım göstərəcəyini qəbul etməlidir. Vəkil ona müraciət edilən məsələ ilə bağlı əlaqədar qanunları, Ali Məhkəmə qərarlarını araşdırır, məsələ ilə bağlı geniş araşdırma aparır, məhkəmələrdə müxtəlif iddialar qaldırır və ya müvəkkili əleyhinə qaldırılan iddialara qatılır, məhkəmə qərarlarının icrasını təqib edir, yeni qəbul edilən qanunları izləyir və.s bu kimi ümumi vəzifəri yerinə yetirir.
Vəkil necə olmalıdır?
Vəkil hər şeydən əvvəl ali hüquq təhsilli olmalı, hadisələr və prinsiplər arasında əlaqə qura bilmə qabiliyyətinə malik olmalı, hadisələri dərin araşdırma marağına, başqalarını başa düşə bilmə və təsir edə bilmə qabiliyyətinə malik olmalı, yaxşı nitq qabiliyyətinə və məsuliyyət hissinə malik olmalıdır. Hər sahədə çalışanlar kimi, ölkəmizdə vəkillik fəaliyyəti də qanunvericilik əsasında fəaliyyət göstərir. Yəni, bu ügn Azərbaycandan “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun qüvvədədir.
Bu qanun niyə qəbul edilib?
Ona görə ki, Bu Qanun Azərbaycan Respublikasının ərazisində hər bir şəxsin məhkəmə prosesində, ibtidai istintaqda və təhqiqatda öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsini həyata keçirmək üçün özünün seçdiyi vəkilə müraciət etmək, tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüquqlarının təmin olunmasının və başqa məsələlər üzrə hüquqi yardım göstərən vəkillərin fəaliyyətinin tənzimlənməsi məqsədi ilə qəbul edilib. Elə bu səbəbdən də vəkillər haqqında danışdığımız bu yazıda zərbaycanda qüvvədə olan bu qanunda vəkillərin fəaliyyəti haqqında bir neçə müddəanı diqqətinizə çatdırmaq hesab edirik ki, vəkillik haqqında təsəvvürünüzdə daha aydın və dəqiq məlumatlanmağa kömək edəcəkdir.
Qeyd edilən qanunda göstərilir ki, Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır. Vəkillik qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərir.
Azərbaycanda Vəkillik nələrə əsaslanır?
Vəkillik Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna, Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə və Azərbaycan Respublikasının digər qanunlarına əməl edilməsinə əsaslanaraq fəaliyyət göstərir. Bir sözlə vəkillik və vəkillər heç bir dövlət qurumuna və ya vəzifəli şəxsə tabe olmadan qanunlara əsaslanaraq işləyirlər. Vəkillərin və onların birliyinin peşəkar fəaliyyətinə prokurorluq, məhkəmə, digər dövlət orqanları, ictimai birliklər, hər hansı müəssisə, idarə, təşkilat və vəzifəli şəxs tərəfindən müdaxiləyə, təzyiqə yol verilməsini qanun qadağan edir.
Vəkillərin fəaliyyətlərini həyata keçirmələrinin ümumi qaydaları vardır. Bəs o qaydalar qanunda necə müəyyən edilib? İlk əvvəl bilinməlidir ki. vəkillik fəaliyyəti irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, insan və vətəndaş hüquq və azadlıqlarının üstünlüyü, qanunun aliliyi, vəkillərin müstəqilliyi, onlarla hüquqi yardım üçün müraciət edənlər arasında olan münasibətlərin könüllülüyü əsasında və vəkil etikasına riayət edilməklə həyata keçirilir.
Vəkillik fəaliyyəti hüquqi yardım üçün müraciət etmiş şəxslərin hüquqlarının və mənafelərinin müdafiəsinin və ya təmsil edilməsinin vəkilə həvalə edilməsi əsasında və onların tapşırıqlarına müvafiq olaraq həyata keçirilir. Yəni vəkilin fəaliyyət göstərməsi üçün ilk öncə ona müraciət edilməli və ya hər hansı məsələ ona həvalə edilməlidir.
Vəkilin ədalət mühakiməsində iştirakı yalnız hüquqi yardım üçün müraciət edən şəxslə fərdi qaydada fəaliyyət göstərən vəkil və ya vəkilin daxil olduğu qurum (hüquq məsləhətxanaları, vəkil büroları, vəkil firmaları və s.) arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.
İşin mahiyyəti əsasında vəkil hüquqi yardım üçün müraciət etmiş şəxsə həmin tapşırığın icra edilməsinin ehtimalı ilə əlaqədar olan bütün şərtləri bildirir və tərəflər razılığa gəldikdə yazılı surətdə müvafiq müqavilə tərtib edilir. Yəni yazılı surətdə müqavilə əsasında vəkil ona müraciət etmiş şəxsin vəkili olur.
Qanunda vəkilin hansı vəzifələri var?
Vəkil fəaliyyətini həyata keçirərkən qanunun tələblərini icra etməli, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməli, vəkil sirrini qorumalı, vəkil andına və vəkil etikasına riayət etməli, yalnız qanunun tələblərini rəhbər tutmalı, hüquqi yardımın göstərilməsi üçün müraciət etmiş şəxsin maraqlarına zidd və hüquqlarının həyata keçirilməsinə mane olan hər hansı hərəkəti, müdafiəçisi olduğu şəxsin mənafeyinə zidd olaraq onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq, zərərçəkmişlə barışığını elan və ona qarşı qaldırılmış mülki iddianı qəbul etməməli, müdafiəsinə yönəlmiş şikayəti geri götürməməlidir.
Bundan başqa vəkil mənafeyi təmsil edilən və ya müdafiə edilən şəxsin icazəsi olmadan hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə məlum olan faktları və sənədləri, eləcə də mənəviyyata, demokratik cəmiyyətdə ictimai qaydaya və ya dövlət təhlükəsizliyinə ziyan vura bilən, həmçinin yetkinlik yaşına (18 yaşına) çatmamışların mənafeləri və ya tərəflərin şəxsi və ailə həyatının müdafiəsi tələb edərsə, belə məlumatları yaymamalı, vəkil sirrindən özünün şəxsi və ya başqasının mənafeyi üçün istifadə etməməli, vəkil onun tərəfindən qəbul edilən müdafiə öhdəçiliyindən imtina etməməlidir.
Gördüyümüz kimi, bu vacib, çətin və şərəfli peşəni yerinə yetirən vəkillərin fəaliyyəti ölkəmizdə qanuna əsaslanır. Biz bu yazıda sadəcə vəkillər və vəkilliklə bağlı qanunda yer alan bəzi əsas məqamları dilə gətirdik. Təbii ki, vəkillik haqqında daha geniş müddəalar müəyyən edilmişdir. İstəyən hər bir vətəndaş istər inetrnet vasitəsi ilə. Ya da birbaşa vəkillərə, vəkillərin işlədiyi qurumlara və hüquqşünaslara müraciət etməklə daha geniş və ətraflı məlumat almaq hüququna malikdir.afn.az