Oktyabrın 14-ü Polşanın nüfuzlu ali təhsil ocaqlarından olan Varşava İqtisadiyyat Universitetində Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” adlı sərginin açılışı baş tutub.
“Hokm.az” xəbər verir ki, sərgidə Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova, Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri – mətbuat katibi Ülviyyə Zülfiqar, Varşava İqtisadiyyat Universitetinin rektoru Piotr Vaxoviak, Polşa – Azərbaycan Parlament Qrupunun sədri Pşemıslav Vitek, bu ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərləri, incəsənət və mətbuat nümayəndələri, akademik dairələr, habelə Azərbaycan diasporunun nümayəndələri iştirak edib.
Qərbi Azərbaycan mədəni irsi ilə bağlı Avropada ilk dəfə keçirilən sərginin açılışını edən rektor P. Vaxoviak, rəhbəri olduğu ali məktəbdə belə bir sərginin keçirilməsindən məmnun olduğunu bildirərək uğurlar arzulayıb.
Səfir N. Qurbanova indiki Ermənistan ərazisində mövcud olmuş 3500 tarixi və mədəni abidə, 500 qəbiristanlıq və 391 məscidin Qərbi Azərbaycanın tarixi irsinin tərkib hissəsi olduğunu vurğulayıb və 1905-1906, 1918-1920, 1948-1953 və 1987-88-ci illərdə azərbaycanlılara qarşı həyata keçirilən deportasiya və qırğınlarin nəinki azərbaycanlıların indiki Ermənistandan kütləvi surətdə köçürülməsi ilə nəticələndiyi, həm də minlərlə tarixi abidə, məscidin yerlə-yeksan edildiyini təəssüflə diqqətə çatdırıb.
Qeyd edək ki, oktyabrın 25-dək davam edəcək sərgidə Qərbi Azərbaycanın zəngin irsini əks etdirən şəkillər, eksponatlar, kulinariya nümunələri əks edilib.
İrəvan xanlığının bayrağı, Qərbi Azərbaycanlıların deportasiyası, dağıdılmış məscidlərimiz, abidələrimiz, qəbiristanlıqlarımız, Qərbi Azərbaycanın görkəmli şəxsiyyətlərinin fotolarının əks olunduğu sərgi iştirakçılar tərəfindən maraqla qarşılanıb, soydaşlarımızın başlarına gətirilən müsibətlər barədə onlara ətraflı məlumat verilib.
Tədbirdə, həmçinin Qərbi Azərbaycan mətbəxindən təamlar nümayiş olunub.