“Dövlət başçısının parlamentə təqdim etdiyi qanun layihəsi Azərbaycanın müasir durumu ilə tam uyğundur”.
Hokm.az xəbərinə görə, bunu Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin bu gün keçirilən plenar iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, 1991-ci il oktyabrın 18-də Azərbaycanda “Müstəqillik Haqqında Konstitusiya Aktı” qəbul edilib: “Burada bəzi deputatlar qeyd edirlər ki, Azərbaycan MDB-də müstəqilliyini ən gec bərpa edən ölkələrdən biridir. Bəzi deputatlar o zaman çıxış edirdilər ki, Azərbaycan müstəqilliyini bərpa etsə, öz-özünü dolandıra bilməyəcək. İndi burada danışmaq çox asandır. Bu zalda referendumla əlaqədar 43 deputat səs verdi ki, SSRİ ləğv edilsin. Onlardan biri də ulu öndər Heydər Əliyev idi. İndi durub SSRİ-nin saxlanılmasının əleyhinə səs verən istiqlalçı deputatların alçaldılmasını qəbul etmirəm”.
Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Siyavuş Novruzov qeyd edib ki, AXC-Müsavat cütlüyünün əməlləri nəticəsində Azərbaycan öz müstəqilliyini ən gec elan edən ölkələrdən biri olub: “Ümummilli lider Heydər Əliyev Naxçıvanın SSRİ-dən ayrılmasına nail olub. Oktyabrın 18-də bizim hansısa bəyanatımız, müraciətimiz olacaqsa, bu hissə də nəzərə alınmalıdır. Ümummilli lider parlamentdə müstəqilliyin bərpasına çalışan ilk insanlardan olub. O vaxtkı dövrdə iki səsvermə olub. Bu gün özünü istiqlalçı deputat hesab edənlər bütövlükdə müstəqilliyin bərpasına səs verən deputatları qeyri-istiqlalçı deputat hesab edirlər. Tarix gələcəyə düzgün çatdırılmalıdır”.report