O, bir çox ekran əsərlərində epizodik rollar oynayıb, amma nümayiş etdirdiyi sənətlə tamaşaçıların xatirəsində əbədiyaşarlıq qazanıb. Elə təkcə “Ulduz” filmindəki kolxoz sədri Qədir rolu tanınmış aktyor Bahadur Əliyevi xatırlamağa kifayət edir.
16 sentyabr – aktyor Bahadur Əliyevin anım günüdür.
Belə ki, 69 illik ömrünün 39 ilini milli kino sənətinin inkişafına həsr edən Bahadur Əliyevin qısa həyat hekayəsini təqdim edirik.
Aktyor və kino istehsalı təşkilatçısı Bahadur Əliyev sənətdəki xidmətləri müqabilində layiqli qiymətini ala bilməyən sənətkarlardandır.
Ona heç bir fəxri ad, titul, mükafat verilməyib. Heç özü də bunun üçün kimsəyə ağız açmayıb.
Sənət yoldaşları deyirlər ki, B.Əliyev üçün rolun böyüyü, kiçiyi olmayıb. O, həmişə yaratdığı obrazın canlı, təbii olmasına, yadda qalmasına, tamaşaçılar tərəfindən sevilməsinə çalışıb və buna nail olub.
Aktyor irili-xırdalı 80-ə yaxın filmə çəkilib. Kim deyə bilər ki, “Ulduz” filmindəki kolxoz sədri Qədiri Bahadur Əliyevdən daha yaxşı oynaya bilən olardı. Yeri gəlmişkən, bunu sənət dostları da təsdiqləyir ki, oynadığı kolxoz sədri rolu Bahadur Əliyevin özündən daha çox məşhur oldu. Bu obraz o qədər gözəl ifa olunub ki, bütün hərəkətləri və sözləri hələ də dillər əzbəridir. Məsələn, Qədirin “adə, bu him-cim nə yaxşı şeydir” ifadəsi, yaxud da onun dilindən ifa edilən “Mən Qədirəm, yollar üstə duraram” mahnısının sözləri indi də məqamı gələndə işlədilir.
Filmlərdə kiçik, bəzən heç adı olmayan rollarda, kütləvi səhnələrdə görünsə də, böyük arzularla yaşayan aktyor yeni ekran əsərlərində məşhur qəhrəmanları canlandırmağın xəyallarını qururdu.
Görkəmli aktyor enişli-yoxuşlu, çətin sınaqlarla dolu həyat yolu keçib.
Bahadur Atabala oğlu Əliyev 1933-cü il fevralın 24-də Masallı rayonunun Sığıncaq kəndində dünyaya göz açıb. O, hələ orta məktəbdə oxuyarkən incəsənətlə maraqlanıb, ali təhsil almaq üçün hara gedəcəyini və aktyor olacağını elə o zamandan müəyyənləşdirib.
Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Teatr İnstitutunun kino və dram aktyorluğu fakültəsinə daxil olur. İnstitut həyatı, görkəmli sənətkarlardan aktyorluq sənətinin sirlərinə yiyələnməsi, institut səhnəsində yoldaşları ilə birgə tamaşalarda iştirak etməsi gənc tələbə-aktyorun qarşısında yeni perspektivlər açır.
1956-cı ildə institutu bitirən Bahadur Əliyevin təyinatını Bakı kinostudiyasına verirlər.
Bir ildən sonra onu aktyor vəzifəsinə irəli çəkirlər. 1957-1959-cu illərdə “Kölgələr sürünür”, “Bir məhəllədən iki nəfər”, “Onun böyük ürəyi” və “Onu bağışlamaq olarmı?” filmlərində kiçik rollarda çəkilir. Özü deyirdi ki, həmin kiçik rollar onün üçün gələcək filmlərə gedən yolda istinad nöqtəsi olub.
Lakin günlərin birində – 1959-cu il oktyabrln 3-də onu kinostudiyanın kadrlar şöbəsinə çağırıb deyirlər ki, işin həcmi azaldığına görə tutduğunuz vəzifədən azad olunursunuz.
Bu işdən çıxarılma ona çox pis təsir edir.
Bahadur Əliyev bir ildən sonra Bakıdakı Lal-Karlar Mədəniyyət evinə bədii rəhbər vəzifəsinə işə düzəlir. Amma Lal-Karlar Mədəniyyət evində 15 gündən artıq qala bilmir və ərizə yazıb öz xahişi ilə işdən çıxır.
Nəhayət 1961-ci il mayın 12-də yenidən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına işə qayıdır. Bu dəfə korrektor vəzifəsinə. O, bu vəzifədə yazı-pozu ilə məşğul olsa da, əsas işi filmlərə çəkilmək idi.
1961-1965-ci illərdə aktyor “Telefonçu qız”, “Əmək və qızıl gül”, “Romeo mənim qonşumdur” filmlərinə çəkilir, “Böyük dayaq”da komsomolçu, “Möcüzələr adası”nda neftçi, “Sehirli xalat”da xanın əsgəri rollarında da çıxış edir.
Nəhayət 1964-cü ildə bəstəkar Süleyman Ələsgərovun eyniadlı operettası əsasında ekranlaşdırılan “Ulduz” musiqili kinokomediyası Bahadur Əliyevin məşhurluq qazanmasına səbəb olur.
Məhz Bahadur Əliyevin məharətli aktyorluq bacarığı sayəsində kolxoz sədri Qədirin şöhrətpərəst, özündən müştəbeh, kütbeyin olması tam çılpaqlığı ilə tamaşaçıya çatdırılıb.
Kolxoz sədri rolu ona məşhurluq qazandırsa da, aktyorun bəxti yenə gətirməyib.
Bahadur Əliyev “Ulduz” filmində özünü aktyor kimi bir daha təsdiq edəndən sonra daha böyük rollara dəvət olunacağını düşünərkən, kinostudiyanın rəhbərliyi onu böyük inzibatçı vəzifəsinə keçirir.
Amma B.Əliyev bu vəzifədə işləməklə yanaşı “Dağlarda döyüş”, “Uşaqlığın son gecəsi”, “Yenilməz batalyon” bədii filmlərində epizodik rollar oynayıb. Daha sonra “İstintaq davam edir” filmində təhlükəsizlik orqanının əməkdaşı, kapitan Əliyev, “İyirmialtılar” tarixi-inqilabi filmində Bakı komissarlarının Azərbaycan xalqını xoş sabaha çıxaracağına inanan gənc fəhlə rollarında çıxış edir.
Bir inzibatçı kimi özünü doğrultduğuna görə, kinostudiyanın o vaxtkı direktoru Adil İsgəndərov Bahadur Əliyevi 1968-ci il sentyabrın 1-dən dublyaj qrupu direktorunun müavini vəzifəsinə irəli çəkir. O, bu vəzifədə 1973-cü ilə kimi işləyir.
O, “Axırıncı aşırım”, “Bizim Cəbiş müəllim”, “Babək”, “O qızı tapın”, “Dərviş Parisi partladır”, “Özgə ömür”, “Firəngiz” bədii filmlərində də fərqli rollar oynayıb.
Bahadur Əliyev SSRİ və Hindistan kinosunun birgə istehsalı olan məşhur “Əlibaba və 40 quldurun macəraları” filmində də rol alıb. Beləliklə də, onun bəxtinə hind kinosunun ulduzları Dxarmendra, Xema Malini, Zinyət Amanla eyni səhnəni bölüşmək qisməti yazıldı.
O, Hindistan istehsalı olan daha bir filmdə – “Abdulla”da da çəkilib.
Yeri gəlmişkən, B.Əliyev Özbəkistan kinematoqrafçılarının istehsal etdiyi “Odlu yollarla”, “Şerəli və Aybərçin” bədii filmlərində də çıxış edib.
Bahadur Əliyev kinostudiyada işlədiyi müddətdə xarici və sovet filmlərinin Azərbaycan dilində səsləndirilməsində yaxından iştirak etdiyinə görə “dublyajın vuran ürəyi” adlandırılıb.
Aktyorun həyat və yaradıcılığını araşdıran tanınmış kinoşünas Aydın Kazımzadə yazır:
“O, 1973-cü il aprelin 24-də kinoaktyor ştatına keçirilir, ali kateqoriyalı kinoaktyor vəzifəsində təqaüdə çıxana kimi, yəni 1995-ci ilə qədər çalışıb.
Bahadur Əliyev “Babək” filmində Divdad – Afşinin əsgəri, “Dərviş Parisi partladır” filmində at almaq üçün Qarabağa gəlmiş özbək bəy, “Evlənmək istəyirəm” kinokomediyasında bəy, “Özgə ömür”də qonşu, “Firəngiz” televiziya filmində Davud və digər rollarda çəkilib”.
A.Kazımzadə yazır ki, Bahadur Əliyevin yaradıcılıq bioqrafiyasında adları çəkilən filmlərin böyük əksəriyyətində oynadığı rollar epizodikdir. Lakin o, ən xırda rolu belə həvəslə, istəklə ifa edirdi:
“Özünü bütünlüklə kino sənətinə həsr edib, həyatının mənasını bu sənətdə tapan Bahadur Əliyevin kino fəaliyyəti bununla bitmir. O, “Mozalan” satirik kinojurnalının bir çox bədii süjetlərində müxtəlif mənfi tiplərin surətlərini yaradıb”.
Kinoşünas Aydın Kazımzadə bildirib ki, kinostudiyada ona “Bərəkətli Bahadur” deyiblər:
“Bu ləqəb ona 10 uşaq atası olması ilə bağlı verilib. Ailəsinin böyük olmasına baxmayaraq, mənzili qonaq-qaralı olardı. “Mən uşaqlarımı kinostudiyanın çörəyi ilə böyütmüşəm” deyən Bahadur, bu sənət ocağında fəaliyyət göstərməsi ilə fəxr edirdi”.
Bahadur Əliyevin sonuncu çəkildiyi ekran əsəri 1985-ci ildə lentə alınan “Bəyin oğurlanması” filmidir. Kütləvi səhnələrdə yer alan B.Əliyev filmin sonuna yaxın kolxoz sədri Hidayət müəllimlə (Səməndər Rzayev) birgə rəqs edir. Lakin rəsmi geyimdə – kostyum və qalstukda olan Bahadur Əliyevin filmdə kimliyi bilinmir.
90-cı illərin məlum hadisələri və kinomuzun düşdüyü çətin vəziyyət aktyor Bahadur Əliyevin də həyatından yan ötməyib. Uzun müddət filmlərə çəkilməmək bir sıra sənətkarlar kimi Bahdur Əliyevin də səhhətinə ağır təsir göstərir.
Görkəmli aktyor Bahadır Əliyev 2002-ci il sentyabrın 16-da Sumqayıt şəhərində yol gedərkən ürəktutmasından faciəli şəkildə vəfat edir. 69 yaşında həyatla vidalaşan sənətkarı doğulduğu kənddə torpağa tapşırırlar.
Bahadur Əliyevin oğlu Rauf Əliyevin dediklərinə görə, orta məktəbi əla qiymətlərlə bitirən B.Əliyev Teatr institutuna qəbul imtahanlarına gecikməsinə baxmayaraq, verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirdiyinə görə, ali məktəbə qəbul olunur. Hətta tələbə ikən ailə qurur.
Aktyorun qızı Şəhla Əliyeva atası ilə bağlı xatirələrində qeyd edib ki, Bahadur Əliyev övladlarının onun yolunu davam etdirməsini istəməyib, atasının sənətdən küskün getməsindən təəssüf hissiylə bəhs edib.Modern.az