Ukrayna Rusiyanın Kursk vilayətində yeni hərbi əməliyyata başlayıb.
Hokm.az-ın məlumatına görə, Kiyevdən əməliyyatla bağlı rəsmi açıqlama verilməyib.
Lakin yüksək rütbəli ukraynalı məmur Qərb mətbuatına bildirib ki, Rusiya “layiq olduğunu görüb”.
Hücum Ukrayna Silahlı Qüvvələrinin Pokrovskdan cənubda bir vaxtlar mühüm qalası sayılan Kuraxovo şəhərinin ələ keçirilməsi fonunda baş verir.
Son bir neçə həftə ərzində Rusiya hərbi kanallarında yeni hücumun istiqaməti ilə bağlı müxtəlif versiyalar irəli sürülür, Ukrayna bölmələrinin şimal istiqamətinə köçürülməsi və növbəti hücumun mümkün hazırlığı barədə məlumatlar yayılıb.
Əməliyyatın başlaması ilə Ukrayna Silahlı Qüvvələrinin komandanlığı yerli mediadan susma rejiminə əməl etməyi tələb edib.
Ukrayna Hərbi Qərargahının yanvarın 5-nə olan hesabatında deyilir ki, Kursk vilayətində 42 hərbi toqquşma olub.
Yeni ilin ilk günü Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin Kursk vilayətinə səfəri də diqqətəlayiqdir.
BBC qeyd edir ki, hazırda Ukraynanın Sudjadan Bolşoy Soldatskoye kəndinə və Berdin fermasına doğru irəlilədiyi bildirilir. Ukrayna ordusu rayon mərkəzinə və Kursk Atom Elektrik Stansiyasının yerləşdiyi Kurçatov şəhərinə aparan magistral yolda görünüb. Sudjanın şimal-qərb və şərqində də Ukrayna Silahlı Qüvvələrinin hücumları olduğu qeyd olunur.
Rusiyanın müharibə blogerləri Sudjanın şimalında Ukrayna zirehli texnikasının hərəkəti barədə məlumat verib. Müdafiə Nazirliyi də Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumunu faktiki olaraq təsdiqləyib. Qurum hücumun dəf edildiyini bildirib, lakin bu iddia müstəqil mənbələr tərəfindən təsdiqlənə bilməyib.
Hücum yeni başladığı üçün ekspertlər bunun məqsədini ilə bağlı danışmağa tələsmir. 2024-cü ilin avqustunda Ukrayna Silahlı Qüvvələri Kursk vilayətini ələ keçirərkən əməliyyatın məqsədlərindən biri Rusiya ordusunun Donetsk bölgəsindəki hücumdan yayındırmaq olub.
Qeyd edək ki, Ukrayna 2024-cü ilin avqustunda Kurska qarşı ilk əməliyyatı təşkil etdikdən sonra ələ keçirdiyi torpaqlarda qalmağa davam edir. Bu vaxt ərzində bölgədə yaşayan 200 minə yaxın Rusiya vətəndaşının təxliyə edildiyi bildirilir.
Rusiyanın bölgəyə 11 minə yaxın Şimali Koreya əsgərini göndərdiyi iddia edilir. Moskva bu qoşunların mövcudluğunu nə təsdiq, nə də təkzib edir.
ABŞ dövlət katibi Antoni Blinken bazar ertəsi, yanvarın 6-da verdiyi açıqlamada, burada minə yaxın Şimali Koreya əsgərinin öldürüldüyünü və ya yaralandığını bildirib.
Ukrayna lideri Volodimir Zelenski bu rəqəmin 3800 civarında olduğunu iddia edib. Zelenski Şimali Koreya əsgərlərinin tanınmamaq üçün üzlərinin yandırıldığını da iddia edib. O, bazar ertəsi günü Rusiyanın Kursk bölgəsində Ukrayna qüvvələrinə qarşı gedən beş ay ərzində ağır itkilər verdiyini və 15 minə yaxın hərbçinin öldüyünü bildirib. “Kursk əməliyyatı zamanı düşmən təkcə bu istiqamətdə artıq 38 min əsgərini itirib, bu itkilərin 15 minə yaxını geri qaytarıla bilməz”, – deyə Zelenski gecə videomüraciətində bildirib.