“Türkiyə ilə müntəzəm və etibarlı siyasi dialoqumuz var”.
Hokm.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşün protokol hissəsində çıxışında bildirib.
Rusiya XİN başçısı iki ölkə arasında bu gün müxtəlif səviyyələrdə təmasların dərin simvolik əhəmiyyətə malik olduğunu vurğulayıb: “Xatırladım ki, məhz bu gün, 16 mart 1921-ci ildə Sovet İttifaqı ilə Türkiyə Böyük Millət Məclisi arasında dostluq və qardaşlıq haqqında müqavilə imzalanıb”.
Lavrov türkiyəli həmkarı ilə görüşün əsas mövzusunun Ukrayna olduğunu bildirib: “Əgər xarici siyasət mövzusundan danışsaq, onda bu gün bizim üçün əsas mövzu Ukraynadır, oradakı vəziyyətin tezliklə nizamlanmasıdır. Sirr deyil ki, bizim Ukrayna məsələsində mövqeyimiz üst-üstə düşmür. Lakin biz Türkiyənin tutduğu mövqeni qiymətləndiririk və böyük hörmətlə yanaşırıq. Türkiyə hazırkı böhrandan irəli gələn tapşırıqlara obyektiv yanaşmağa çalışır”.