Ukrayna böhranı dünya siyasətinə möhür vuracaq: balans, yoxsa tərəfbackend

Ukrayna böhranı dünya siyasətinə möhür vuracaq: balans, yoxsa tərəf

İrimqyaslı müharibə qapıdadır və indi hər kəsi bir sual düşündürür: Qərb öz müttəfiqini təcavüzkardan qoruyacaqmı?

Almaniyanın Ukraynaya silah satan dünya dövlətləri üçün öz hava məkanını qapatması beynəlxalq ictimaiyyətdə müzakirə olunan əsas mövzulardan biridir. Analitiklər hesab edirlər ki, rəsmi Berlinin bu qərarı ABŞ ilə Avropa Birliyi arasında Ukrayna böhranına münasibətdə kəskin ziddiyyətlərin mövcud olduğunu göstərir. Onların qənaətinə görə, Avropa bu yolla enerji resursları ilə bağlı öz maraqlarının toxunulmazlığını təmin etməyə çalışır.

Almaniyanın son addımı Ukraynada da kəskin etirazla qarşılanıb. Ukraynalı siyasətçilər Qərbi ikinci dəfə Ukraynanı satamaqda ittiham edərək, bütün bunların fonunda Rusiyanın daha da güclənəcəyini bildirirlər. Öz növbəsində paytaxt Kiyevin meri Vitali Kliçko Almaniyanın Ukraynaya silah tədarükündən imtina etməsini xəyanət adlandırıb. O, Almaniya hökumətinin “Şimal axını-2” layihəsini dəstəkləməyə davam etməsindən dərin məyusluq keçirdiklərini söyləyib.

Politoloq Şahin Cəfərli AYNA-ya şərhində deyib ki, Almaniya hər zaman Rusiya ilə tərəfdaşlıq edib: “Bu mənada rəsmi Berlinin atdığı addımlar gözlənilən idi. Almaniya hər zaman Rusiya ilə münasibətlərə xüsusi önəm verib. Bunun başlıca səbəbi bu ölkənin Rusiyadan təbii qaz alması ilə bağlıdır. Heç kimə sirr deyil ki, hazırda Rusiya Almaniyada əsas qaz idxalçısıdır və bu Avropa ölkəsi mavi yanacağa olan tələbatını əsasən bu yolla təmin edir. “Şimal axını-2” məsələsində Berlinin tutduğu prinsipial mövqe də bunun bariz nümunəsidir. Hansı ki, ABŞ və mütəffiqləri bu layihənin  reallaşmasının qarşısını almağa çalışırdı. Digər səbəb Almaniya vətəndaşları arasında Rusiya mədəniyyətinə olan rəğbətlə bağlıdır. Şərqi Almaniyada mənşəcə rus olan vətəndaşların sayı çoxdur və seçkilərin taleyinə həlledici təsir göstərirlər”.

Analitin sözlərinə görə, Almaniya ABŞ-ın Avropanı istismar etməsinə qarşı Rusiya amilinin rolundan da əmindir: “Təkcə Almaniya deyil, digər Avropa dövlətləri, o cümlədən Fransa da onunla eyni mövqeni bölüşür. Hesab edirlər ki, Rusiya faktoru ABŞ-ın Avropa üzərində dominant rolunu zəiflədən məqamdır. Digər səbəb Rusiyada Almaniya istehsalı olan məhsullara tələbatın olmasına görədir. Təbii ki, almanlar böyük Rusiya bazarını itirmək istəmirlər. Görünən odur ki, həm Almaniya, həm də Fransa müstəqil və balanslaşdırılmış siyasət yürütməyə üstünlük verir”.

“Sözsüz ki, baş verənlər Rusiyanın mövqelərini əhəmiyyətli dərəcədə gücləndirir. Bu mənada ukraynalı siyasətçilərin Almaniyanın son addımı ilə bağlı söylədikləri başadüşüləndir. Çünki Ukrayna kifayət qədər güclü və yırtıcı bir qüvvə ilə üz-üzə dayanıb”, – deyə həmsöhbətimiz bildrib.

ABŞ və Qərbin demokratiya tələbi olan dövlətləri təkbaşına buraxmasına dair iddialara toxunan Cəfərli bununla qismən razılaşır: “Əgər bu, tam belə olsaydı, o zaman nə Gürcüstanda, nə də Ukraynada demokratik dəyişikliklər baş verərdi. Unutmaq lazım deyil ki, Qərbin dəstəyi adıçilən dövlətlərin demokratik sistemə keçidində ciddi amil olub. Ancaq bununla yanaşı, Qərbin lazımi səviyyədə dəstək verməməsi ilə bağlı iddialar da həqiqətə uyğundur. Xüsusən Obama dövründə bu istiqamətdə yürüdülən uğursuz siyasət xüsusi qeyd edilməlidir. Səkkiz il öncə ABŞ Ukrayna məsələsində heç bir əsas olmadan Rusiyaya güzəştə getdi və bu gün üçün belə bir böhranlı vəziyyətin yaranmasına rəvac verdi. İndiki halda, hətta onların dəstəyi olsa belə, bu, gecikmiş addım kimi qiymətləndirilə bilər. Unutmaq lazım deyil ki, Qərbin də öz maraqları mövcuddur və bir çox məsələlərə onlar məhz öz maraqları konteksindən yanaşırlar”.

Azərbaycanlı Gənclərin Avropaya İnteqrasiya Təşkilatının (AGAT) təsisçisi, siyasi şərhçi Gülsel Səfərova AYNA-ya söyləyib ki, Qərbin Ukraynanı nəzarətə almaq istiqamətində strateji məqsədləri məntiqi yekuna yaxınlaşmaq üzrədir: “Təbii ki, həm Ukrayna NATO-ya üzv olmaq istəyir, həm də NATO onu qəbul etməyə hazırdır. Bu iki tərəfin qərar verməsinə əngəl törədən isə Rusiyadır. Moskva heç bir halda Ukraynanın NATO-ya üzv olmasına imkan vermək istəmir. Hesab edir ki, bu, onun təhlükəsizliyi üçün ciddi təhdiddir”.

“Bütün bunların fonunda dünyanın aparıcı oyunçuları açıq mövqe ortaya qoyurlar. Ukraynanın hərbi və siyasi baxımdan poliqona çevrildiyi bir dövrdə Almaniya və digər Avropa dövlətlərinin ehtiyatlı siyasət yürütməsi də başadüşülən və anlaşılandır”, – deyə müsahibimiz vurğulayıb.

AGAT sədri hesab edir ki, ABŞ və Qərb Ukrayna məsələsində sona qədər prisnipiallıq nümayiş etdirəcək: “Lakin bu, o demək deyil ki, onlar bu hərbi müstəvidə üz-üzə gələcəklər. Təbii ki, belə hadisə baş verməyəcək. Lakin Rusiyaya qarşı sanksiyalar davam edəcək ki, bu da öz növbəsində iqtisadiyyatı sürətlə kiçilməkdə olan Moskvaya çox ciddi problemlər yaradacaq”.

“Burada haşiyəyə çıxıb bir məqamı qeyd etmək istəyirəm ki, bütün hallarda müstəqil və balanslaşdırılmış xarici siyasət daha məqbuldur. Biz bunu Ukraynanın timsalında aydın görürük. Hər bir beynəlxalq güc Ukrayna faktorundan öz maraqlarını həyata keçirmək üçün istifadə edir. Vəziyyət o həddə qədər irəliləyib ki, rəsmi Kiyev müstəqil qərar vermək iqtidarında deyil. Hesab edirəm ki, baş verənlər Ukraynanın gələcək taleyinə aydınlıq gətirəcək. Ya bu dost ölkə NATO-ya üzv olacaq, ya da uzun müddət münaqişə davam edəcək. Yəni, vəziyyət Ukrayna üçün böhranlıdır və bunun da əsas səbəbi söylədiyim kimi, bu ölkənin dünya gücləri arasında poliqona çevrilməsi ilə bağlıdır”, – deyə Səfərova fikrini yekunlaşdırıb.

  •  (1)
  •  (0)