Uğura gedən yol nədən başlayır – Üç şirkət sahibibackend

Uğura gedən yol nədən başlayır – Üç şirkət sahibi

Dünyada azad bazar iqtisadiyyatının alternativi yoxdur. Sağlam rəqabət mühitinin formalaşması, azad sahibkarlığın inkişafı bu mənada xüsusi əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, son dövrlər Azərbaycanda müasir dəyərləri əks edən, yeni dövrün tələb və şərtləri ilə ayaqlaşan biznes müəssisələri ərsəyə gəlməkdədir.

Gənc sahibkar Xanoğlan Ramazanov çoxsaylı müştərilərinə maliyyə və mühasibatlıq xidmətləri göstərən “Qanun mühasibatlıq xidmətləri” şirkətinin, eyni zamanda “Hanoglu Baklava & Lokum” brendi ilə tanınan “Hanoglu” və “Xarı Bülbül Aqro” şirkətlərinin təsisçidir. Biznes fəaliyyətinə başlamasından uzun zaman ötməsə də, kifayət qədər ciddi uğurlara imza atmış müsahibimizlə gördüyü işlərdən tutmuş ölkə iqtisadiyyatının inkişaf perspektivlərinə qədər çox mətləblərdən danışdıq.

– Azərbaycanda peşəkar maliyyə və mühasibatlıq şirkətlərindən danışarkən “Qanun mühasibatlıq xidmətləri” MMC-nin adının üzərindən sükutla keçmək olmur. Şirkətin tarixinə qısaca ekskurs edək..

– 10 ildən artıqdır ki, maliyyə və mühasibatlıq sahəsində fəaliyyət göstərirəm. 2011-ci ildə “Seha Elektrik” şirkətində mühasib kimi əmək fəaliyyətinə başladım. Şirkətin maliyyə və mühasibat işlərinə məsul idim. Çox sağolsun həmin vaxt şirkətin baş mühasib postunda əyləşən şəxs demək olarki o dövr üçün mühasibatlığın bütün incəliklərini mənə öyrətdi. Onun nəticəsidir ki, cəmi altı ay sonra baş mühasib postuna təyin olundum, (həmin şəxs isə direktor təyin edildi) və şirkət fəaliyyətini dayandırana, yəni, 2016-cı ilə qədər bu postda çalışdım. Ardınca digər şirkətdə çalışsam da, daxili arzuma səs verərək, paralel olaraq sərbəst fəaliyyət imkanlarımı da nəzərdən keçirdim. Təbii ki, radikal dəyişikliklər məqbul yol deyil və tədricən öz kontingentimi formalaşdırmağa başladım. İki il ərzində gördüm ki, fəaliyyətimizə maraq yüksəkdir və bundan sonra qərar gəldim ki, strukturlaşmış şirkət yaradım. Sizin də qeyd etdiyiniz kimi, məhz o dövrdə təsis etdiyim “Qanun mühasibatlıq xidmətləri” MMC kifayət qədər uğurlara imza ata bilib.

– Maliyyə və mühasibatlığı hər bir şirkətin sütünü adlandırırlar. “Qara mühasibatlığ”ın tarixə qovuşmaq üzrə olduğu mövcud şəraitdə bu sahədə hansı yeniliklər var?

– Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, bu sahənin incəliklərindən xəbərdar olan mütəxəssislərin sayı çox azdır. Məhz elə bu səbəbdən də peşəkar heyətə və komandaya malik şirkətlərə tələbat sürətlə artır. Digər yandan əvvəlki dövrlərlə müqayisədə artıq hər şey şəffaflığa, rəsmiyyətə doğru gedir. Bir neçə il öncəyə qədər sahibkarlar rəsmiyyətdən qaçmağa çalışsalar da, artıq anlayırlar ki, şəfffalıq və rəsmiyyət onların qarşısında geniş imkanlar açır. Müasir şirkətlər əqdləri və razılaşmaları məhz o şirkətlərlə bağlayırlar ki, onların hesabatlılığı yüksək olsun. Yəni, rəsmi fəaliyyət həm də şirkətlər üçün bir portfel rolunu oynayır. Bütün bunların fonunda isə mütəxəssis qıtlığı hökm sürür. Biz də bunu nəzərə alaraq, həm də bir məktəb rolunu oynamağa çalışırıq. Təlimlər, sınaq müddəti, ixtisas artırma və digər yollarla peşəkar kadrların həm şirkətimizin fəaliyyətinə cəlbinə, həm də yetişməsinə öz töhfəmizi veririk. Bu həm də sosial məsuliyyətdir.

– Bu sahə çoxvektorludur. Təkcə rüblük hesabatları verməklə iş bitmiş sayılmır. Bəlkə biraz bu sahənin incəlikləri barədə danışaq…

– Hər bir sahədə olduğu kimi, bu sahədə də təkmilləşmək, müasir yenilikləri əsx etmək, öz üzərində işləmək qaçılmaz və labüddür. Lakin biz nəyin şahidi oluruq? Konkret olaraq bizim sahədə əksər mühasiblər bunu etmirlər. Bəzən kənardan belə fikirlərə rast gəlirik ki, mühasibatlıqda yaxşı gəlir var. Bu amili rəhbər tutub nə qədər insan bu sahəyə təşrif buyursa da, yekunda məyusluğa düçar olurlar. O zaman sual yaranır ki, niyə sizdə alınır, bizdə yox?! Çünki şirkətin rəhbəri olaraq gərgin iş qrafikinə baxmayaraq, gecə saat 4-ə qədər mütaliə edirəm.Demək olar ki iqtisadiyyatın, sənayenin bütün sahələri üzrə ticarət və ya xidmət üzrə fəaliyyət göstərən bütün şirkətlərə , bütün növ sahibkarlıq subyektlərinə mühasibatlığın istənilən sahəsində xidmət göstəririk. Biz həm ƏDV-nin bütün dərəcələri üzrə fəaliyyət göstərən vergi ödəyiciləri, Sadələşmiş vergi ödəyiciləri və həmçinin Mənfəət Vergi ödəyiciləri ilə əməkdaşlıq edirik. Əgər biz hər bir sahəyə fərdi yanaşaraq, orada baş verən incəliklərindən xəbərdar olmasaq, şübhəsiz ki, uğurlu fəaliyyət göstərə bilməyəcəyik. Mühasib kadr, vergi, uçot və maliyyəni bilməlidir. Bunları bilmədən isə inkişaf yoxdur və olmayacaq.

– Azərbaycanda maliyyə və mühasibatlıq sahəsində ixtisaslaşmış universitetlər fəaliyyət göstərir. Nəzəri biliklər bu sahədə peşəkar kadr olmaq üçün yetərlidirmi?

– Nə qədər acı olsa da deyim ki, bu universitetlərin məzunları mühasib işləyəcək bilik və bacarıqlara sahib deyillər. Misal üçün, mən özüm də ali təhsiliyəm, lakin diplomumun peşəkar fəaliyyətimdə heç bir rolu və əhəmiyyəti olmayıb. Bəli diplomum var və bu mənim sadəcə ali təhsil aldığıma dair bir dövlət sənədidir. Unutmaq lazım deyil ki, hər bir ixtisas üzrə diplom sadəcə bir başlanğıcdır. Bəzən isə heç bu da deyil. Hər şey təcrübədən, araşdırmadan, səydən və əzmdən başlayır. Konkret sualınıza cavab olaraq bildirim ki, ixtisalaşmış ali təhsil diplomu mühasib olaraq çalışmaq üçün yetərli deyil.

– Bəs peşəkarlığa gedən yol nədən keçir? Uğurlu maliyyəçi və mühasib olmağın “açar sirri” nədir?

– Bazar iqtisadiyyatı dövründə hər hansı sahəyə tələb varsa, deməli, həmin sahə üzrə təkmilləşməyə zəmin yaradan tədris müəssisələrinin də sayı çoxdur. Digər yandan biz internet əsrində yaşayırıq. İnformasiya almaq üçün yetərli imkanlarımız mövcuddur. Gənclərə, gələcəyin mühasiblərinə tövsiyyə edərdim ki, həm nəzəri, həm də təcrübə kurslarında içtirak etsinlər. Yəqin ki, kursu bitirdikdən sonra onları kimsə 2-3 aylıq sınaq müddətinə işə götürəcək. Burada isə təcrübə qazanmaq imkanı əldə edəcəklər. Bu gün hətta adi kargüzarlığa da ehtiyac çoxdu. Normal bazarda işləyən bir adama mühasib saxlamaq da gərəkli deyil. Sahibkar öz kitabçasında hər şeyi qeyd edir. Amma rəsmiyyətə keçəndə artıq məcbur qalır ki, mühasib axtarsın. Deyək ki, kadr tapmadı, konsaltinq şirkəti ilə razılaşdı. Bunun qaimələri, müqavilələrini kimsə yazmalıdır. Buna görə konsaltinq şirkətlərində də mühasiblərə ehtiyac var. Dediyim odur ki, təcrübə toplamaq üçün kifayət qədər imkanlar var. Bizə müraciət edənlərə tövsiyyə edirik ki, əvvəlcə bir neçə aylıq kurslarda iştirak et, müəyyən təsəvvür formalaşsın, sonra sıralarımıza qatıl.

– İş adamlarını düşündürən əsas suallardan biri də budur: Fərdi mühasibat sistemi yararlıdır, yoxsa bu işi peşəkar şirkətlərə həvalə etmək?

– Hər bir şirkətin spesifik fəaliyyət sahəsi var və hər şey də məhz buna görə dəyişir. Təsəvvür edək ki, hər hansı konsaltinq şirkəti 1500 AZN qiymətlə razılaşır və bütün maliyyə xidmətlərini həyata keçirir. Bu sahədən məlumatlı olan bir şəxs kimi deyə bilərəm ki, bu məvacibə işləyən mühasib analoji xidməti göstərə bilməyəcək. Çünki öz evində oturub, 600 AZN qarşılığında bir neçə şirkətə xidmət göstərib, bundan daha artıq vəsait əldə bilər. Beynəlxalq təcrübədə əksər şirkətlər bu işləri konsaltinq şirkətlərinə etibar edir. Azərbaycanda da artıq belədir və son dövrlər konsaltin şirkətlərinə üz tutanların sayında xüsusi artım var.

– Beynəlxalq təcrübə bizə nə deyir? Azərbaycan bu sahədə Avropa protokollarına uyğunlaşa bilirmi?

– Beynəlxalq miqyasda çalışan bir neçə böyük şirkətlər mövcuddur. Onlar daha böyük maliyyə qarşılığında xidmət göstərirlər. Azərbaycanda da fəaliyyətləri var. Onların beynəlxalq uçotu ilə yerli uçot arasındakı fərq çoxdur, vergi məsələlərində ciddi fərqlər var. Yəni, yanaşma fərqlidir. Məsələn, İlin sonuna əsas vəsaitin qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərinin 5 faizindən az olduqda, qalıq dəyərinin məbləği gəlirdən çıxılır.Yəni artıq əsas vəsait sayılmır. Beynəlxalq təcrübədə isə belə bir qayda yoxdur.Bunun kimi bir neçə misalları göstərmək olar. Bu baxımdan yerli bazarı analiz edə bilən, öz fəaliyyətini buna uyğunlaşdıran konsaltinq şirkətləri ilə işləmək daha məqbuldur. Deyək ki, hər hansı yerli bir şirkət xarici şirkətlə əməkdaşlıq etmək istəyirsə və ondan uçot tələb olunursa təbii ki ondan beynəlxalq uçot tələb olunur. Lakin bir məsələ var ki, Vergi Məcəlləsi beynəlxalq şərtlərə uyğunlaşdırılır və bu yerli konsaltinq şirkətlərinin də qarşısında geniş imkanlar açır.

– Fəaliyyət sahələriniz çoxdur deyəsən. “Qanun mühasibatlıq xidmətləri”ndən başqa bir neçə şirkətiniz də var? Elə başlayaq “Xarı Bülbül Aqro”dan…

– “Xarı Bülbül Aqro” kənd təsərrüfatı sektorunda ixtisaslaşan, gübrə, buğda toxumu, qarğıdalı toxumu, suvarma sistemlərinin idxalını və satışını həyata keçirən bir şirkətdir. Xaçmaz rayonu ərazisində 50 hektar taxıl əkmişik. Qarşıdakı dövrdə qarğıdalı əkməyi də planlaşdırırıq. Bundan əlavə şirniyyat sahəsində də fəaliyyətimiz var.Dədə Qorqud parkının yaxınlığında Ceyhunbəy Hacıbəyli küçəsi 53F ünvanında yerləşən “Hanoglu Baklava & Lokum” brendi ilə tanınan “Hanoglu” şirkəti də bizə məxsusdur.

– Qənnadı sektorunu gərgin rəqabətin hökm sürdüyü sahədir. Şirniyyat brendi ərsəyə gətirmək iddiası necə yarandı?

– Bu sahədə də fəaliyyət sferamız fərqlidir. VİP məhsullar olduğu üçün qiymətlərimiz də nisbətən yüksəkdir. Sıfırdan başladığımız və keyfiyyətli xidmət üslubu seçdiyimiz üçün dövriyyə yaratmaq bir o qədər də asan məsələ deyil. Lakin qərarlıyıq və əminik ki, bu sektorda da öz yerimizi tutacağıq.Və deyərdim ki, fəaliyyətə başlamağımızdan cəmi 6-7 ay keçməsinə baxmayaraq buna nail ola bilmişik, artıq türk paxlavası deyəndə çox adamın ağlına “Hanoglu Baklava & Lokum” gəlir..(gülür)

– Həm də iqtisadçısınız. Yerli istehsalın artırılmasının vacibliyi ən yüksək rəsmi səviyyədə ifadə olunur. Ölkə iqtisadiyyatının inkişafı üçün hansı addımlar atılmalıdır?

– Son prezident seçkilərindən sonra inqurasiya çıxışı zamanı cənab Prezident İlham Əliyev bəyan etdi ki, ölkəmiz ciddi dəyişikliklər dövrünə qədəm qoyur. Ötən dörd il ərazində idarəetmədə, qanunvericilikdə, iqtisadiyyatda çox şeylər dəyişdi. Təbii ki, bu dəyişikliklər davam edir və bundan yaxşı mənada təsirlənən sahələrdən biri də aqrar sektordur. Dövlət başçısının bu sahənin inkişafı ilə bağlı siyasi iradəsi, Kənd Təsərrüfatı Nazirliyinə və tabeliyindəki qurumlara yönəlik qarşıya qoyulan tapşırıqları var. Bu istiqamətdə gərgin iş gedir və kifayət qədər də uğurlu nəticələri ortadadır. Misal üçün, suvarma sistemi aldığınız zaman ümumi məbləğin 40 faizini ödəmək kifayətdir. Digər 40 faizini isə subsidiya, 20 faizinə isə faizsiz kreditlə sahib olmaq mümkündür. Əkin, taxıl sahələrinə torpağa görə fermer kartları paylanır, gübrəsini, dərmanını almaq üçün dövlət tərəfindən dəstək göstərilir. Bütün bunları nəzərə alaraq söyləmək olar ki, aqrar sektorda çalışmaq üçün əlverişli şərait yaranıb. Problemimiz nədir? Sudan düzgün, səmərəli istifadə etməmək. Bəzi fermerlər adi arxla sudan istifadə edirlər. Bu məhsuldarlığı ciddi artırmır, lakin suyun israf olunmasına səbəb olur. Elə suvarma sistemləri var ki, sahibkarlar onlardan istifadə edirlər və nəticədə məhsuldarlığı dəfələrlə artırmış olurlar.

– Aqrar sektorundan əsas problemlərindən biri də maariflənmə səviyyəsinin aşağı olması ilə bağlıdır. Sizcə, bunu necə tənzimləmək olar?

– Təbii ki, hər bir şirkət istəyər ki, daha çox gəlir əldə etsin. Lakin gələcəyə investisiya qoymadan bir çox hallarda bu mümkün olmur. Bəzi işbazlar isə fermerlərə olduqca baha qiymətə məhsullar təklif edirlər. Fermerlər məcbur qalaraq, 40 manatlıq məhsulu 100 manata əldə edir. Aqrar sektorda əlçatanlığı təmin etmək üçün fermerlərin ilkin satış mənbələrinə çıxış əldə etməsi vacib məqamdır. Kənd Təsərrüfatı Nazirliyi bu istiqamətdə KİV-lərdə təbliğat aparsa da, hesab edirəm ki, bu yetərli səviyyədə deyil.

– Hər hansı parfüm və ya kosmetik markanı tanıtmaq daha asandır, nəinki aqrar məhsulu. Çətindir, amma mümkündür. Ancaq necə: təklifləriniz?

– O iddialarla razı deyiləm ki, parfüm və ya kosmetik məhsullara daha çox tələb var, nəinki aqrar məhsullara. Kənd təsərrüfatı məhsullarına tələb daha yüksəkdir və istehlakçıların qida rasionunda əhəmiyyətli yer tutur. Son dövrlər çoxalan xəstəliklər, ekoloji şəraitin pisləşməsi bu məhsullara tələbatı daha da artırıb. Sadəcə marketinq vərdişləri baxımından müəyyən problemlər mövcuddur. Bu da qeyd etdiyim kimi, maariflənmə işlərinin aparılmasından, fermerlərin özəl sektorda iştirakçılıq payını artırmaqdan keçir.

– Neft-qaz sektoru yaxın tarixdə bir neçə dəfə tənəzzülün astanasında olub. Bu həm də beynəlxalq münasibətlər sistemində bir “silahdır”. Qeyri-neft sektorunun inkişafı nədən başlayır?

– Müasir dövrün trendi texnologiya sahəsidir ki, əsas diqqət də buna ayrılmalıdır. Bizim çox güclü İT mütəxəssislərimiz gedib “Google”da, “Facebook”da və s. beynəlxalq korporasiyalarda işləyir və bu barədə mətbuatdan və sosial şəbəkələrdən vaxtaşırı məlumatlar əldə edirik. Bunlar Azərbaycanın düşünən beyinləridir və məhz ölkəmizdə qalmaları üçün müvafiq şərait yaradılmaldır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi buna məsuldur və rəqəmsal mütəxəssislərimizin Azərbaycanda qalmasını təşviq edəcək effektiv addımlar atılmalıdır. Qeyri-neft sektorunu inkişaf etdirmək üçün yerli istehsalı, o cümlədən aqrar sektoru inkişaf etdirmək də vacib istiqamətlərdəndir.

– Rəqəmsal alətləri inkişaf etdirmədən, müasir trendlərlə ayaqlaşmadan uğur mümkün deyil deyirlər. Sizin şirkətlərdə bu məsələlər necə həll olunur?

– Bizim hazırda üç ofisimiz, 20 işçimiz var. Daha çox Bakı-Abşeron ərazisində xidmət göstəririk.Regionlara da xüsusi diqqət ayırırıq. Düzdür, rayonlarda ofislərimiz yoxdur. Çünki hazırda buna ehtiyac da yoxdur. Çünki onlayn şəraitdə biz ofis saxlamadan da işimizi peşəkar səviyyədə icra edə bilirik. Məsələn, bir əlçatan və şəffaf proqramımız var, onlayn serverdə Amerikada oturub istənilən şəxs dövriyyəsinə, uçotuna baxa, nəzarət edə bilir. Fəaliyyət sahəmizi genişləndirməyi də düşünürük. Partnyorlarımız əsasən biz mikro , kiçik, orta sahibkarlıq subyektləridir. Gələcək planlarımızda isə iri sahibkarlıq subyektləri ilə də birgə fəaliyyəti nəzərdə tuturuq. Eyni zamanda mühasibatlıq, maliyyə ilə bağlı sosial şəbəkələrdə maarifləndirici paylaşımlar edirik. Şirkətin rəhbəri olaraq dəfələrlə sahibkarlıqla bağlı təlimlərdə təlimçi və moderator qismində iştirak etmişəm. Hər bir müştəriyə fərdi yanaşaraq, fəaliyyətimizi onların istək və tələblərinə uyğunlaşdırırıq. Və inanırıq ki, qarşıda görəcəyimiz işlər hələ çoxdur və əsas hədəfimiz Azərbaycanın bir nömrəli maliyyə və mühasibat şirkətinə çevrilməkdir.

// SOSİUM.az

  •  (0)
  •  (0)